Ölkəmizdə keçiriləcək prezident seçkilərinə 10 gündən də az vaxt qalıb. Sentyabrın 16-dan etibarən qeydə alınmış namizədlərin radio, çap və internet media və televiziyada təbliğat-təşviqat kampaniyasına start verilib. Hətta qeydə alınmış namizədlər yerlərdə seçicilərlə görüşlər və ya mitinqlər həyata keçirirlər.
Bu baxımdan bəzi siyasilər seçkiöncəsi ölkədə müəyyən canlanmanın müşahidə olunduğunu iddia edir. Amma bunun əksini düşünənlər də az deyil. Belə ki, seçkiöncəsi süstlüyün hökm sürdüyünü bildirənlər də var. Seçkiqabağı ölkədə baş verən prosesləri "Şərq”ə şərh edən gənc fəal Bəxtiyar Hacıyev də bu cür düşünür.
- Sizdə bu inamsızlıq və ümidsizliyin səbəbi nədir?
- Səbəbi çoxdur. İlk növbədə qeyd edim ki, namizədlərə qeyri-bərabər şərait yaradılıb. Düzdür, onlara teleməkanlarda çıxış və şəhər mərkəzində seçicilərlə görüşmək üçün müəyyən şəraitlər yaradılır. Amma unutmalı deyilik ki, 2013-cü ilin başlanğıcından günümüzə qədər cəmiyyətdə fəallığı artıra biləcək insanlar bu və ya digər formada susdurulublar. Belə olan halda builki seçkilərin şəffaf və demokratik şəkildə reallaşacağı inandırıcı görünmür.
- Belə aydın olur ki, bu il də seçkiyə qatılacaq elektoratların sayı az olacaq....
- Cəmiyyətin böyük bir hissəsi seçkilərə olan ümidlərini itirib. Seçki ilə bağlı əvvəlki illərdə baş verən hadisələr əhalinin seçkiyə etimadını azaldıb. İnsanlar səslərinin nəyisə dəyişəcəyinə ümid etmirlər. Ona görə Azərbaycan cəmiyyətində əhalinin böyük əksəriyyəti seçkilərə və seçkilərin nəyisə dəyişəcəyinə inanmır.
- Qeydə alınmış namizədlərin öz "facebook” səhifənizdə təbliğatının aparılması məsələsini gündəmə gətirmişdiniz. Bununla bağlı sizə hansısa namizəd müraciət edibmi?
- Əslində, bu təklifi irəli sürməklə Mərkəzi Seçki Komissiyasının diqqətini bir neçə məsələyə yönəltmək istəyirdim. Baxın, rəsmi təbliğat üçün MSK-ya müraciət edən qəzetlərin saytlarındakı xəbərlər 50-60 dəfə oxunur. Amma onlar özlərini ən ciddi KİV hesab edirlər. Bu baxımdan MSK qarşısında belə bir məsələ qaldırdım ki, min dəfələrlə oxunan "facebook” səhifələri nədən KİV sayılmalı və ödənişli təşviqata qoşulmalı deyil? MSK-ya müraciət etməkdə məqsədim o deyildi ki, "facebook” səhifəmdə hansısa namizədin təbliğatını aparım. Müraciətin məqsədi o idi ki, "facebook”da KİV-in bir qolu olduğunu sübut edim. Eyni zamanda məqsədimiz namizədlərin diqqətini "facebook”a və digər sosial şəbəkələrə cəlb etmək idi. Bununla namizədlərin nəzərinə çatdırdım ki, yalnız qəzetlərdə deyil, sosial şəbəkələrdə də təbliğat aparmaq mümkündür.
- Sosial şəbəkədə aparılan təbliğat hər hansı bir çap mediasında aparılan təbliğatdan üstünlüyünü necə izah edərsiniz. Axı, sosial şəbəkədə yazılanlar, jurnalistikanın "qızıl qanunları” ilə bir araya gəlmir...
- Sosial şəbəkələrin ənənəvi mediadan fərqi odur ki, hansısa çap mediada aparılan təbliğatda namizəd cəmiyyətin onun haqqında nə düşündüyünü bilmir. Sosial şəbəkələrdə təbliğat zamanı ictimaiyyət nümayəndələri həmin namizədlə bağlı şərhlər yazırlar. Bununla da namizəd haqqında ictimai rəyi öyrənmək olur. Sosial şəbəkələrdə namizədlərin təşviqat materialına olan reaksiyaları görmək mümkündür.
- Qeydə alınmış namizədlərin 6-cı debatı sona çatıb. Debatlarda baş verən prosesləri necə dəyərləndirirsiniz?
- Debatları müsbət dəyərləndirmirəm. Zənn edirəm ki, müzakirələr zamanı təhqiramiz ifadələrə yol verilməli deyil. Yalnız Ümid Partiyasının sədri İqbal Ağazadənin çıxışını prezidentliyə namizədin çıxışı kimi qəbul edirəm. İ.Ağazadə cəmiyyətdəki mövcud problemləri sadalayır. Dərhal da problemlərlə əlaqədar özünün platformasını açıqlayır. Digər namizədlərin provakasiyalarına qoşulmur.
- Namizədlərdən bəziləri yerlərdə seçicilərlə görüşlər keçirirlər, əhali ilə təmas qururlar və aksiyalar keçirirlər. Bu proseslərin gedişini necə dəyərləndirirsinriz?
- Aksiyaların keçirilməsi normal və təbii haldır. Seçicilərlə görüş, mitinq, piket seçki təbliğatının və təşviqatının bir hissəsidir. Bunu normal hesab edirəm.