Həmsədrlik problemi “Milli Şura”nı dağıdacaq

Şərqdə daha çox “bir adamın sözünü eşitmək” ənənəsi hakimdir



Prezident seçkisindəki uğursuzluqdan və istefalar dalğasından sonra "Milli Şura”da yaşanan çalxantılar hələ də davam edir. Qurumun hazırkı sədri Rüstəm İbrahimbəyovun təşkilatda həmsədrlik institutunun yaradılması təklifini irəli sürməsi isə "Milli Şura” daxilindəki ziddiyyətləri pik həddə çatdırıb. Belə ki, AXCP üzvləri R.İbrahimbəyovu dəstəkləsələr də, müsavatçılar sədrin təklifini etirazla qarşılayıblar.

Onlar vahid sədrliyin daha düzgün olmasını əsas gətirərək həmsədrlik institutuna ehtiyac olmadığını deyiblər. Hətta daha da qabağa gedərək, ümumiyyətlə, R.İbrahimbəyova ehtiyac olmadığını açıq şəkildə bəyan ediblər. Hazırkı sədrin şuradan uzaqlaşdırılması təkliflərinə arqument kimi R.İbrahimbəyovun prezidentliyə namizəd ola bilməməsi, Azərbaycana dönməməsi və siyasi proseslərdə iştirak etməməsi göstərilib. Bunun qarşılığında isə Cəmil Həsənlinin quruma sədrliyi irəli sürülüb. Ancaq R.İbrahimbəyov mətbuata verdiyi müsahibəsində qurum rəhbərliyindən getmək fikri olmadığını vurğulayıb. Ekspertlər baş verənləri "Milli Şura”nın parçalanması istiqamətində növbəti addım kimi dəyərləndirir və qeyd edirlər ki, bitib-tükənməyən fikir ayrılıqları nəticəsində qurumda yaranan qalmaqallar "Milli Şura”nın uzunmüddətli fəaliyyətini şübhə altında qoyur. Onların fikrincə, proseslərin belə davam edəcəyi təqdirdə qurumun dağılma perspektivi uzaq görünmür.

Qurumu ayaqda tuta bilmək üçün ortaya atılmış həmsədrlik məsələsini şərh edən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev deyir ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün həmsədrlik institutu tamamilə yararsız və ziyanlıdır. Politoloqun sözlərinə görə, bu təklifi səsləndirənlər siyasətdən bixəbər olmasaydılar, qətiyyən bunu gündəmə gətirməzdilər: "Milli Şura”nı yaradanlar elə nəzərdə tuturdular ki, xaric bu qurumu maliyyələşdirəcək və onlar da ölkədə süni şəkildə yaratdıqları vətəndaş qarşıdurmasından öz siyasi məqsədləri üçün istifadə edəcəklər. Həmin planın reallaşmasının imkansız olduğunu görən müxalifət gündəmdən tamamilə düşməmək üçün həmsədrlik oyununu ortaya atıblar”.

C.Nuriyev vurğulayır ki, həmsədrlik institutu daha əvvəl Azərbaycanda sınaqdan keçirilib və çox pis nəticə ilə yekunlaşıb: "Xatırlayırsızsa, vaxtı ilə Rəsul Quliyev və Ayaz Mütəllibov da partiyalarında həmsədr institutundan istifadə etmişdilər. Amma bunların heç biri özünü doğrultmadı. Çünki Azərbaycan üçün, ümumiyyətlə, şərq dünyası üçün həmsədrlik yaramayan bir üsuldur. Şərqdə daha çox "bir adamın sözünü eşitmək” ənənəsi hakimdir. Yəni millətlərin genetik yaddaşında sadəcə bir tərəfin əmrlərinə riayət etmək düşüncəsi var. Amma fikirləri müxtəlif iki və ya daha çox adamın hansısa quruma söz keçirməsi ölkənin siyasi praktikasında yoxdur. Müsavat bunu dərk etdiyi üçün həmsədrlik məsələsinin əleyhinə çıxır”.

Politoloq bildirir ki, uğursuz taktikanı təzədən ölkə siyasətinə yamamaq istəyənlər bu yamağın tezliklə sökülməsinə mane ola bilməyəcəklər: "ACXP-nin durumu Müsavatdan fərqlidir və kifayət qədər ağırdır. Bu baxımdan AXCP bir növ həmsədrlik təklifindən siyasi dividend götürmək üçün istifadə edir. Yəni dəstəklədikləri C.Həsənlini quruma sədr və ya həmsədr etməklə yenidən partiyanın mövqeyini gücləndirməyə səy göstərirlər. R.İbrahimbəyov da istər-istəməz C.Həsənlini qabağa verir, çünki düşünür ki, özü xaricdə, C.Həsənli isə burda oturub qurumu idarə edə biləcəklər. Təbii ki, bu mümkün deyil. Belə vəziyyət onsuz da dağılma ərəfəsində olan "Milli Şura”nın məhvini daha da sürətləndirəcək. Xüsusən AXCP-nin bu məsələdə dominantlıq əldə etməyə çalışması Müsavatı daha da "əsəbiləşdirir”. Həmçinin iki partiya arasındakı köhnə haqq-hesabları da unutmaq lazım deyil”.

C.Nuriyevin fikrincə, C.Həsənlinin "reanimasiyadan” çıxarılması Avropa və ABŞ-ın planıdır. Çünki qərbin Azərbaycana təzyiq göstərməsi üçün yeni bir "dəyənək” lazımdır: "Azərbaycan iqtidarı ölkə müxalifətini "acı bağırsağına” kimi tanıyır və ona görə də onları ciddi qəbul etmir. Bəzi xarici dairələr isə elə fikirləşirlər ki, C.Həsənli müxalifət düşərgəsini bərpa etməyə layiq şəxsdir. Amma elə əsas səhvi də orda edirlər. Çünki köhnə müxalifət daha ağıllı və səriştəlidir, nəinki C.Həsənli. Bu insan alimdir, ziyalıdır, amma onun siyasi xarizması yoxdur. Əgər həmsədrlik yaradıb bura C.Həsənlini sədr seçəcəklərsə, elə "Milli Şura” dağılsa yaxşıdır.