“AZAL”ın keçmiş prezidenti təyyarə qəzasından danışdı

Hava limanının üzərində 3 dəfə dairə vurması göstərir ki, təyyarədə də müəyyən nasazlıq olub

Noyabrın 17-də Rusiyada təyyarə qəzası baş verib. Moskva- Kazan reysi ilə uçan "Boinq 737” təyyarəsi Kazan aeroportunda qəzaya uğrayıb. Rəsmi məlumatlara görə, 44-ü sərnişin, 6 nəfəri isə heyət üzvü olmaqla qəzada 50 nəfər həlak olub.

Ölənlər arasında Tatarıstan prezidenti Rustam Minnikhanovun oğlu - İrek Minnikhanov, habelə FSB-nin (Rusiya təhlükəsizlik xidməti) Tatarıstan idarəsinin rəhbəri Alexander Antonov var. Artıq hadisə ilə əlaqədar Tatarıstanda matəm elan edilib. Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin qəzada həlak olanlarla bağlı açıqladığı siyahıda həm sərnişinlər, həm də ekipaj üzvlərinin adları yer alıb. Həlak olanlar arasında Azərbaycan vətəndaşı olmayıb. Böyük Britaniya vətəndaşının olması barədə xəbər isə artıq öz təsdiqini tapıb.

Onu da deyək ki, ABŞ-ın nəqliyyatda təhlükəsizlik Şurası qəzanın səbəblərini araşdırmaq üçün Rusiyaya mütəxəssislərdən ibarət qrup göndərəcək. 3 nəfərdən ibarət qrupa qəzaların araşdırılması üzrə mütəxəssisi Dennis Cons rəhbərlik edəcək.

Rusiya mətbuatının məlumatına görə, 363 - cü reyslə Moskvanın "Domodedova” hava limanından havaya qalxan və Kazanda qəzaya uğrayan "Boinq 737” markalı təyyarənin "qara qutu”su tapılıb. Lakin hələlik "qara qutu” yoxlanılmadığı üçün qəzanın səbəbləri bəlli deyil. İlkin məlumatlarda isə təyyarənin partlamasına səbəb kimi ekipaj üzvlərinin səhvi göstərilib.

"AZAL”ın sabiq prezidenti Ədalət Əliyev də hesab edir ki, heyət üzvlərinin təcrübəsizliyi ucbatından təyyarə yerə eniş edə bilməyib:

- Hələlik "qara qutu” yoxlanılmadığı üçün konkret fikir bildirmək çətindir. Ancaq subyektiv fikirlərim budur ki, qəzanın baş verməsi təyyarəçilərin səhvinin nəticəsidir: "Çox güman ki, hava şəraiti çox mürəkkəb olub. Təyyarə 3 dəfə enməyə cəhd edib, sonra isə dairə vuraraq qalxıb - enib. Nəticədə isə yerə enən kimi partlayıb. Görünür, idarəedicilər və ekipaj üzvləri təyyarənin enməsini düzgün tənzimləməyi bacarmayıblar. Hər halda hava limanının üzərində 3 dəfə dairə vurması göstərir ki, təyyarədə də müəyyən nasazlıq olub. Ya da dediyim kimi, hava şəraiti mürəkkəb olub ki, təyyarə enə bilməyib. Zənnimcə, yer xidməti vaxtında bu təhlükəni sezsə, müdaxilə edə bilərdi. Ən azından təyyarənin ehtiyat aeroporta enməsini tənzimləməklə, təhlükənin qarşısını ala bilərdi: "Təyyarəçi olduğum üçün bilirəm ki, təyyarə yerə eniş edə bilməyəndə yer xidmətinə bu barədə məlumat verilir. Onlar da təhlükə hiss etdiyi an təyyarəni göndərirlər havası daha münbit olan ehtiyat aeroporta. Bu mənada qəzanın baş verməsində yer xidməti də günahkardır”.