Dünən Müşviqabad qəsəbəsində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Şamaxı magistral avtomobil yolunun 22-ci kilometrliyində qeydə alınıb. 99 - CK- 245 dövlət qeydiyyat nişanlı "Ford Tranzit” markalı mikro avtobus yerüstü körpünün dirəyinə çırpılıb. Hadisə nəticəsində mikro avtobus da olan 4 nəfər yaralanıb, bir nəfər ölüb. Minik avtomobili deformasiyaya uğrayıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi alət və avadanlıqlar vasitəsilə "Ford Tranzit” markalı mikro avtobusda sıxılmış vəziyyətdə qalan cəsədi çıxarıblar. Hadisə şahidlərinin bildirdiyinə görə, yaralılar vətəndaşlar tərəfindən çıxarılaraq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. APA TV-nin xəbərinə görə, qəza nəticəsində mikro-avtobus yararsız vəziyyətə düşüb.