Azərbaycanda beş və beşdən artıq uşağı olan analara sosial müavinət ayrılacaq. Milli Məclisin Sosial siyasət komitəsinin bazar ertəsi keçirilən iclasında "Sosial müavinətlər haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.
Layihə barədə məlumat verən, sözügedən komitənin sədri, millət vəkili Hadi Rəcəblinin sözlərinə görə, qanuna "beş və beşdən çox uşağı olan qadına müavinət” adlı maddə əlavə olunur. Qanuna edilən digər əlavədə isə yuxarıdakı əlavənin davamı olaraq izah olunur ki, "beşdən çox uşağı olan qadınlara müavinət - beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda verilir. Eyni zamanda, əlavələr layihəsində bildirilir ki, beşdən çox uşağı olan qadınlara müavinət uşağın 18 yaşı tamam olana qədər verilir. Bildirilib ki, müavinətin miqdarını müvafiq icra hakimiyyəti təyin edəcək. Qeyd edək ki, layihə Parlamentin plenar iclasına tövsiyə olunub.
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, istənilən halda "Sosial müavinətlər haqqında” qanuna edilən əlavə və dəyişikliklər, müsbət təsirə malik olacaq. Bununla belə, hüquq müdafiəçisi hesab edir ki, problem təkcə beş və beşdən çox uşağı olan analara müavinət verməklə bitmir. M.Zeynalovanın sözlərinə görə, beş uşaqlı anaların evlə təminat məsələsi də öz həllini tapmalıdır.
Birlik rəhbəri deyib ki, "Sosial müavinətlər haqqında” qanuna edilən əlavə və dəyişikliklərin nə dərəcədə effektli olması onun məbləğindən asılıdır:
"Beş uşaqlı analara ödənəcək müavinətin dəqiq məbləğini bilmədiyim üçün dəqiq heç nə deyə bilmərəm. Ümidvaram ki, həmin müavinət uşaqların minimal səviyyədə yaşamını təmin edəcək miqdardadır”.
Məlum layihənin çoxuşaqlı ailələri stimullaşdıracağını vurğulayan M.Zeynalovanın sözlərinə görə, məhz maddi çatışmazlıqlar üzündən bu gün qadınlar 2, maksimum 3 uşaq dünyaya gətirir. Ailədə uşaq böyütmək elə də asan məsələ deyil. Əgər biz vətəndaş yetişdirmək istəyiriksə, körpəliyindən həmin uşağın tələblərini ödəməliyik. Ən azından hər bir uşağın minimal xərclərlə təminatına ehtiyac var. "Təmiz Dünya”nın sədri onu da qeyd edib ki, beş uşaqlı analara müavinətlə yanaşı, uşaqların tibbi sığorta məsələsi də öz həllini tapmalıdır. Bu istiqamətdə Rusiya təcrübəsini xatırladan hüquq müdafiəçisi bildirib ki, orada həkimlər uşaqların tibbi müayinəsi üçün evlərə gəlir və bu müalicə pulsuz aparılır. Azərbaycan ailələrinin uşağa meyilli olduğunu vurğulayan M.Zeynalova bildirib ki, sadəcə maddi çatışmazlıqlar ucbatından ailələr çox uşaqdan imtina etmək zorunda qalır: "Qadın təhsil, tibbi və asudə vaxt xərclərindən ehtiyatlandığı üçün 3-dən artıq uşaq dünyaya gətirmək istəmir. Bu gün hər bir uşağın təhsil, asudə vaxt və digər ehtiyacları üçün minimal məbləğ 40 manatdır. Hesab edirəm ki, dövlət beş və beşdən artıq uşağı olan analar üçün bu qədər və ya buna yaxın bir məbləğ müəyyənləşdirsə, müəyyən effekt əldə etmək olar”.