"Rusiyanın Azərbaycana münasibəti üzə çıxacaq" - Yaxın günlərdə




"Hazırda Azərbaycanın bir nömrəli məsələsi ərazi bütövlüyünün bərpa olunmasıdır, ona görə xarici işlər nazirləri də bu məsələ ətrafında danışacaq”.

Bunu Sherg.az-a xarici işlər naziri Elmar Məmmədyarovun Moskva səfərinin nəticələrindən danışarkən politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, nazirlərin görüşündə Dağlıq Qarabağ məsələsi prioritet olacaq: "

Ola bilər ki, növbəti dəfə ATƏT-in xətti ilə prezidentlərin görüşü təşkil olunsun. Həmin görüşün konturları, çərçivəsi hazırlanacaq ki, necə və harada təşkil olunsun. Hər halda status-kvonun dəyişdirilməsi və Qarabağ probleminin tənzimlənməsi xarici işlər nazirləri səviyyəsində müzakirə olunmalıdır. Amma başqa məsələlər də proqramda ola bilər. Bilirik ki, bu tip məsələlər də müzakirə olunur. Yaxın zamanda görüşün nəticələri ilə tanışa olacağıq. Rusiyanın Azərbaycana olan münasibəti üzə çıxacaq. Hələlik Donald Trampın prezident seçilməsindən az müddət keçib. Ola bilər ki, prezidentin də xarici işlər nazirinin xətti ilə çatdırılası hər hansı tapşırığı var”.

Qeyd edək ki, Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya xarici işlər naziri Serqey Lavrov ilə görüşüb.

Aysel Aslan