ABŞ İraqda “Kürdüstan” dövləti yaratmaq barədə düşünür

Bu birbaşa Pentaqonun Tramp Administrasiyasına təsiri nəticəsində mümkün olub


ABŞ Prezidenti Donald Tramp miqrantların ölkəyə girişini tənzimləyən fərmanı imzalayıb. "Ağ Ev”in bəyanatında bildirilir ki, daha öncə 90 gün tətbiq edilən qadağa qüvvədə qalıb. Ancaq yeni fərmanda İraqın adı siyahıdan çıxarılıb.

Qadağanın İran, Liviya, Suriya, Yəmən, Somali və Sudan vətəndaşlarını əhatə edəcəyi vurğulanıb. Fərman həmin ölkənin vətəndaşı olmasına baxmayaraq, ABŞ-da yaşamaq və işləmək imkanı yaşıl kart sahiblərinə təsir etməyəcək. Məlumata görə, Xarici İşlər Nazirliyi və Pentaqonun tələbindən sonra İraqın adı siyahıdan çıxarılıb. Tramp isə İŞİD-lə mübarizədə İraqın roluna görə bu qərara gəldiyini bildirib. 

Məsələni "Şərq”ə şərh edən politoloq Natiq Miri deyib ki, İraqın siyahıdan çıxarılması Trampın fərmanının mahiyyətini dəyişmir: 

"ABŞ rəhbərinin miqrasiya haqqında qərarı Amerikanın dövlət fəlsəfəsinə və qanunvericiliyinə ziddir. Amerika aborigenlərdən ibarət bir dövlət deyil. Bu ölkə müxtəlif xalqlardan ibarət vahid toplumun hesabına formalaşıb. İraqın adının siyahıdan çıxarılması ABŞ-ın geosiyasi maraqlarına xidmət edən bir davranışdır. Amerikanın dövlət və ordu olaraq İraqda mövcudluğu Vaşinqtonun Yaxın Şərq siyasətinin tərkib hissəsidir. ABŞ bölgəni yenidən formalaşdırmaq, regionda öz maraqlarını təmin etmək istiqamətində çalışır, bölgədəki enerji daşıyıcılarına ciddi nəzarət edir. İraqda "Kürdüstan” dövləti yaratmaq barədə düşünür. Bu baxımdan Amerikanın rəsmi Bağdadı itirməsi, necə deyərlər, iraqlıların "xətrinə dəyməsi” neqativ proseslərə səbəb ola bilərdi. Ona görə də siyahıdan İraqın adını çıxartmağa məcbur oldu. Əks halda İraq hökuməti İranın və Rusiyanın təhriki ilə ABŞ-a problemlər yaradardı. İraqın qadağadan qurtulması birbaşa Pentaqonun Tramp Administrasiyasına təsiri nəticəsində mümkün olub”.

İsmayıl