"Almaniya Türkiyəyə müdaxilə etməməlidir" - ÇAĞIRIŞ




"Türkiyənin siyasi həyatını türk xalqı müəyyən edir, kənardan bu proseslərə heç bir müdaxilə olmamalıdır”.

Bunu Sherg.az-a son zamanlar Almaniya və Türkiyə arasında yaranan gərginliyə münasibət bildirərkən millət vəkili Fəzail İbrahimli deyib. 

O bildirib ki, bu, dövlətlərarası münasibətdir, hər bir dövlətin isə özünün daxili siyasəti var:

"Hansısa dövlət başqalarının daxili işinə qarışmalı deyil. Bəzən Avropa dövlətləri özlərini həddən artıq dominantlıq statusunda görür. Başqa dövlətə nəysə diktə etmək istəyir. Almaniya, Fransanın heç bir dövlətə diktə etmək ixtiyarı yoxdur. Sadəcə olaraq, Türkiyə Almaniyanı qane etmirsə, sivil formada görüşlərində müəyyən şərtlər qoymaqla, məhdudiyyət saxlamaqla bunu həll edə bilər. Amma dövlət başqa dövlətə diktə etsin ki, bunu belə et, onu elə et, bu, düzgün deyil. Türkiyənin dövlət başçısı, konstitusiyası, xalqı var. Referendum olacağı təqdirdə bunu nə Almaniya kansleri, nə də alman xalqı müəyyən edir. Almaniyada gedən proseslərə Türkiyə müdaxilə etmədiyi kimi Almaniya da Türkiyəyə müdaxilə etməməlidir. Bu dövlətlər eyni hərbi blokda təmsil olunurlar. Blokla bağlı proseslərdə də qurumun mərkəzləşdirilmiş hakimiyyəti münasibətini ifadə edir. Heç vaxt blokun üzvləri olan dövlətlər bir-birinə müdaxilə edə bilməz. İstərdim ki, bundan sonra demokratiyaya uyğun heç kəsin başqa dövlətin daxili işlərinə qarışmaq imkanı olmasın. Türkiyə müstəqil, açıq, öz hüquqlarını qorumağı bacaran dövlətdir və təhlükələrə qarşı ayıq-sayıq olmalıdır”.

F.İbrahimli əlavə edib ki, Türkiyədəki referenduma dəstək verib verməməyi Almaniyanın öz işidir: 
"Hansı dövlət istəyir başqa dövlətlə bağlı rəyini formalaşdıra bilir. Almaniya referendumun nəticələrini tanıya da bilər, tanımaya da bilər. Bu onun şəxsi işidir”.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniya hökumətinin Türkiyənin daxili işlərinə qarışıb, tərəf tutmamalı olduğunu söyləyib. O bildirib ki, Almaniyada siyasətçilərin, medianın Türkiyəyə qarşı sərt münasibət bəslədiyi, hətta islamafobiya həddinə gəldiyi müşahidə olunur.

Aysel Aslan