Millət vəkili Gövhər Baxşəliyeva parlamentin srağagünkü iclasında xalqımızın taleyində müstəsna əməyi olan insanların təhqir olunmaması üçün qanun layihəsinin qəbul edilməsini təklif edib. Tarixi şəxsiyyətlərin təhqir olunmasının qarşısını almaq üçün belə bir qanunun qəbulunu zəruri hesab edən xanım millət vəkilinin sözlərinə görə, fəaliyyətdə olan prezidenti təhqir etmək məsələsini də bura daxil etmək olar.
Millət vəkili, professor Musa Qasımlı isə hesab edir ki, bu gün prezidentin təhqir edilməsini qadağan edən qanunun qəbulu daha zəruridir: "Hesab edirəm ki, Azərbaycan dövlət başçısının şərəf və ləyaqətinin qorunması, təhqir olunmaması ilə bağlı bir qanun layihəsinin işlənib hazırlanmasına ehtiyac var. Bu qanun layihəsi həm də ölkə başçısının ailə üzvlərinə şamil edilə bilər. Biz dövlətik, dövlət rəhbəri də qanunla qorunmalıdır. Odur ki, belə bir qanunun qəbul olunmasına ehtiyac duyuram. Tarixi şəxsiyyətlərin təhqir olunmasının qarşısını almaq üçün qanun hazırlanmasına gəldikdə isə hesab edirəm ki, bəlkə də buna lüzum yoxdur”.
Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə tarixi şəxsiyyətlərin təhqir olunmasının qarşısını almaq üçün xüsusi bir qanunun qəbuluna ehtiyac duymadığını deyib. KAXCP sədrinin sözlərinə görə, indiki situasiyada belə bir qanunun qəbuluna, yaxud da qanunla bağlı layihənin hazırlanmasına ehtiyac yoxdur: "Bəlkə də, haçansa Azərbaycanda tarixi şəxsiyyətlərin təhqir olunmaması üçün qanun layihəsinin hazırlanmasına ehtiyac olacaq. Amma indi bu qanunun qəbulu o qədər də aktuallıq kəsb edən məsələ deyil”.
Millət vəkili Aqil Abbas da hesab edir ki, tarixi şəxsiyyətləri qorumaq lazımdır. Belə bir qanunun Türkiyədə olduğunu xatırladan deputat qeyd edib: "Amma hazırda Türkiyə parlamenti bu qanunu qüvvədən salmağa çalışır. Əslində qüvvədən də salıblar. Fikir versək görərik ki, Türkiyədə artıq əvvəlki illərə nisbətən Mustafa Kamal Atatürk və digər şəxsiyyətlər daha çox tənqid, bəzən təhqir olunurlar. Ümumiyyətlə, tarixi şəxsiyyətləri qorumaq, onların təhqir olunmasının qarşısını almaq lazımdır. Əgər hər yerindən duran tarixi şəxsiyyətləri söysə, onları tənqid etsə, onda bunun sonu necə olar? Xalqın, millətin həyatında rol oynayan hər bir şəxsiyyət dövlət, qanunlar səviyyəsində qorunub saxlanılmalıdır”.
A.Abbas əlavə edib ki, lakin bu məsələ tam qanunlarla tənzimlənən məsələ deyil: "Biz gərək özümüzə, öz tarixi şəxsiyyətlərimizə hörmət edək, onları qoruyaq. Hər halda qanun da bu istiqamətdə bizlərə köməklik etmiş olacaq. Lap qədimi demirəm, müasir tarixi şəxsiyyətlərimiz olan Məmməd Əmin Rəsulzadəyə, Əbülfəz Elçibəyə, Heydər Əliyevə hörmət etmək, onların adlarının qorunub saxlanılması üçün mübarizə aparmalıyıq. İmkan verməməliyik ki, hər yerindən duran bu şəxsiyyətlər haqda nə gəldi danışsın”.