Terrorçu necə ələ keçib?
SİM kartdakı bir nömrə gizlinləri üzə çıxardı
"Reina” klubunda qətliam törədən terrorçu Abdulkadir Maşaripovun hücumu reallaşdırmadan əvvəl əyləncə mərkəzi haqda bütün xırda detallara qədər araşdırma apardığı müəyyən edilib. Maşaripov "türkcəni az bilirəm” dediyinə görə, onun dindirilməsi rus dilində aparılıb. "Niyə kluba hücum etdin?” sualına terrorçu "onlar kafir olduğu üçün oraya hücum etdim” cavabını verib. "Nə üçün qapıdakı polisi öldürdün?” sualını isə "əvvəl polis mənə atəş açdı.
Onu öldürmədən içəriyə girə bilməzdim” şəklində cavablayıb. Terrorçu vurğulayıb ki, əvvəllər adını eşitdiyi "Reina”nın qarşısından saat 22 radələrində keçib: "Təhlükəsizlik tədbirlərinin zəif olduğunu gördüyüm üçün buranı uyğun hesab etdim və təsdiqləmək üçün Rakkaya bildirdim. Razılıq veriləndə isə qaldığım evdəki silahı götürərək "Reina”ya gəlib planımı reallaşdırdım”.
Terrorçunun qaldığı İŞİD düşərgəsində azərbaycanlılar da varmış
Abdulkadir Maşaripov barədə daha bir maraqlı detal üzə çıxıb. Terrorçunun azərbaycanlıların da yer aldığı İŞİD düşərgəsində təlim keçdiyi məlum olub. İŞİD Əfqanıstanda uyğur, özbək, qazax, qırğız, azərbaycanlı, türkmən və dağıstanlılar üçün "xüsusi birlik” yaradıb. Bildirilir ki, A.Maşaripov da bu düşərgədə xüsusi təlimlər aldıqdan sonra İran ərazisindən Türkiyəyə göndərilib. Əməliyyat haqqında bir detal da məlum olub. Polis İdarəsindən verilən açıqlamaya görə, "Reina” klubunda şəhid edilən Burak Yıldızın polis qardaşı da evə basqın zamanı əməliyyatçıların arasında olub.
Terrorçunun yaxalanmasına arvadının sözləri səbəb olub
Terrorçunun "Reina”da izi itirmək üçün çıxardığı gödəkçəsinin cibindən çıxan SİM kart və onun içərisində olan bir nömrə bütün gizlinlərin açılmasına səbəb olub. Həmin nömrə ilə terrorçunun yoldaşının yeri təyin edilib. Həyat yoldaşı ərinin "Reina” basqınından sonra bir qadınla birgə evə gələrək 4 yaşlı uşağını da götürüb çıxdığını və bir daha onunla əlaqə saxlamadığını deyib: "Ərimin telefonunun batareyası bitmişdi. Mənim telefonumdan danışdı”. Polis dərhal o nömrəni müəyyən edib və nömrə vasitəsi ilə Hataydakı İŞİD terrorçuları tapılıb. Terrorçunun İstanbuldakı şəxslə əlaqəyə keçməsinə də məhz bu hadisə səbəb olub. Bu vaxt terrorçunun Bayrampaşadakı bir nömrə satışı mərkəzi bürosundan ardıcıl 8 nömrə aldığı təyin edilib. Bu nömrələrin böyük əksəriyyəti "kartof xətt” çıxıb. Terroristin həyat yoldaşı evlərinə gedib-gələn və əlaqə saxladıqları 7-8 adamın kod adını verib. Həmin adların araşdırılması terrorçunun ətrafındakı "halqanın” daralmasına səbəb olub. Hatayda 2, İzmirdə isə 1 İŞİD-çi nəzarətə alınıb. Bunların İŞİD terrorçularının qaçışlarını təşkil edən şəxslər olduqları məlum olub.
Terrorçular Suriyaya qaçmağı planlaşdırıblar
Terrorçunun özü ilə apardığı oğlu və misirli qadın marketə getmək üçün evdən çıxıblar. Misirli qadın ilə uşaq marketdə dərhal ələ keçirilib. Uşaq əcnəbi ölkə vətəndaşlığı olan uşaqların hüquqlarının qorunması səbəbilə başqa bir yerdə saxlanılır. Ardından Maşaripovun olduğu evə basqın təşkil edilib. Üç günlük müşahidə və telefonların dinlənilməsi zamanı evdə bombanın, "canlı bomba” planlarının olmadığı aydın olub. O da məlum olub ki, evdə tutulan iraqlı terrorçu "Reina” terrorçusu ilə birlikdə Suriyaya qaçmağa hazırlaşan İŞİD-çi idi. Onlar istintaqçıları azdırmaq üçün İstanbuldan quru yolu ilə Çanaqqalaya, oradan İzmirə, İzmirdən isə Hatayla Suriyaya keçməyi planlaşdırıblar.
İŞİD-dən "Reina” terrorçusuna "hədiyyə”
Terrorçu Abdulkadir Maşaripovla birgə həbs edilən 3 qadınla bağlı yeni faktlar ortaya çıxıb. İstintaq zamanı 3 qadının Maşaripova "Reina” terrorunu həyata keçirdiyi üçün İŞİD tərəfindən hədiyyə edildiyi məlum olub. Terrorçunun saxlanıldığı evdə aparılan axtarış zamanı qadınlardan biri - Dina ilə dini nikahda olması haqda sənəd aşkar edilib. Əfqanıstanla əlaqəsi araşdırılan Maşaripovun kompüter mütəxəssisi olduğu, Mosulda döyüşdüyü bildirilir. Eyni zamanda onun Özbəkistanda fizika üzrə ali təhsil aldığı məlum olub.
"Bizə yaşatdığı qorxunu yaşayaraq ölsün”
"Reina” qətliamından sağ xilas olanlar terrorçunun yaxalanmasından sonra media orqanlarına fikirlərini bölüşüblər. Küveytli dostları ilə klubda əylənən bosniyalı Senad Erkoçevic terrorçunun edam edilməməsini, amma ağır xəstələnərək yavaş-yavaş can verməsini arzulayıb: "Onun yaxalandığı xəbərini mənə lüblanlı dostum verdi. Xəbəri eşidən gün gecə yata bilmədim. Mən qətliamdan sonra psixoloji dəstək alıram. Həmin gecə ayaqyalın çöldə durduğumuz üçün ciddi xəstələndim. Amma terrorçunun həbs olunması məni və dostlarımı qismən rahatlatdı. Güllənin az sonra sizin beyninizi dağıdacağı qədər qorxunc hiss yoxdur”. Qazaxıstanlı Ramazan İşan da terrorçunun yaxalanmasından məmnun olduğunu deyib: "Olaydan sonra gecələr yata bilmirdim. Çox böyük psixoloji zərbə almışdım”.
İsmayıl