"Obama sırf siyasətçi idi, Tramp isə..." - Analitik





"Oliqarxların və ya biznesmenlərin səlahiyyətli vəzifələri tutması, prezident seçilməsi ölkə əhalisi üçün müsbət nəticələr vermir”.

Bunu Sherg.az-a "Tramp və ailəsinin bir aylıq tətil xərcləri keçmiş prezident Barak Obamanın bir illik xərcləmələrini keçib" iddiasını şərh edərkən analitik  Azər Rəşidoğlu deyib. 

Onun sözlərinə görə, dünya təcrübəsində, xüsusilə qonşu ölkə Gürcüstanda da parlament seçkilərində qələbə qazanan Bidzina İvanaşvilinin siyasəti bunu deməyə əsas verir: 


"Bu baxımdan D. Trampın prezidentliyi məhz oliqarxiya və biznes maraqlarının, kapitalın müdafiəsinə yönəlib. Barak Obama sırf siyasətçi idi və öz diplomatiyasında, daxili siyasətində təmsil olunduğu partiyanın maraqlarını önə çəkirdi. Bu baxımdan D. Trampın hakimiyyəti məhz biznes maraqlarının üzərində qurulub. Ümumiyyətlə Amerikada siyasətdə biznes maraqları çox məsələləri özündə ehtiva edir. Prezidentin bəlli kapital məqsədlərinin, transmilli korporasiyaların hakimiyyətə gətirdiyi fiqur olmasını nəzərə alsaq, onun öz ailə biznesini genişləndirəcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Burada qeyri-adi səbəb axtarmaq düzgün deyil. Əlbəttə ki, Trampın əməlləri Amerika siyasi dairələrində narazılıqla qarşılanacaq. Bu gedişlə prezidentin əleyhinə konqresdə və siyasi dairələrdə etirazlar artacaq”.

Qeyd edək ki, Amerika mediasında açıqlanan rəqəmlərə görə inauqurasiya mərasimindən sonra prezident Donald Trampın malikanəsinə etdiyi üç ziyarət və oğullarının iş səyahətləri cəmi 11.3 milyon dollara başa gəlib. Ümumən isə Trump və ailəsinin bir aylıq tətil xərcləri keçmiş prezident Barak Obamanın bir illik xərcləmələrini keçib.

Aysel Aslan