Çünki bu telefonlar yararsız olur, təhlükəsizliyinə də heç kim zəmanət vermir
"Hansı nəqliyyatla gəlməsindən asılı olmayaraq, poçtla gəlsə belə, biz idxal olunan məhsullar üzərində rəsmiləşdirmə aparırıq. Yalnız qanunla güzəşt tətbiq edilmiş hallar istisnadır. 18 faizlik əlavə dəyər vergisinin tətbiq edilməsi sırf Vergi Məcəlləsinə edilmiş dəyişikliklə bağlıdır”.
Bu sözləri Gömrük Komitəsinin sədrinin birinci müavini Səfər Mehdiyev keçən ilin yekunları ilə bağlı keçirilən tədbirdə bildirib. O həmçinin qeyd edib ki, həmin məhsulların vergi cəlbedilməsi tətbiq edilməklə gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Komitə sədri Aydın Əliyev isə əlavə edib ki, keçən il ölkəyə poçt vasitəsi ilə 58 mindən artıq telefon gətirilib. Qeyd edək ki, onlayn yolla xaricdən alınan telefonların qiyməti yerli mobil cihaz dükanların təklif etdiyi qiymətdən dəfələrlə ucuzdur. Amma bu zaman da həmin telefonların keyfiyyəti ilə bağlı müəyyən şübhələr üzə çıxır. Yəni sual doğuran məqam sifariş vasitəsilə alınan telefonlarda hər hansı bir problem yaranacağı təqdirdə vətəndaşın atacağı addımla bağlıdır.
Ötən il poçt vasitəsilə mobil telefon alan bir vətəndaşın istehlakçı hüquqlarının pozulmasına dair Birliyə müraciət daxil olduğunu vurğulayan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında deyib ki, bir qrup şəxs "Caspian Plaza”da ofis açaraq elektron telefon satışı ilə məşğul olur.
Onların satdığı telefonların isə böyük əksəriyyəti saxtadır və istehlakçıların tələblərinə cavab vermir. Elektron yolla alındığı üçün də sonradan qaytarmaq və dəyişmək çox ciddi problemə çevrilir. Hətta sadəcə mobil telefonlar yox, elektron yolla alınan dərman preparatlarının da keyfiyyəti ilə bağlı çox ciddi problemlər var. Bizə çoxsaylı şikayətlər daxil olur. Dövlət orqanları belə onların öhdəsindən gələ bilmir. Ona görə də, problem yaşamamaq üçün vətəndaşlar elektron yolla mobil telefon və dərman preparatları almasınlar! Pal- paltar və ya istifadə üçün gərəkli olan digər əşyaları internetdən sifariş yolu ilə almaq olar. Azad İstehlakçılar Birliyinin beynəlxalq əlaqələrindən istifadə edərək onlara daxil olan müraciətlərin həllinə səy göstərdiyini vurğulayan E.Hüseynovun sözlərinə görə, müvafiq dövlət orqanlarının bu istiqamətdə hansısa bir fəaliyyəti gözə dəymir: "Həmin telefonlar xaricdən alındığı üçün istehlakçıların hüquqlarını nəzəri cəhətdən qorumaq mümkündür, amma praktik baxımdan mümkün deyil. Ona görə də, vətəndaşlara Azərbaycanda rəsmi nümayəndəlikləri olmayan və zəmanət talonu göndərməyən şirkətlərdən telefon almamağı tövsiyə edirəm. Ən əsası isə poçt vasitəsilə mobil telefon almaqdan imtina etsinlər”. "Multimedia” İnformasiya Sistemləri
Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyib ki, sifariş yolu ilə gətirilən telefonların hansı şirkətə məxsus olması və alıcıya təhlükəsizliyi ilə bağlı təminat verilməsi çox önəmlidir: "Əgər onlayn yolla sifariş verilən telefon "padval”larda istehsal olunan məhsuldursa, vətəndaşlar mümkün qədər bu alış-verişdən imtina etməlidir. Yox əgər "Amazon”dan və ya e-baydan mal alırlarsa, şirkətlər qarşısında ciddi tələblər qoyulmalıdır. Amma onu qeyd edim ki, burada Gömrük Komitəsinin və ya digər qurumların heç bir məsuliyyəti yoxdur. Bu məsələ sırf vətəndaşlarla satış şirkətləri arasında həll olunan bir məsələdir”.
Şəymən