Yaşıl işıq ölkəyə pul gətirəcək
“Heç bir turist buraxılış məntəqəsində saatlarla gözləmək istəmir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda gömrük, miqrasiya və sərhəd xidmətlərinə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırıqlar verilib. Sənəddə həmçinin, nəqliyyat, rabitə və yüksək texnologiyalar, xarici işlər, mədəniyyət və turizm, ədliyyə nazirliklərinə, Dəniz Administrasiyasına və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə də tapşırıqlar yer alıb.
Sərəncama əsasən Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədi ilə xüsusi ayrılmış hərəkət zolaqlarının müəyyən edilməsi üçün müvafiq infrastrukturun yaradılmasını üç ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə birgə məlumat verməli, xüsusi ayrılmış hərəkət zolaqlarının nişanlanmasını və hər kəsin yaxşı görə biləcəyi məlumatlandırma lövhələrində hərəkət istiqamətlərinin əks etdirilməsini təmin etməli, dövlət sərhədinin buraxılış məntəqələrindən keçidin sürətləndirilməsi və yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə qarşılıqlı fəaliyyət göstərərək əlaqələndirmə işlərini daha da təkmilləşdirməlidirlər.
Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov dövlət başçısının turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamının Azərbaycanda turizmin inkişafına böyük təkan verəcəyini deyib. O, turizm sektorunun bu sərəncamı çoxdan gözlədiyini deyib.
Sərəncamda nəzərdə tutulan tədbirlərin Azərbaycana turist axınını çoxaldacağını vurğulayan İdarə Heyətinin sədri əlavə edib ki, dövlət sərhədinin bütün buraxılış məntəqələrində "ASAN ödəniş” terminalları vasitəsilə "ASAN Viza” sisteminə daxil olaraq elektron viza üçün müraciət etmək imkanının yaradılması turistlərin rahat şəkildə viza almasına səbəb olacaq. Öncələr Azərbaycana gələn turistlər Gürcüstana keçəndən sonra vizadan istifadə etdiyi üçün ölkəmizə qayıda bilmirdi. Ancaq bu sərəncamdan sonra belə problemlər aradan qaldırılacaq.
N.Bağırov dövlət sərhədinin buraxılış məntəqələrində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədi ilə xüsusi ayrılmış hərəkət zolaqlarının müəyyən edilməsi üçün müvafiq infrastrukturun yaradılmasının da turizmin inkişafı istiqamətində çox önəmli addım olduğunu bildirib:
"Heç bir turist buraxılış məntəqəsində saatlarla gözləmək istəmir. Onların sürətli keçidini təmin etmək turistlərin ölkəmizə çox rahatlıqla daxil olmalarını təmin edəcək”.
O, sərəncamda qeyd olunan digər məsələlərin də ölkəmizin turizm sektorunun sürətli inkişafına zəmin yaratdığını vurğulayıb.
İctimai Tədqiqatlar Mərkəzinin sədri İlqar Altay isə bildirib ki, bu, ilk növbədə ölkəyə giriş sərhəd-keçid məntəqələrində əcnəbilər üçün xüsusi sürətli keçid şəraitinin yaradılmasıdır:
"Gözlənildiyi kimi, Azərbaycanda ciddi islahatlar istiqamətində radikal addımların atılması davam edir. Bu dəfə Prezident ölkədə turizmin inkişafı üçün yeni imkanlar aça biləcək qərarlar verib. Keçid məntəqələrində xüsusi elektron viza tətbiqi əcnəbilərin ölkəyə giriş prosedurunu maksimum sadələşdirməkdir. Qərarların hər ikisi təbii ki, ölkənin dünyaya açıq və qonaqpərvər
olması və turizm iqtisadiyyatının yüksəlməsinə təkan baxımından müsbət və vacibdir. Amma zənnimcə, burada birinci qərar üzrə bir məsələ var. Dövlət sərhəd-buraxılış məntəqələrində əcnəbilər üçün xüsusi sürətli keçid xətti yaranışı ölkəyə gələn öz vətəndaşlarımızı müəyyən mənada ikinci sort vəziyyətinə sala bilər. Həm sərhəd-buraxılış məntəqəsinin əsas diqqət və qüvvəsinin əcnəbi keçidinə yönəlməsi halında öz vətəndaşlarımıza xidmətin zəifləməsi, həm də bu iki növ keçidin səviyyə, şərait və sürəti arasındakı nəzərəçarpacaq fərq ola bilməsi baxımından. Bu halda vətəndaşımız həm zaman və şərait, həm də mənəvi baxımdan itki ilə üzləşə bilərlər. Və bu da, düşünürəm ki, gedişatda milli-qürur və milli-dövlətçiliyimiz baxımından uğurlu olmaya bilər”.
İ.Altay hesab edir ki, dövlət sərhəd xidməti və gömrük orqanları bu vacib məqamı nəzərə alıb yerlərdə bu tarazlığı qorumaq üçün xüsusi və əlavə tənzimləyici tədbirlər görməlidirlər:
"Düşünməməlidirlər ki, belə adi məntiqdən doğan təbii addım-tədbir üçün də Prezidentin ayrıca qərarı - sərəncamı olmalı imiş”.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev isə deyib ki, sərəncamda əsas söhbət "yaşıl koridor”ların yaradılmasından gedir. İndiyə qədər sərnişinlər üçün sadəcə hava limanlarında yaşıl və qırmızı zolaqların olduğunu vurğulayan professorların sözlərinə görə, sərhəd-keçid məntəqələrində bu cür keçidlər sadəcə yük avtomobilləri üçün nəzərdə tutulmuşdu:
"Artıq sərəncama uyğun olaraq, əlində yükü olmayan əcnəbi vətəndaşlar digər vətəndaşlarla birlikdə növbədə dayanıb, saatlarla gözləməyəcəklər. Birbaşa həmin zolaq vasitəsilə ölkəyə girişinə şərait yaradılacaq, o cümlədən də ölkədən çıxışına. Bu həm intensivliyi, həm də şəffaflığı artıracaq. Bütün bunları təmin etmək üçün də Dövlət Gömrük Xidmətinin və Dövlət Sərhəd Xidmətinin yetəri qədər imkanları var. Sadəcə olaraq müvafiq sərəncama uyğun olaraq viza məsələsini tənzimləmək üçün Xarici İşlər Nazirliyi bu prosesdə öz fəaliyyətini artırmalıdır. "ASAN Xidmət”in xətti ilə viza sistemi açmaq lazımdır”.
C.Nuriyevin sözlərinə görə, sərəncamda adıkeçən dövlətlərlə bizim kifayət qədər yaxşı münasibətlərimiz olduğu üçün ciddi bir təhlükə gözlənilmir. Ən azından hər şey Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi nəzarəti altındadır.
Azərbaycanın ildə 1-2 milyon turist qəbul etmək imkanında olduğunu vurğulayan professor deyib ki, bu isə dövlət büdcəsinə əlavə bir neçə milyardın daxil olması deməkdir. Eyni zamanda Azərbaycana turist axınının sürətləndirilməsi tarixi abidələrimizin, milli adət-ənənələrimizin təbliği baxımından da son dərəcə əhəmiyyətlidir.
Şəymən