Ermənistan Avropadan da dəstək almaq istəyir
Martın 6-da Ermənistan prezidenti Serj Sarkisyan Fransaya səfər edib və həmkarı Fransua Ollandla görüş keçirib. Tərəflər bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə ediblər. Sarkisyan hər dəfə olduğu kimi, yenə də çirkin niyyətindən əl çəkməyərək Qarabağ ərazisində Azərbaycan ordusu tərəfindən atəşkəsin pozulduğunu bildirib.
Təxribatçı və yalançı Ermənistan prezidenti söhbətə Ollanda yaltaqlanmaqla başlayıb: "İnanıram ki, Minsk Qrupunun üzvü olaraq Fransa Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutacaq. Fransanın və şəxsən sizin Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətiniz böyükdür. Ermənistan çalışır ki, münaqişədə sülh yolunu tutsun. Lakin Azərbaycan tərəfi buna mane olmağa çalışır. Tez-tez cəbhə istiqamətində atəşkəsi pozur”. Olland isə bəyan edib ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər: "Biz ABŞ və Rusiya ilə birgə Minsk Qrupunun həmsədriyik. Son zamanlar baş verən insidentlərin təkrarlanmaması və münaqişənin siyasi yolla həllində maraqlıyıq”.
Sarkisyanın Fransa səfəri və sərsəm açıqlamaları ilə bağlı "Şərq”ə fikirlərini bölüşən siyasi ekspert Vasif Əfəndiyev deyib ki, Sarkisyanın Fransaya səfəri Avropaya inteqrasiyanın konturlarını müəyyən etməyə hesablanıb:
"Rusiya XİN başçısı Sergey Lavrov bildirdi ki, Azərbaycan və Ermənistan tərəfləri əsas məsələlərdə ümumi razılığa gələ bilməyiblər. Münaqişənin həllini bir növ "öhdəsinə” götürən Rusiya tərəfinin bu sayaq bəyanat verməsi gözlənilən olsa da, bizim üçün arzuedilən deyil. Hesab edirəm ki, Lavrovun bu mövqeyi "Qarabağ Azərbaycanın daxili işi deyil” bəyanatının davamıdır. Bununla Rusiya tərəfi münaqişəni sonsuza qədər dondurulmuş vəziyyətdə saxlamağı düşünür. Belə siyasət rus maraqlarına tam uyğundur”. Politoloq vurğulayıb ki, Azərbaycan tərəfi reallığı başa düşərək torpaqlarımızın işğal altında saxlanmasına dözməyəcəyini son bir ildə əməli hərkətlərlə sübuta yetirdi: "Beynəlxalq hüquqlara arxalanan Azərbaycan hakimiyyəti öz ərazisində işğal altında olan torpaqları azad etmək istəyini və qərarlığını göstərdi. Təbii ki, bizim fəallığımız Rusiya və Ermənistanı ciddi narahat etməkdədir. Ona görə də Rusiya Ermənistana tam texniki və iqtisadi yardım etmək üçün quru yolu ilə Gürcüstan üzərindən koridor açılmasını həyata keçirməyə çalışır. Gürcüstan hakimiyyəti Rusiyadan Ermənistana dəhliz açılmasına tam razılıq verməyib. Amma bunun perspektivdə mümkünlüyünü istisna etmirəm”.
Ekspertin fikrincə, Avropa Birliyi ölkələri bütün imkanlardan istifadə edərək Gürcüstanla Rusiyanın sərhədlərinin açılmasına əngəl törətməyə çalışırlar:
"Bu səbəbdən Avstriya xarici işlər naziri Sebastyan Kurts Gürcütanda qaçqın və immiqrantlar üçün düşərgələr və filtirasiya zonası yaradılması təklifi ilə çıxış edib. Proses Avropa Birliyi ölkələrinin bölgəyə diqqətinin daha da artmasına gətirib çıxaracaq. Bu isə Rusiya və Ermənistanın ümumi maraqlarına ziyan verəcək bir addımdır. Bu yaxınlarda Ceyms Uorlikin Cənubi Qafqazda sülhün yaradılmasının vacibliyini və işğal altında olan torpaqların azad olunmasının vacibliyindən danışması bölgəmizin diqqət mərkəzində olmasından xəbər verir. Rusiya ilə danışıqları başa vuran və təhlükəsizlik qarantı alan Serj Sarkisyan Avropada mövqelərini möhkəmləndirmək barədə düşünməkdədir. Sarkisyanın Avropanın ən aparıcı dövlətlər sırasına daxil olan Fransaya səfəri də Avropaya inteqrasiyanın konturlarını müəyyən etməyə hesablanıb. Bundan sonra Sarkisyan hakimiyyəti Avropa Birliyi ölkələri ilə sıx əməkdaşlıq proqramlarında iştirak etməyə çalışacaq. Ermənistanın Avropada Şərq Tərəfdaşlığı layihəsinə qoşularaq, bu təşkilatın hüquqi üzvü olmaq haqqında qərar verəcəyini də istisna etmirəm”.
İsmayıl