""Lotu Quli”, Rövşən Lənkəranski kimi "qanuni oğru”lar Rusiyanın yuxarı elitasına bağlı adamlardır”.
Bunu Sherg.az-a kriminalist İlqar Altay deyib. Onun sözlərinə görə, Rusiya oğru dünyasının, kriminal məkanın vətənidir. Bu fəaliyyətlə məşğul olanların mərkəzləri də ordadır və onlara lazımı şərait yaradılıb:
"İndiki ictimai- siyasi dövr o nəticəyə gətirib çıxarır ki, onların orada "yuva salması”, ierarxiyalar qurması bir vətən kimi qanuni oğruları Rusiyaya bağlayır. Qonşu ölkə olduğumuzdan və sovet dövründən qalan ənənəvi bağlılıq hesabına bu hadisələr bizə də təsir edir. Həmçinin Azərbaycan Rusiyaya baxanda kiçik respublikadır. Əlaqələr də müsbət yöndə olduğundan orada baş verənlər bizə sirayət edir. Həmin kriminal aləmdə baş verənlər ölkəmizdə də baş verir. "Qanuni oğru”ların burda da nümayəndəsi, dəst-xətti, əlaqələri var. Azərbaycanda da müəyyən hadisələr inkişaf edir. "Lotu Quli” böyük görünür. Elə hesab olunur ki, o və onun kimi şəxslər Azərbaycan ierarxiyanın yuxarısındadır. Amma Rusiyada onlardan da yuxarıda sözü keçənlər var. Həmin "böyüklər” arasında baş verən proseslər "kiçiklər”ə də təzahür edir”.
Rövşən Lənkəranskinin qətlinin səbəblərinə toxunan İ. Altay onun öldürülməsində Rusiya mafiyasının əli olduğunu iddia edib:
"R. Lənkəranski asan məhv ediləsi şəxs deyildi ki, hansısa rəqibi asanlıqla onu aradan götürsün. Araşdırmalarıma görə, onu Rusiyanın daha yuxarı mafiyası məhv edib. Əvvəla, onu Rusiyadan kənarlaşdırmaq üçün ölkədən çıxmağa məcbur etdilər. Sonradan həmin qüvvələr onu Dubayda da, Türkiyədə də izlədi. Elə şəraitdə onu öldürtdülər ki, qətli törədən şəxs hələ də tapılmır. Türkiyə kimi dövlətin bu istiqamətdə araşdırmaları nəticəsiz qalıb. Amma hesab edirəm ki, keçmişdən R. Lənkəranskinin rəqibləri ilə arasında olan qarşıdurmalar indiyə kimi qala bilər. Bu məsələnin "lotu Quli” ilə əlaqəsinin nə formada olması məlum deyil. Bəziləri bunu adi söz, söhbət kimi qəbul edir. R. Lənkəranskinin qətli ilə böyük Rusiya mafiyası məşğul olub. Bəlkə hüquq mühafizə orqanlarının birlikdə qərarı olub ki, onu Rusiyadan çıxartsınlar. Əks halda o, ölkədən çıxıb, Dubaya getməzdi. Yenə deyirəm, hər bir oğru üçün Rusiya ən rahat ölkədir və heç kim öz xoşu ilə oradan çıxmaz. Avropa ölkələrinə, hətta Amerikaya belə getsə, "qanuni oğrular” candərdi gedir. Çünki Rusiya qədər oğru dünyasını, oğruları qane edən, yüksək şərait yaradan ölkə yoxdur”.
Qeyd edək ki, Azərbaycanlı qanuni oğru, "Lotu Quli” ləqəbli Nadir Səlifov Yekaterinburqa 30-dan çox adamını göndərib. Burada məqsəd bir qədər əvvəl qətlə yetirilmiş Rövşən Lənkəranskiyə məxsus obyektləri nəzarətə keçirməkdir. Lent.az-ın son məlumatına görə, Rusiyanın tanınmış qanuni oğrularından olan "Piçuqa” ləqəbli Yuri Piçuqin, "Voskres” ləqəbli Vasili Xristoforov və "Uzun Qiya” ləqəbli Georgi Diaknaşvili də Yekaterinburqdadırlar.
Aysel Aslan