Ətin qiymətini süni şəkildə qaldıranlara qarşı sərt tədbirlər...

Vüqar Bayramov: "Süni qiymət artımının qarşısının alınması üçün bazarda daimi monitorinqlər təşkil olunur"


"Ətin qiymətinin bahalaşması və ya ucuzlaşmasını bazar qiymətləri müəyyən edir”.

Bunu Sherg.az-a ətin bahalaşmasının səbəblərindən danışarkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi bazarda süni qiymət artımının qarşısını almaq üçün müvafiq addımlar atırlar:

"Süni qiymət artımının qarşısının alınması üçün bazarda daimi monitorinqlər təşkil olunur. Bundan sonra da monitorinqlərin davam edəcəyini söyləmək olar. Amma ətin qiymətinin artım səbəbləri fərqlidir. Hazırda qiymətin yüksəlməsi birbaşa istehsalın azalması ilə bağlıdır. Yerli istehsalda azalmalar müşahidə olunduğundan qiymətin idarə edilməsində də çətinlik yaranır. Manatın devalvasiyası nəticəsində idxal olunan məsulların, xüsusilə yemləri və digər xammalın qiymətləri artıb. Nəticə etibarilə bu köklü səbəblər qiymət artımına təsir edir”.

V. Bayramov əlavə edib ki, idxal olunan ət məsullarına tətbiq edilən verginin miqdarı da yüksəkdir. Bu da süni qiymət artımı yaradan səbəblərdən biridir:

"Ətin qiymətinin tənzimlənməsi yollarından biri heyvandarlığa subsidiya tətbiq edilməsidir. Bu zaman dövlət xərcin bir hissəsini subsidiya yolu ilə kompensasiya edə bilər ki, nəticədə qiymətlərin tənzimlənməsinə, ət və ət məsullarının qiymət artımı tempinin qarşısının alınmasına nail olar”.

Qeyd edək ki, Azərbaycanda ətin qiyməti bahalaşıb. Şəhərin müxtəlif yerlərində ət satışı ilə məşğul olan dükanlarda mal ətinin kilosu 10 manatdan 12 manata qalxıb. Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi isə nədənsə bu qiymət artımını görməzdən gəlir, ölkədə ətin bahalaşmadığını bildirirlər.

Aysel Aslan