"Tramp Rusiya ilə müsbət münasibətlər yolunu seçə bilər" - Proqnoz

Bəxtiyar Hacıyev: "Trampın Rusiyaya xüsus münasibətinin olması hələ onun seçki kampaniyasından məlum idi "



"Tramp administrasiyasının Obama administrasiyasından fərqli olaraq, Rusiyaya qarşı təzyiq, izolyasiya, sanksiya yolunu deyil, yaxın münasibətlər yolunu seçəcəyini gözləmək olar”.

Bunu Sherg.az-a Ağ Evin mətbuat katibi Şon Spayserin " Donald Tramp Rusiya ilə münasibətləri bərpa etmək niyyətindədir" iddiasına münasibət bildirərkən tanınmış bloqqer və siyasi fəal Bəxtiyar Hacıyev deyib. 

O bildirib ki, D. Trampın Rusiyaya xüsusi, müsbət və yaxın münasibətinin olması hələ onun seçki kampaniyasından məlum idi:

"Rusiyanın da ABŞ-da keçirilən seçkilər zamanı xüsusi rəğbət  nümayiş etdirdiyi namizəd D.Tramp idi. ABŞ mətbuatı və kəşfiyyat icmasının məlumatlarında Rusiyanın Tramp qərargahı ilə sıx təmasda olması, onun qələbəsi üçün çalışması, Trampın rəqibi Hillari Klintonun qələbəsinə zərbə vuracaq məlumatların əldə edilib, yayılması üçün haker hücumlarının təşkil olunması barədə dəfələrlə məlumatlar, faktlar yayımlanıb. Tramp administrasiyasının Milli Təhlükəsizlik müşaviri postu üçün seçdiyi general M.Flynn da hələ keçid müddətində Rusiyanın ABŞ-dakı səfiri ilə telefon əlaqəsi yaradıb, digər postlara namizəd göstərilən şəxslər isə Rusiyaya xüsusi simpatiya ilə seçilən şəxslər olub. Bütün bunları nəzərə alsaq, Ş. Spayserin bəyanatının həyata keçirilməsini gözləmək olar”.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Şon Spayserin fikrincə, ABŞ prezidenti Donald Tramp, bütün tənqidlərə baxmayaraq, Rusiya ilə münasibətləri bərpa etmək niyyətindədir, çünki bu, ABŞ-ın maraqlarına uyğundur.

Aysel Aslan