“Bələdiyyə torpaqlarının yerbəyer edilməsinə başlanılıb”





Bakıda və Abşeron yarımadasında qanunsuz tikilən evlərin çoxu torpaq, əmlak və digər vergilərə cəlb olunur. Ancaq bu tikililər rəsmiləşdirilməyib”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. A.Rəhimzadə qanunsuz tikililərlə bağlı problemin əsas səbəbini də açıqlayıb: 

"Çünki bələdiyyə bilməyib ki, torpaq ona, yaxud başqa bələdiyyəyə məxsusdur. Ona görə də qanunsuz tikililərlə bağlı problem yaranıb. Bələdiyyənin ərazisi dəqiqləşdirilib, xəritə veriləndən sonra bələdiyyə biləcək ki, bu torpaq onun ərazisidir, yoxsa yox. Xəritələr müəyyənləşəndən sonra bu problemlərin həlli daha asan olacaq. İndiyə qədər bələdiyyənin başqa bələdiyyənin ərazisində torpaq verməsi halları olub. Buna görə bələdiyyələri təqsirləndirmək də olmaz, çünki bir çox bələdiyyə indiyə qədər ərazisinin hara olduğu, haradan başlayıb harada qurtardığını bilməyib”.

Komitə sədri həmçinin bələdiyyələrin xəritələrinin əksəriyyətinin hazırlanaraq Milli Məclisin Reyestr Xidmətinə verildiyini də qeyd edib: "Ümumilikdə, 59 rayonda ərazilərlə bağlı mübahisələr var. Həmin mübahisələr həll ediləndən sonra bələdiyyələrin hamısı biləcək ki, ərazisi haradır, hansı əraziyə sərəncam verə bilər, harada onun sərəncamı ilə ev tikə bilərlər”.

Qanunsuz tikililərlə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edildiyini vurğulayan "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqlinin sözlərinə görə, hökumət özü də bu problemin aradan qaldırılmasında maraqlıdır: 

"Bələdiyyələrə məxsus ərazilərlə bağlı mövcud olan anlaşılmazlıqlar ləğv olunan Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən yaradılan süni əngəllər idi. Artıq torpaqların elektronlaşdırılması prosesi başa çatdığına görə, bələdiyyə torpaqlarının yerbəyer edilməsinə başlanılıb. Ancaq hələ ki, Torpaq Fondundan ayrı-ayrı bələdiyyələrə verilən torpaqların rəsmiləşdirilməsi prosesi başa çatmayıb. Azərbaycanda formalaşmış 1607 bələdiyyənin 25-30 faizinin torpağı rəsmiləşdirilib və çıxarış şəklində bələdiyyələrə təqdim edilib. Hesab edirəm ki, digər bələdiyyələrdə də torpaqların rəsmiləşdirilməsi məsələsi sürətləndirilməlidir. Bundan sonra mövcud olan bütün anlaşılmazlıqlar aradan qaldırılacaq”.

Şəymən