Hamının himni bilməsi çox yaxşıdır

Amma bilməyənə sanksiya tətbiq etmək, onu “himn oxumadı” deyə cərimələmək çox yanlışdır



Parlamentin payız sessiyasında cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkili Elman Məmmədov dövlət əhəmiyyətli təbirlərdə himnimizin oxunması məsələsinə toxunub. E.Məmmədov deyib ki, bu tədbirlərdə iştirakçıların bəziləri dövlət himnimizi oxuyur, bəziləri isə oxumur: "Parlamentdə hüquqşünaslarımız var. İstəyirəm bu sualı cavablandırsınlar ki, belə tədbirlərdə istənilən şəxs dövlət himnini oxuya, istənilən şəxs oxumaya bilərmi?”.

VHP sədri, deputat Sabir Rüstəmxanlı da dövlət tədbirlərində himnin oxunması sahəsindəki problemlərdən danışıb: "Dünyanın hər yerində himni oxuyurlar. Bu himn 20 il əvvəl qadın səsi ilə yazılıb. Niyə qadın səsi ilə oxunmalıdır, kişi səsi ilə yox?”. Amma bu məsələdə deputatlarla hüquqşünasların fikirləri birmənalı deyil.

"Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev deyir ki, hər bir Azərbaycan vətəndaşının dövlətin atributu olan himni bilməsi və söyləməsi çox yaxşıdır. Çünki bu, ən azından hər kəsin mənəvi borcudur. Əgər ölkəmizdə yaşayan insanlar özlərini həqiqətən Azərbaycan vətəndaşı hesab edirsə, rəmzlərə hörmətlə yanaşmalıdır. Ancaq bunu mütləq şəkildə insanlar üzərinə qanuni bir vəzifə kimi qoymaq düzgün deyil: "Yəni buna görə kiməsə sanksiya tətbiq etmək, onu "himn oxumadı” deyə cərimələmək çox yanlışdır. Burada ictimai qınaq daha vacib məsələdir, nəinki bunu sanksiyalaşdırmaq. Bir də istənilən ölkədə, istənilən cəmiyyətdə bütün vətəndaşların himni əzbərləməsi mümkün deyil. Elə adamlar var ki, himni bilmirlər və heç öyrənmək də istəmirlər. Yaxud da onların nəsə öyrənməyə fiziki və psixoloji imkanları çatmır, intellektual səviyyələri kifayət etmir. Ona görə də bu barədə konkret qanun müəyyənləşdirmək demokratik hüquqi prinsiplərə ziddir”.

Ekspertin fikrincə, könüllü olaraq hər kəsin himnə hörmətlə yanaşması üçün bir sıra maarifləndirici üsullardan istifadə etmək lazımdır: "Arzuolunan odur ki, himnimiz səslənəndə onu daha çox insan oxusun. Bu olduqca vacib məsələdir. Amma buna nail olmaq üçün ictimai maarifləndirməni gücləndirmək və genişləndirmək zəruridir. İnsanlara təlqin etməliyik ki, dövlətin rəmzlərinə hörmət bizlərin vətəndaşlıq borcudur. Bu işə orta məktəblərdən başlamalıyıq. İlk dərslər dövlət atributlarının öyrədilməsi ilə açılmalıdır. Şagirdlərə xor şəkildə himn oxutdurulmalıdır. Yəni bu həvəs və istək aşağı siniflərdən uşaqlarımıza aşılanmalıdır. Hətta deyərdim ki, uşaq bağçalarından körpələrimizə himni öyrətməliyik. Bax bu halda gələcəkdə himnin kütləvi oxunmasına nail ola bilərik. Mən daha çox bunun tərəfdarıyam, nəinki burda hansısa məcburi xarakterli önləm almağın”.

Ə.Nuriyevin sözlərinə görə, tədbirdə kimin himn oxuyub, kimin oxumadığını müəyyənləşdirmək də mümkün deyil: "Haradan biləcəksən ki, yüzlərlə insan arasında kim oxudu, kim oxumadı. Yəni bu, qeyri-ciddi bir məsələ olardı. Xüsusilə də yaşlı insanlara "sən niyə himn oxumursan” deyə irad tutmaq zənnimcə, qeyri-əxlaqi olar. Himn oxumaq tamamilə mənəvi məsələdir. Oxumamağın cəzası da ictimai qınaq olmalıdır. Belə hallarda məcburiyyət ola bilməz. Çünki kimisə mənəvi borcunu yerinə yetirmədiyi üçün cəzalandırmaq hüquqi dövlət prinsiplərinə uyğun deyil. Dövlət atributlarına sayğı və hörmət sevgidən irəli gəlməlidir. Himni bilənlərin 99 faizi bu ölkəni çox sevir. Sevgidə də məcburiyyət olmur”.

Hüquqşünas qeyd edir ki, çox adam himni bilir, amma oxumur. Ancaq onları oxumağa məcbur etmək də olmaz: "Məsələn, dövlət orqanlarının rəhbərləri və dövlət qulluqçuları üçün himni bilmək çox vacibdir. Bəlkə də dövlət qulluğuna keçirilən imtahanlarda bu məsələ ilə bağlı bir şərt var. Amma yenə deyirəm, bunu hamı üçün qanunla icbariləşdirmək əhəmiyyətsizdir. Dünya təcrübəsində də belə şey yoxdur. ABŞ öz vətəndaşına mütləq şəkildə demir ki, sən dövlət himnini oxumalısan, yoxsa səni həbs edəcəyik və ya cərimələyəcəyik. Axı ölkə vətəndaşı müxtəlif millətin nümayəndəsi də ola bilər. Əgər himni oxumaq istəmirsə, onu nəyə əsasən məcbur edə bilər?”.