236 binanın zirzəmisinə su dolması böyük rəqəmdir

Bu problemi yerli icra orqanları həll edə bilməz, hökumət işə qarışmalıdır



Bakıda 236-dan artıq binada su ilə dolu zirzəmi aşkarlanıb. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov ötən il bir sıra ərazilərdə zirzəmilərin məişət-çirkab və qarışıq qrunt suları ilə dolması barədə mərkəzə məlumat daxil edildiyini bildirib.

Bununla bağlı ötən ilin aprel-may aylarında müayinələrin keçirildiyini deyən Z.Kazımov, su nümunələrinin tədqiqatı nəticəsində zirzəmilərdə qrunt, bir qismində məişət çirkab suları
(kanalizasiya), digərlərində isə kommunikasiya xətlərinin nasaz olması səbəbindən məişət və qrunt sularının qarışığının aşkar olunduğunu söyləyib:

"Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə geniş arayış təqdim olunub. Su ilə dolu olan zirzəmilərə daha çox Qaradağ, Xətai, Nizami və Binəqədi rayonunda rast gəlinir”. Şöbə müdiri bildirib ki, son zamanlar iqlim dəyişikliyi ilə əlaqədar yağıntıların çox olması belə zirzəmilərin sayının artmasına gətirib çıxaracaq:

"Bizim tərəfimizdən lazımi sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edilir, bu məsələni qaldırırıq. Təbii ki, onlar da dərhal qabaqlayıcı tədbirlər həyata keçirməlidir. Əfsus ki, bu işlər həyata keçirilmir”.

Məlumdur ki, su insan həyatının vacib hissəsi olduğu üçün, çirkab və bakteriyalı sular ciddi problemlərin yaranmasına səbəb ola bilər. Maraqlıdır, bu problemlə bağlı müvafiq icra hakimiyyəti orqanları niyə biganəlik edirlər?

Məsələ ilə bağlı "Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev "Şərq”ə açıqlama verib. O, məsələnin həlli üçün icra orqanlarının fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu bildirib:

"236 çox böyük rəqəmdir. Bu artıq onu göstərir ki, acınacaqlı vəziyyət yaranıb. Bu, bir, ya da iki binanın problemi deyil. Minlərlə insanın taleyi həll olunur. Belə sular bakteriyaların çoxalmasına, xəstəliklərin ciddi problemlər yaratmasına səbəb ola bilər. Sovet dövründə tikilən binaların əksəriyyətində su kommunikasiyaları artıq sıradan çıxıb, vaxtı keçib və çürüməyə doğru gedir. Ona görə də, suaxmalar baş verir. Problemlə bağlı icra orqanlarına müraciət etmək məsələnin həlli deyil. Onların ciddi şəkildə bununla məşğul olmaq üçün büdcəsi yoxdur. Çünki bu prosesdə kəmərlərin dəyişməsi böyük vəsaitlərə bərabərdir. Hesab edirəm ki, bu məsələ Nazirlər Kabineti və hökumət səviyyəsində həll olunmalıdır. Artıq fövqəladə qərar lazımdı. Ona görə də, hökumətin işə qarışması vacibdir. Bunun üçün ciddi tədqiqatlar aparılmalı, büdcə müəyyən edilməli və plan hazırlanmalıdır. Yəni bu, kompleks şəkildə böyük bir layihədi. Yerli icra orqanları məsələni həll edə bilməyəcəklər. Çünki mümkün deyil. Bunu ancaq mərkəzləşmiş qaydada və dövlət səviyyəsində eləmək lazımdır”.

Yeganə Bayramova