Soyad sonluqlarının milliləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Hələlik qanun qəbul edilməsə də, millət vəkili Sabir Rüstəmxanlı məsələnin aktuallığını önə çəkərək bildirib ki, 20 ildən çoxdur dövlətimiz müstəqilliyini qazanıb. Biz soyadlarımızın sonunda hələ də dəyişiklik edə bilmirik. S.Rüstəmxanlı onu da deyib ki, bu gün yeni doğulan uşaqların soyad sonluqlarını "-ov”, "-yev”lə yazdırırlar. Hesab edirəm ki, bunun qarşısı alınmalıdır. Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri, millət vəkili, akademik Nizami Cəfərovun qənaətincə isə, soyad sonluqlarının dəyişdirilməsi prosesi kifayət qədər mürəkkəb və cəmiyyətə aid olan bir məsələdir. Ona görə də bu məsələnin tez bir zamanda həllini tapması elə də asan deyil: "Bilirsiniz ki, soyad sonluqlarının dəyişdirilməsi ideyası yalnız Azərbaycan respublikasının vətəndaşları yox, dünya azərbaycanlılarına aiddir. Ancaq bu zaman biz bir millət olaraq milli soyadlarımıza qayıda bilərik”. Bu istiqamətdə çox böyük işlərin görüldüyünü vurğulayan millət vəkili deyib ki, məsələnin akademik tərəfində heç bir çatışmazlıq yoxdur. Hətta Komissiyanın tövsiyələrində vətəndaşlara milli soyadlar da təklif olunub. Nisbətən çətin olan hüquqi tərəfə gəldikdə isə N.Cəfərov bildirib ki, müəyyən prinsiplər var ki, işi qəlizləşdirir: "Soyadların dəyişdirilməsi ilə bağlı hər hansı qanun və ya sərəncam verildiyi təqdirdə bu proses könüllü olacaq. "-Ov”, "-yev” sonluqlarından imtina edən şəxslər zəruri sənədləri təqdim etməklə öz soyadını milliləşdirə bilər. Hətta bu indi də mümkündür. Doğrudur, bəzən soyad sonluğunu dəyişdirmək istəyən vətəndaşlara müəyyən bürokratik əngəllər yaradılır, bu işlə məşğul olan orqan soyad dəyişikliyi üçün müəyyən sənədlər tələb edir və sənədlərin çoxluğu bəzən vətəndaşları soyad sonluqlarını dəyişməkdən yayındırır. Sözsüz ki, bəzən ehtiyac olmayan sənədlər də tələb olunur. Amma müəyyən zəruri sənədlər var ki, soyadını dəyişən şəxs mütləq onu aidiyyəti orqana təqdim etməlidir. Hər bir vətəndaşın müəyyən öhdəlikləri var. Banklardan başlamış, ta hüquq-mühafizə orqanlarına qədər. Bu baxımdan yaşlı adam üçün soyad dəyişmək əlbəttə ki, çətin olacaq. Çünki bu şəxsin şəxsiyyət vəsiqəsində interpol məlumatlarından tutmuş kənd icra hakimiyyətindəki fəaliyyətinə qədər informasiya bazası saxlanılmış olur. Bəlkə həmin şəxsin adı nə vaxtsa məhkəmədə, ya polisdə hallanıb. Buna görə soyad dəyişikliyi zamanı həmin qurumlara da müraciət etmək lazım olur. Qanun pozuntularının qarşısının alınması üçün həmin qurumlardan hər kəs icazə sənədi almalıdır”.
Ancaq tövsiyələrdə nəzərdə tutulub ki, milli soyadlar məsələsi daha çox yeni doğulan uşaqlara aid olunacaq. Onlar dünyaya yeni gəldikləri üçün heç bir öhdəlikləri yoxdur”.
Bütün bunlara rəğmən soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı cəmiyyətdə müəyyən irəliləyişlər olduğuna rəğmən millət vəkili soyad sonluqlarının dəyişdirilməsinin hələ də cəmiyyətdə birmənalı qarşılanmadığı qənaətindədir: "Bəzi ailələr var ki, öz soyad sonluğunu saxlamaqda israrlıdır, yəni milli soyadlardan imtina edir. Çox güman ki, qanunun qəbulundan sonra onların məsələləri də məhkəmələrdə öz həllini tapacaq. Sabir Rüstəmxanlı uzun illərdir ki, soyadların milliləşdirilməsi məsələsini qaldırır. Bu istiqamətdə o lap əvvəllərdən stabil bir mövqeyi olan bir insandır. Ancaq elə adamlar da var ki, eyni stabilliklə "-ov”, "-yev” soyadlarının saxlanılmasının tərəfdarıdırlar. Bu baxımdan soyadların dəyişdirilməsi məsələsini elə həll eləmək lazımdır ki, sabahları hansısa bir ağzıgöyçək çıxıb deməsin ki, Azərbaycanda demokratiya pozulub. Hər kəsin haqqıdır ki, israrla dədə-babasının soyadını saxlamaq istəsin. Şıxlinski, Bakinski, Dilbaz kimi soyad sonluqları ilə gedən nəslin nümayəndələri, həmçinin Bakıxanovlar, Şuşinskilər soyad dəyişməsinə çox həssas yanaşırlar. Halbuki tövsiyələrdə bu cür narazılıqlar öz əksini tapmayıb. Sadəcə etirazı olanlar məhkəmələrə müraciət edərək öz soyadlarını saxlaya bilərlər. Hər halda onların tarixə həssaslığına qeyri-ciddi yanaşmaq düzgün deyil.
Akademikin sözlərinə görə, açıq qalan bu kimi məsələlərlə yanaşı, cəmiyyətin dərk elədiyi bir məsələ də var: "Bu gün 80 faizə qədər vətəndaşın soyad sonluğu "-ov”, "-yev”dir. Ancaq heç də inandırıcı deyil ki, bu, həmin insanların "-ov”, "-yev” sonluğuna məhəbbətinin göstəricisi olaraq qalıb. Xeyr, heç də belə deyil. Sadəcə həmin soyadlar mexaniki şəkildə qalıb. Bu səbəbdən də bu məsələ qanunla tənzimlənməlidir”. N.Cəfərovun sözlərinə görə, soyadların dəyişdirilməsi yalnız sonluqlarla bağlı deyil. O bildirib ki, tövsiyə xarakterli layihənin tələblərinə görə ayrıca soyadın verilməsi üçün də şərait yaradılıb. Soyad kimi ata və ananın soyadı ilə yanaşı yeni, daha çox cəmiyyəti təmin edən soyadı təqdim edilə bilər. İkinci soyad kimi yer adı, baba adı da götürülə bilər. Təbii ki, Məmmədov soyadı daşıyan şəxs avtomatik olaraq Məmmədli gedəcək. Amma onun ixtiyarı var ki, özünə tamam başqa bir soyad götürsün. Hətta yer, nəsil, tayfa adı da soyad kimi götürülə bilər. Məsələn, qazaxlıdırsa, öz soyadını Qazaxlı kimi yazdıra bilər. Eyni zamanda, Qubalı, Gəncəli kimi soyadları da götürə bilər. Qısası, soyad dəyişimi zamanı vətəndaşlara xeyli sərbəstlik veriləcək.