Rejissorlar iddia edir ki, faciənin araşdırılması tam başa çatmadığından heç kim belə bir filmin çəkilməsinə cəsarət edə bilməz
Rafiq Quliyev: "Mənim əlimdə olan elə kadrlar var ki, inanın tük ürpədir”
Rövşən Almuradlı: "Bu filmin çəkilməsi üçün tarixi arxiv açılmalı, məhkəmə qərarını verməlidir. Əks halda bu yalnız yazarın və rejissorun təxəyyül məhsulu ola bilər”
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi yeddi il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Ancaq bu qanlı faciənin dünyaya tanıdılması istiqamətində daha ciddi işlər görülməlidir. Bəs görəsən, Azərbaycan kinosu niyə hələ də 20 Yanvar faciəsini əks etdirən, bu qanlı tarixin izini qoyan şəhidlərimizlə bağlı tutarlı bədii film çəkməyib? Niyə bu günə qədər Azərbaycan kinosu bu mövzuya müraciət etməyə cəsarət etmir?
"Şərq”in suallarını kinooperator, rejissor Rafiq Quliyev cavablandırdı:
"Bu məsələ barədə çox həssaslıqla danışmaq lazımdı. Əvvəla, biz hələ də müharibə şəraitində yaşayırıq. Əslində hadisə 27 il əvvəl baş versə də, kökü bir neçə il əvvəldə başlayır. Hələ 1988-89 -cu illərdə artıq bu hadisənin olacağını güman etmək mümkün idi. İndi sual verirəm. 30 ildən artıq müharibə şəraitində yaşayan dövlətin kinosunda, Azərbaycan kinosunda milli qəhrəman obrazı yaradıldımı? Bu obrazı yarada bilmişikmi? Yox. Çünki sözün həqiqi mənasında milli qəhrəman obrazı kinomuzda yaradılmadı. Problem bununla bağlıdı. Milli qəhrəman obrazı yaradılandan sonra 20 Yanvar hadisələrinə tam, konkret dəyər və qiymət veriləndən sonra, bu qanlı faciənin iştirakçıları bir-bir üzə çıxandan sonra bu hadisələrə düzgün qiymət veriləndən sonra Azərbaycan kinosunda bu tarixi əks etdirən ekran əsərini gözləyə bilərik. Biz sənət adamları bu faktlar tam açıqlanmayınca, nə çəkə bilərik? Nəyə istinad edərik? Axı bu faciənin araşdırması hələ də tamamlanmayıb. Deməli, biz nə çəksək də, dəyərli olmayacaq, faktiki görünməyəcək. Hansı müəllif cəsarət edib hələ tam araşdırması bitməyən faciəni lentə ala bilər? Bu film çəkilsə belə, 5 il sonra, 10 il sonra hadisələrə rəsmi münasibət bildirilsə, lazım olan detallar diqqətdən qaçsa və bu filmdə öz əksini tapmasa, həmin filmə münasibət necə ola bilər? Zamanın axarına buraxmaq lazımdı”. Rafiq Quliyevə ünvanladığımız "Rafiq müəllim, hesab etmirsiz ki, biz bu faciənin qiymətini zamanın ixtiyarına buraxanda əslində gecikmiş oluruq? Axı bu illər ərzində həmin faciənin canlı şahidləri də zamanla bu həyatdan köçür, şahidlər azalır, yaddaşda qalanlar tədricən izini itirə bilir” suallarına ömrünü kino tarixinə verən operator belə cavab verdi: "Bəli, tam razıyam. Gecikirik. Elə problem odur ki, artıq gecikmişik. Hafisədən müəyyən kadrlar çıxa bilir, nəsil dəyişir. Bu əslində təəssüf ki, böyük problemdi. Qaldı sənət adamları niyə səsini qaldırmır? Çünki biz sənət adamları, kino xadimləri əslində bu barədə lazımi yerlərdə dəfələrlə sözümüzü demişik. Amma heyif ki, hələ də səsimizi eşidən olmayıb. Bu sualı aidiyyəti olan orqanlara ünvanlayın. Bəlkə sizlərə cavab verənlər tapıldı. Mən də kino sahəsində olan insan kimi arzulardım ki, bu hadisəni əks etdirən bədii filmin çəkilişində iştirak edim. Çünki mən özüm bilavasitə bu faciənin iştirakçısı olan biriyəm. Mənim əlimdə olan elə kadrlar var ki, inanın tük ürpədir. Bunu mən və vaxtilə bu kadrları çəkərkən işlədiyimiz deputat komissiyasının üzvləri bilir. İnanın, elə materiallar var ki, insanın qanını dondurar. Amma bu faktlar əsasında bədii film çəkmək üçün rəsmi münasibət də vacibdi. Faktlara söykənən və bizim də əlimizdə olan sənədli materiallar əsasında keyfiyyətli və güclü bir ssenari əsasında film çəkilməlidi. Bu film çox ciddi bir ekran əsəri olaraq dövlət tərəfindən tam maliyyələşdirilməlidir. Dövlətin dəstəyi olmalıdır. Film təbliğatın ən güclü vasitəsi sayılır, yaddaşlarda və arxivdə qalır. Böyük Vətən müharibəsini əks etdirən filmləri hər birimiz izləmişik. Niyə onlar güclü ekran əsərləri sayılır? Çünki bu, siyasi sifariş əsasında çəkilirdi. Dünya praktikasında belə misallar çoxdu. Müharibə ilə bağlı sovet dövlətlərində çox güclü filmlər çəkildi. Bu, sifariş idi. Sovet ideologiyasına hesablanmış dövlət sifarişi ilə çəkilən ekran əsərləri idi. Elə-belə bu filmlər ərsəyə gəlməyib, yaranmayıb”.
