Prokuror Gülər Əhmədovaya 4 il iş istədi

Keçmiş millət vəkili: “Ölsəm də, batsam da, o videonu qəbul etməyəcəyəm”



Ötən gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə həbsdə olan keçmiş millət vəkili Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən dünənki məhkəmə prosesində G.Əhmədovanın vəkili Əfsər Talıbov vəsatətlə çıxış edib. O, E.Abdullayevin videolar çəkdiyi ofisdən qanunsuz istifadə etdiyini, çəkilişləri də qanunsuz apardığını diqqətə çatdırıb. Vəkil bildirib ki, E.Abdullayev bu videoçəkilişlərlə müxtəlif insanları şantaj etmək niyyəti güdüb: "Videolarla bağlı ekspertiza rəyində də ziddiyyətlər mövcuddur.

Bir yerdə yazıblar ki, sinxronluq pozulub. Digər yerdə yazıblar ki, pozulmayıb. Videonun nə zaman çəkildiyi də ekspertiza tərəfindən dəqiqləşdirilməyib. Həmçinin videonun tam versiyası istintaqa təhvil verilməyib. E.Abdullayev qanunu pozaraq, G.Əhmədova haqqında yalan məlumat verdiyi, mətbuatda şər-böhtan xarakterli məlumatlar yaydığı üçün onun əməlinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsini xahiş edirəm. Həmçinin qanunsuz görüntü əldə etdiyi üçün həmin məsələyə də hüquqi qiymət verilsin. Xahiş edirəm, ekspert məhkəməyə dəvət olunsun və ziddiyyətli məlumatlar araşdırılsın”.

Dövlət ittihamçısı Eldar Həmzəyev isə bildirib ki, videolarla bağlı vəsatət təmin oluna bilməz: "Çünki həmin məsələ ilə bağlı cinayət işinin başladılması istintaq orqanı tərəfindən rədd olunub. Həmçinin ekspertiza ilə bağlı şübhə olmadığı üçün bu vəsatət də rədd olunmalıdır”. Məhkəmə isə vəkilin qaldırdığı vəsatətləri rədd edib.

"Məni çıxarın burdan”

Bundan sonra məhkəmədə müttəhim G.Əhmədova danışıb. Keçmiş millət vəkili xatırladıb ki, E.Abdullayevin bacısı oğlundan dayısının videoların tam versiyasını göndərməsini xahiş edib: "Amma o, videoların tam versiyasını göndərməyib. Bakıda Gülər Əhmədova adında bir çox insan var. Əgər belədirsə, onlardan birini tutun, məni çıxarın burdan. Demək istəyirəm ki, videolar əsl deyil. Ekspertiza da videolarla bağlı dolaşıq rəy verib. Deyir, montaj olunmayıb, amma sinxron pozulub. Bir formatdan başqa formata köçürülüb. Montajın bəyəm buynuzu olur? Mən əvvəldən demişəm, o videonu qəbul etmirəm. Kimin ixtiyarı var, Konstitusiyanı pozmağa? E.Abdullayev oyun oynayır. Bu adam siyasi akrobatika ilə məşğuldur. Saxta videonu əsas götürüb, məni həbs ediblər, ekspertiza keçiriblər. Dünyanın hansı yerində əsli olmayan video sübut kimi götürülür? Deyir, videoda söyüş var, ona görə yaymıram. Bəli, söyüş var. Burda hamının 18 yaşı tamam olub. Qorxur ki, prokurorluğun tərbiyəsini pozar? Mən buna məəttəl qalmışam. Elşad kimdir axı?”.

"Əslində nə var, o da bilir, mən də”

G.Əhmədova iddia edib ki, E.Abdullayev videonun tam versiyasını, montaj olunmamış əslini ortaya çıxara bilməz: "Əslində nə var, o da bilir, mən də. Ölsəm də, batsam da, o videonu qəbul etməyəcəyəm. Siz qəbul edirsiniz, özünüz bilərsiniz. Elşad bilir, orda kimin dalınca danışıb və nə cavabı alıb. Ona görə əslini göstərmir. Buna görə qadın xeylağını həbsdə saxlayarlar? Mənim günahım nədir axı? Bu adam yeddi il kimi gözləyib? Baş prokuror Zakir Qaralov da açıqlamasında deyib ki, əvvəlcə E.Abdullayev gəlməlidir. Mən Milli Məclisdə oturan adam idim, gələrdin evimə, iş yerimə ki, sənə bir milyon pul vermişəm. Çünki sən də, Sevinc də yaxşı bilirdiniz ki, pulun haradadır. Biri ölüb, o biri də Fransada oturub. Bunu Allah götürməz. Mən onsuz da hər kəsi Allaha tapşırmışam. Ekspertiza artimulyasiya məsələsini də araşdırmayıb. Halbuki bu, çox vacib məsələdir”.

G.Əhmədovanın çıxışından sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Prokuror Gülər Əhmədovaya iş istədi

Günün ikinci yarısında məhkəmə prosesi davam etdirilib.

Dövlət ittihamçısı Eldar Həmzəyev G.Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror bildirib ki, ittihama əsasən, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməlidir: "Onun himayəsində azyaşlı uşaq olması, ictimai fəaliyyəti, parlamentin 3 çağırış deputatı olması yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Həmçinin vurulan maddi ziyanın məbləği məhkəmə tərəfindən müəyyən olunmalıdır. Bununla yanaşı, təqsirləndirilən şəxs cəzasını həbsdə çəkməlidir”.

Bundan sonra söz G.Əhmədovanın vəkili Ə.Talıbova verilib. Vəkil çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.

Keçmiş deputatın məhkəmə prosesi noyabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

Sabiq deputat Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.