Sarkisyanın məqsədi uzun müddət hakimiyyətdə qalmaqdır

Buna görə rejim Qarabağ kartından siyasi məqsədləri üçün faydalanır



"Ehtiyatlı olmaq lazımdır, çünki Azərbaycan Ermənistandakı seçkiqabağı mübarizədən istifadə edə bilər”. Bunu düşmən ölkənin rəhbəri Serj Sarkisyan deyib. O bildirib ki, ordu parlament seçkiləri dövründə "ayıq-sayıq” olmalıdır. Daha sonra Sarkisyan Qarabağ münaqişəsinin həllindən danışıb: 

"Bakı bizi həmişə status-kvonu saxlamaqda günahlandırır. Lakin bu, doğru deyil. Hamını əmin etmək istəyirəm ki, biz doğrudan da problemin həllini arzu edirik. Ancaq reallıq belədir ki, azərbaycanlılar bizim üçün məqbul olmayan həll təklif edirlər, bu səbəbdən problem həll olunmur”. Ermənistan prezidenti əlavə edib ki, danışıqlar davam etməli, sülh əldə olunmalıdır. Ancaq Sarkisyana görə, birtərəfli güzəştlər hesabına buna nail olmaq olmaz. 

Erməni rəhbərin sərsəm ifadələrinə münasibət bildirən siyasi ekspert Arzu Nağıyev "Şərq”ə deyib ki, Sarkisyan inkar etsə də, əslində bu cür ifadələrlə indiki status-kvonu saxlamağa çalışır: 

"Ermənistanda aprel ayında parlament seçkisi olacaq. İrəvan hakimiyyətinin əlində bayraq etdiyi iki vasitə var. Onlardan birincisi Dağlıq Qarabağ problemi, onun "müstəqilliyi” məsələsidir. İkincisi isə Qərbə inteqrasiya və Rusiya ilə daha çox yaxınlaşma məsələsidir. Sarkisyan və ətrafındakı Qarabağ klanı hər fürsətdə münaqişədən sui-istifadə edirlər. Partiya sədri olmasına rəğmən özü kənarda qalaraq müdafiə nazirini seçki platformasının rəhbəri təyin edib. Bütün bunlar göstərir ki, rejim Qarabağ kartından siyasi məqsədləri üçün faydalanır. 

Sarkisyanın məqsədi uzun müddət siyasi arenada qalmaq, tərəfdarlarını, səhra komandirlərini hakimiyyətdə saxlamaq, parlament seçkisində çox yer tutmaqdır. O, Qarabağ separatçılarına verdiyi "müstəqillik” sözünü tuta bilmədiyi üçün müxtəlif təxribatlara əl atır”. Politoloqun sözlərinə görə, düşmən tərəfin Azərbaycanı nədəsə günahlandırması absurddur. Dağlıq Qarabağ BMT tərəfindən qəbul edilmiş sərhədlər çərçivəsində Azərbaycanın qanuni ərazisidir. Torpaqlarımızda hansısa iddia irəli sürmək yolverilməzdir. Dövlətimiz istənilən vaxt öz ərazimizdə anti-terror əməliyyatları keçirə bilər. Ermənilər özləri də yaxşı bilirlər ki, əgər havadarları olmasaydı, münaqişə çoxdan Azərbaycanın xeyrinə həll olunardı”.

İsmayıl