Bizdə milli qəhrəman obrazını yaratmaq üçün kifayət qədər prototip var. Milli qəhrəmanlarımızın hər biri bu prototipin bir nümunəsi seçilə bilər? Nəyi gözləyirik? Sualımıza Rafiq Quliyevin maraqlı yanaşması oldu:
"Bayaq qeyd etdiyim kimi, biz artıq bu obrazları əks etdirən qəhrəmanlarımızı filmlərdə yaratmaq üçün gecikmişik. Bizim bugünkü gənclərimiz bu filmlərə baxıb vətənə sevgisini hiss etməli, ibrət götürməlidir. Bir misal gətirim sizə. Mən universitetdə müəllim kimi çalışıram. Aprel hadisələri zamanı kafedraya gənc bir tələbə gəldi. Rejissor olmağa hazırlaşan bu gənc ərizə yazdı ki, mənə möhlət verin, mən əsgər getmək istəyirəm. Soruşdum ki, ay balam, yaxşı da oxuyan tələbəsən, təhsilini niyə yarımçıq qoyursan? Dedi müəllim, mən belə otura bilmirəm. Mən vətən uğrunda vuruşmağa gedirəm. Mən torpağımı qorumaq üçün o vuruşda olmağı vacib bilirəm. İndi danışıram, yenə tüklərim biz-biz olur. Bu nəyin nəticəsidi? O günlər olan təbliğatın. Azərbaycan gəncinin bu gün buna ehtiyacı var. İnanın, əgər belə filmlər çəkilsə, o filmə baxan gənclər oturmayacaq, vuruşmaq istəyi ilə, qələbə əzmi ilə torpağı qorumağa can atacaq. Bu, ideologiya məsələsidir. Bu, sözdə olmamalıdı. Dövlət səviyyəsində bu hazırlanmalıdır. Belə filmlərdə kütləvi səhnələr üçün böyük maliyyə və dövlətin öz maraqları olmalıdır. Dövlət buna sifarişçi olmayınca, bu filmləri çəkmək mümkün deyil. Sonra sual edirik ki, niyə Azərbaycanda güclü filmlər çəkilmir? Necə çəkilsin? Bunun üçün şərait yaradılmalıdı. Belə tarixi bədii filmlər millətin gələcəyini də, tarixini də yaşadan yaradıcılıq vasitəsidir. Bu, tarixdi. Bu tarixi dolğun çatdırmaq lazımdı. Rus kinosu o zamanlar belə müharibə filmləri üçün məbləğ xərcləyirdi, elə İran filmləri də. Bu filmlər elə-belə yaranmadı ki? Bu filmlər üçün dövlət maliyyə xərclədi. Bu, ideoloji rupor idi. Ümid edirəm ki, sizin bu gün qaldırdığınız bu mövzuya münasibət olacaq. Yatanları yuxudan oyadacaq. Azərbaycan kinosu tənəzzülünü yaşayır. Undulur. Biz bu gün yatanları oyatmasaq, sabah tarix bizi bağışlamayacaq!”
Mövzumuza kinorejissor Rövşən Almuradlı da münasibət bildirdi:
"Bu elə bir məsələdi ki, bu barədə nəsə danışsaq, ara qarışacaq. Amma səbəblər çoxdu. Mənə elə gəlir ki, zamanın ixtiyarına buraxmaq daha düzgün seçimdi. Biz əslində gecikmişik. Biz əsrlərdi gecikirik. 20 Yanvara qədər biz Atabəylər tarixini əks etdirən film çəkməliydik. Qaldı konkret 20 Yanvar faciəsi ilə bağlı film bu günə qədər çəkilməyib, bəli, biz gecikmişik. Səbəb odur ki, hələ də bu faciə siyasi cavabının almayıb. Bu məsələ tam araşdırılmayıb. Bəzən bildiklərimiz hələ də danışılmır. Günahkarlar tam məhkəmə qarşısına çıxarılmayıb. Səbəblər tam təsdiqini sübut etməyib. Bunlar olmayanda film çəkmək də düzgün olmaz. Biz bu filmdə həqiqətləri tam göstərməliyik. Mən özüm də bu faciənin iştirakçısıyam. Amma bu belə mənə əsas vermir ki, bu barədə film çəkim. Çünki bu filmin çəkilməsi
üçün tarixi arxiv açılmalı, məhkəmə qərarını verməlidir. Əks halda bu yalnız yazarın və rejissorun təxəyyül məhsulu ola bilər. Yəni adi bədii film. 20 Yanvar isə təkcə bədii əsər kimi yazıla bilməz. Bu hadisə millətin qanlı tarixini əks etdirir. Bu filmin çəkilməsi üçün böyük vəsait, dövlət qurumlarının köməyi, tarixi arxiv materialları, məhkəmə sübutları və digər məsələlər ortaya qoyulmalıdır. Belə filmlər fərziyələrlə deyil, tarixi faktlarla çəkilməlidir. O güllələrin altında olanlardan biri də mən olmuşam. Amma bu mənə əsas verə bilməz ki, bu filmi bu gün çəkim. Çünki bu film böyük bir tarixi göstərən ciddi ekran əsəri olmalıdır”.
Tahirə Məmmədqızı