Belə təhsil siyasəti düzgün deyil, bizim zərərimizədir




Ali məktəblərə qəbul imtahanlarının ödəniş qiymətləri orta məktəbi bitirmək üzrə olanları heyrətə salıb. Yuxarı sinif şagirdləri necə deyərlər, "qara günlərini” indidən qablaşdırırlar; ilk qəbul imtahanında müvəffəq ola bilməsək, növbəti ilə gərək ödəniş edək. Özü də nə az, nə çox, düz 40 manat. Bəs bu 40 manatı abituriyent hardan tapacaq?

Hazırda ən çox danışılan məhz bu mövzudur. Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri açıqlanıb və məlum olub ki, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 20, ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanında 1 iştirak üçün tarif 40 manat müəyyən edilib. 

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (I mərhələ) 1 iştirak üçün tarif 50, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda (II mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (I mərhələ) 1 iştirak üçün tarif 60, baza ali tibb təhsili əsasında rezidenturaya qəbulla bağlı test imtahanında (II mərhələ) 1 iştirak üçün tarif 100, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanında 1 iştirak üçün tarif 30 və rus bölməsi abituriyentləri üçün Azərbaycan dili üzrə test imtahanında 1 iştirak üçün tarif 10 manat məbləğində müəyyənləşdirilib.
Təhsil sahəsi üzrə mütəxəssis, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev qəbul imtahanlarının ödənişli olmasının qəti əleyhinədir. Ə.Ağayev "Şərq”ə açıqlamasında bunun yolverilməz olduğunu dedi:
- Mən dövlətimizin mənafeyini üstün tutaraq danışıram. Qəbul imtahanları təhsil sisteminin bir hissəsidir. Şagird orta məktəb pilləsini başa vurur və ali təhsil almaq üçün qəbul imtahanlarında iştirak etmək istəyini ortaya qoyur. Ali təhsil pilləsi ümumilikdə təhsilin növbəti bir mərhələsidir. Necə ola bilər ki, biz təhsilin pulsuz olduğunu deyək, amma qəbul imtahanlarını ödənişli edək?! İki məsələ heç cür bir-biri ilə uyğunluq təşkil etmir. Dövlət təhsilə təminat verir, hər kəsin təhsil almaq hüququnu tanıyır və bütün fəaliyyət də buna istiqamətlənir. Ali məktəbə qəbul imtahanları təhsilin davam etdirilməsi deməkdir. Bu mərhələnin başlanğıcda ödənişli müəyyən edilməsi dövlətin təhsil siyasətinə ziddir. Tarif Şurası imtahanın qiymətini necə, hansı əsasla müəyyən edir? Bu, zavodda, fabrikdə istehsal olunmuş məhsuldur ki, hansı qiymətə başa gəldiyi müəyyənləşsin? Tarif Şurası imtahanlara qiymət qoymalı deyil. Bu, onun səlahiyyətində olmamalıdır. 

İkincisi, biz bilmirik Dövlət İmtahan Mərkəzi qiyməti necə hesablayır, hansı əsasla? Bu məbləğlər haradan, necə götürülüb? Cənab Prezident ilk qəbul imtahanlarının ödənişsiz olmasına dair sərəncam imzaladı. Bu, Prezident tərəfindən xoşməramlı bir jest, bir mesaj idi ki, təhsili yarımçıq saxlamaq olmaz. Qəbul imtahanları ödənişli ola bilməz. Amma indi görürük ki, Tarif Şurası imtahanlara qiymət qoyur. Bu o deməkdir ki, 11 illik təhsili başa vuran bir yeniyetmə ali məktəbə qəbul imtahanında uğur qazana bilməsə, növbəti il ödəniş edib imtahanda iştirak etməlidir. Buna hamının gücü çatmaya bilər. Deməli, bir çoxları təhsilini yarımçıq saxlamalı olacaq. Magistratura, rezidenturaya qəbul imtahanları da çox bahadır. Ümumiyyətlə, mən həmişə demişəm, bir daha vurğulayıram ki, qəbul imtahanları, istər ilk, istərsə də birinci və ya ikinci, fərq etməz, heç bir halda, ödənişli olmamalıdır. Necə ola bilər ki, xarici ölkələr, qonşu dövlətlər ali məktəblərə ödənişsiz qəbul elan etsin, amma biz öz ölkəmizdə uşaqlarımızın ali təhsil almaq şansının önünü kəsək?! Belədə bizim cavanlar əlbəttə, qonşu dövlətlərə üz tutacaq. Gəncləri itirmək, güclü potensiala malik insanlarımızın ölkədən getməsinə bir növ şərait yaratmaq bizə lazım deyil axı!

Ə.Ağayev təbliğat metodikası üzrə mütəxəssis kimi ödənişli qəbul imtahanlarının təhsil strategiyasına zidd olduğunu dedi:

- Mən hazırda respublikada təbliğat metodikası üzrə yeganə mütəxəssisəm. Bu işlərə bələd olduğum üçün deyirəm ki, belə təhsil siyasəti düzgün deyil və bizim zərərimizədir. Bu addımı atanlar məsələnin ideya-siyasi tərəflərini də düşünməlidirlər.

Məlahət Rzayeva