Qaratel anıldı

Şəhid xanım Qaratel Hacımahmudovanın 65 illik yubileyi keçirildi

Bu günlərdə Azərbaycan Dövlət İqtisad Universitetində tələbə, müəllim və bir sıra ictimai-siyasi xadimlərin iştirakı ilə tədbir keçirilib. Toplantı, ölümündən sonra Respublika Prezidentinin fərmanı ilə "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş xanım qəhrəman Qaratel Hacımahmudovanın 65 illik yubileyinə həsr olunub. Q.Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub.

Bakı Ticarət Texnikumunu və İqtisad Universitetini (Dövlət Xalq Təsərrüfatı İnstitutu) bitirən xanım döyüşçü Azərbaycan Neft Kəşfiyyatı İdarəsində çalışıb. 1991-ci ildə Qazaxa qayıdaraq doğma kəndinin cavanlarından ibarət könüllü özünümüdafiə batalyonuna qoşulub. 1992-ci ilin 14 iyununda Aşağı Əskipara kəndinin işğalı zamanı düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içdikdən sonra güllə ilə özünü vurub. Mərasimə ADİU-nin ictimaiyyətlə əlaqələr və tələbələrlə iş üzrə prorektoru Zəfər Bayramov, Milli Məclisin deputatı Qənirə Paşayeva, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov və Aşağı Əskipara kəndindən olan şair Məmməd Əfşan qatılıblar. Toplantı Z.Bayramovun giriş sözləri ilə başlanıb. Z.Bayramov Q.Hacımahmudovanın çox mərd, ədalətli, humanist və məharətli xanım olduğunu bildirib: "Qaratel o vaxtlar ADİU-ə (Dövlət Xalq Təsərrüfatı İnstitutu) 1970-ci ildə qəbul olunub. İnstitutu 1975-ci ildə başa vurub. Onun mərdliyi, cəsarəti, millətinə olan sevgisi və vətənpərvərliyi elə o vaxtlardan özünü aydın şəkildə büruzə verirdi. Sözsüz ki, tələbə yoldaşlarından intellekt baxımdan da seçilirdi. Çox istedadlı, çalışqan və səriştəli xanım idi. Elə hazırda da Qarateli nəinki xanım tələbələrə, oğlanlara da örnək kimi göstəririk. Belə xanımlarımızla həmişə qürur duymuşuq və elə indi də fəxr edirik”.

Tədbir sonra "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı tərəfindən davam etdirilib. A.Aşırlı, Qazaxın 7 kəndinin işğal altında olduğunu vurğulayıb və 1992-ci ildə Aşağı və Yuxarı Əskipara kəndlərinin erməni silahlıları tərəfindən zəbt olunmasına toxunub. Qazaxın bu illər ərzində 3 minə yaxın şəhid verdiyini söyləyən A.Aşırlı deyib ki, bu şəhidlərdən biri də Qaratel xanımdır: "Q.Hacımahmudovanın şəhid olması Azərbaycanı ayağa qaldırdı, qız-gəlinlər döyüşən orduya qatıldı. Qaratel qəhrəmanlıq rəmzinə çevrildi”.

Millət vəkili Qənirə Paşayeva da müəyyən təkliflərlə çıxış edib. Xanım deputat qeyd edib ki, Q.Hacımahmudovanın xatirəsinin əbədiləşməsi və Azərbaycan cəmiyyətində qəhrəman qadın kimi tanınması üçün bölgələrdə müəyyən təbliğatlar aparılmalıdır: "Üstəlik, Q.Hacımahmudovanın təhsil aldığı Dövlət İqtisad Universitetində guşə yaradılmalı və onun abidəsi ucaldılmalıdır”.

Xanım qəhrəmanın tağım komandiri Yaşar Qasımov onun qüdrətli və qorxmaz qadın olduğunu söyləyib: "Qarateldən danışanda həyəcanlanmamaq olmur. Elə indi də həyəcanlıyam. Qəhrəman necə yaranır? Kimsə ölümün gözünə dik baxa bilirsə, deməli, həmin şəxsdən qəhrəman ola bilər. Belə mərd insanlardan biri də Qaratel idi. O, ölümündən qorxmurdu. Bir epizodu nəzərinizə çatdırmaq istəyirəm. 1992-ci il idi. Mənfur düşmənlərimiz mövqelərimizə hücum etdilər. Döyüşlərdə əl qumbaralarına ehtiyac duyuldu. Bizdə bu silahlar yox idi. Silahı gətirmək üçün özünü güllənin qabağına vermək lazım gəlirdi. Əks təqdirdə, həmin silahları əldə etmək mümkünsüz idi. Müəyyən müddətdən sonra Qaratelin həmin silahları gətirməsinin şahidi oldum. Gördüklərimə inana bilmirdim. Bir qadının bu cür mərd və cəsarətli davranış nümayiş etdirməsi məni çox heyrətləndirdi. Daha sonra Qaratelin gətirdiyi əl qumbaraları ilə düşmən üzərinə hücuma keçdik. Nəticədə mənfur və azğın düşmənlərimiz geri çəkildilər. Həmin an hamı sevinirdi. Amma Qaratel daha çox sevinirdi. Çünki silahları o gətirmişdi. Onun sevinci indi də gözümün önündədir. Qaratelin göstərdiyi əzmkarlığı heç bir zaman unutmayacam. Onun timsalında düşünürəm ki, Azərbaycanın mərd və qəhrəman xanımları keçmişdə də olub, bu gün də var, gələcəkdə də olacaq”.

Xanım qəhrəmanın qardaşı Hümbət İsmayılov isə Qaratel haqqında danışmağın çox çətin hiss olduğunu söyləyib: "Tarixən belə olub ki, həmişə bacılar şəhid qardaşlar haqqında müəyyən çıxışlar edirlər. Amma qismət elə gətirib ki, bacım mənim deyil, mən bacımın qəhrəmanlığından danışıram. Bu anı yaşamaq çox çətindir. Eyni zamanda qürurvericidir”.

Qaratelin meydan hərəkatındakı fəaliyyətindən və xidmətlərindən söz açan Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin İdarə Heyətinin üzvü Nabat Qəniyeva xanım döyüşçüyə Milli Qəhrəman adı verilməsi təşəbbüsünü irəli sürüb.

Qarabağ döyüşlərində batalyon komandirinin müavini Aida Şirinova isə Qaratelin Azərbaycan xalqının qəhrəman qadın nümunəsi olduğunu vurğulayıb: "Kişinin şəhid olması qəhrəmanlıq sayılırsa, qadının şəhid olması üç qat qəhrəmanlıqdır. Həmin dönəmdə vətənini canından və qanından çox sevən insanların hamısı müharibəyə yollanırdı. Qaratel də elə onların içərisində idi. O sübut etdi ki, qadınlar heç də kişilərdən geri qalmırlar. Düzdür, hazırda da qadının müharibəyə getməsini düzgün saymayanlar mövcuddur. Amma bu, doğru yanaşma deyil. Ümumiyyətlə, Azərbaycan tarixini oxuyanda düşünürdüm ki, necə olur ki, Fransanın Jana Dark, qardaş Türkiyənin Qara Fatimə kimi qadın qəhrəmanları var, Azərbaycanda belə qəhrəmanlar yoxdur. Qeyd edim ki, Qaratel adıçəkilən tarixi şəxsiyyətlərdən heç də geri qalmır”.

Şair Məmməd İlqarın xanım qəhrəmana həsr etdiyi "Qaratel” poemasının təqdimatı da keçirilib. Qiraətçi Həlimət Sultan poemanın əsasında hazırladığı musiqili bədii kompozisiyanı təqdim edib.

Rejissor Kəmalə Musazadənin 1992-ci ildə Qazaxda gedən müharibə ilə bağlı foto və kitab sərgisi də nümayiş olunub. Sərgidə Qaratelin həyatını, Aşağı Əskipara, Yuxarı Əskipara, Quşçu Ayrım, Məzəm və Fərəhli kəndlərindəki müharibədə döyüşən əsgərlərin və Aşağı Əskipara kəndinin işğaldan öncə və sonrakı şəkilləri sərgilənib. Sonda 2009-cu ildə K.Musazədənin çəkdiyi "Qaratel” sənədli filmi nümayiş olunub. Filmdə xanım döyüşçünün həyat yolundan və döyüşdə göstərdiyi qəhrəmanlığından bəhs olunub.