Müdafiə naziri yaxşı başladı

Əsgərlər daha mətbəxdə aşbaz kimi çalışmayacaq

Yeni müdafiə naziri Zakir Həsənov islahatlara, deyəsən, əsgər mətbəxindən başlayıb. Baş Qərargah rəisi ilə birgə cəbhə bölgəsinə səfər edən nazir, hərbi hissələrdə əsgərlərin aşbaz kimi çalışmasına etiraz edib. Nazir təklif edib ki, xüsusən yaşayış məntəqələri, kəndlərin yaxınlığında yerləşən hərbi hissələrdə yeməklərin hazırlanması üçün yerli əhalidən istifadə edilsin, işə ehtiyacı olan qadınlar aşbaz kimi işə cəlb edilsinlər. Müdafiə naziri hərbi hissə komandirlərinə bununla bağlı tapşırıq verib.

Nazirin bu tapşırığı mülki əhalinin ürəyincə olsa da, hərbi xidmətdə olanların, xüsusən də gününü mətbəxdə, qazan başında, soğan doğramaqla keçirən əsgərlərin kefinə soğan doğrayıb. Məlumdur ki, bəzi gənclər, həmçinin bəzi valideynlər də övladlarının hərbi xidməti birtəhər başa vurmasını arzulayır və bunun üçün bütün mümkün vasitələrdən, tanışlıqlardan yararlanaraq övladlarını ya mətbəxə, ya da yazı-pozu işinə "salmağa” çalışırlar. Gününü keçir, ay ötsün, il dolansın, bir də görərsən, əsgərlik başa çatıb.

Amma yeni nazirin əsgərlərə mətbəx qadağası bəzi valideynlərin "kürkünə birə salıb”.

Əsgər mətbəxdə olmalıdırmı? Bizə əlində çömçə, yoxsa silah tutan əsgər lazımdır?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Fazil Mustafa "Şərq”ə açıqlamasında Azərbaycana xörək bişirməyi bacaran deyil, döyüşməyi bacaran əsgər lazım olduğunu dedi. Millət vəkili qeyd etdi ki, hərbi hissələrin mətbəxində mülki şəxslərin çalışması daha məqsədəuyğundur:

- Müdafiə naziri Zakir Həsənovun təyinatından sonra bir sıra müsbət addımlar atılıb. Paytaxt küçələrində şütüyən, vətəndaşların əlavə bəzək kimi yanaşdığı UAZ maşınlarının mərkəzdən cəbhə bölgəsinə göndərilməsi və təyinatı üzrə istifadə olunması qərarı da bu qəbildəndi. UAZ avtomobilləri ekstremal şəraitlər üçün əla vasitədir. Bu avtomobillər hərbi şəraitə, cəbhə bölgələrinə uyğunlaşdırılıb. Bu maşınların paytaxtda nə işi var?! Əsgərlərin mətbəxdən çıxarılması qərarını da mən müsbət addım, məqsədəuyğun qərar hesab edirəm. Mən 1984-86-cı illərdə Ukraynada hərbi xidmət keçmişəm. O zaman bizim hərbi hissədə yeməyi mülki şəxslər - qadınlar bişirirdi. Bəzən şəraitə uyğun olaraq yeməyin hazırlanması əsgərlərə tapşırıla bilər. Yəni, bu məsələdə konkret qayda, əsasnamə yoxdur. Mülki şəxslərin işləyə bilmədiyi yerlərdə, bəli, əsgərlər özləri bu işi icra edə bilər. Amma harda ki, mətbəxdə mülki şəxslərin çalışmasına imkan var, orada əsgər vaxtını qazan başında keçirməməlidir. Hazırda hərbi xidmətlə bağlı bizi narahat edən bir məsələ də əsgərlərin təmizliyidi. Elə bir vəziyyətdir ki, əsgər həftədə bir dəfə çiməndə sevinir. Halbuki, səyyar hamamlar təşkil etmək çox asan bir işdir. Səyyar hamamları hər gün bir bölgəyə daşımaqla və onun su ilə təchizatını təmin etməklə əsgərlərimiz vaxtaşırı yuyuna bilər və təmiz, sağlam olarlar.

Əsgərin ilk növbədə döyüş hazırlığına diqqət yetirilməlidir. Təəssüf ki, bəzən bizim əsgərlər vacib vərdişlərə yiyələnərək qayıtmırlar. Silahla davranış qaydalarını bilmirlər, bəzən hətta əsgərə patron da verilmir ki, əlavə xərcə nə ehtiyac var?! Əsgər hərbi xidmətdə birtəhər başını girləyir, ərzaqla, yeməklə məşğul olur. Əsgərin döyüş hazırlığı keçməli olduğu isə unudulur. Hərbi xidmət müddətinin qısaldılması, bu mənada müsbət nəticə verə bilər. Qısa müddət ərzində bütün diqqət sistemli planlaşdırmaya, praktik hazırlığa yönəldilər. Əslində, Azərbaycan kimi müharibə şəraitində, torpaqları işğal altında qalmış bir ölkədə hər şey müharibə aparmağa indekslənməlidir. Hər şeydən öncə yüksək döyüş hazırlıqlı əsgər yetişdirilməlidir. Əsgərin yemək bişirməklə baş qatmasının bir mənası yoxdur. Yaxud da, yazışmalara, dəftərə nəsə köçürməyə vaxt itirmək lazım deyil. Real hazırlıq olmalıdır. Əsgərlik vaxt öldürmə yeri deyil.

Millət vəkili ordunun təchizatı probleminə də toxundu:

- Ordunun təchizatında inhisarçılıq aradan qaldırılmalıdır. Əsas məsələ ərzağın oğurlanmamasıdı. Ordu artıq tender variantına keçməlidir və bəzi istisnaları çıxmaq şərtilə tenderlər barədə ictimaiyyət məlumatlı olmalıdır. Ordunun təchizatında müəyyən şəxslərin imtiyazlara sahib olması yoxlamaların aparılmasına imkan vermir. Baxın, keyfiyyətli döyüş təyyarələri alınmaması səbəbindən ən yaxşı pilotlarımız sınaq uçuşlarında həlak oldu. Avtomatların çoxunun vaxtı ötüb. Onlarla heç düzgün nişan almaq da olmur. 1 il 6 ay xidmət etmiş əsgər tank üzü görmür. Sabah döyüş olarsa tank onun üstünə gələndə səsindən qorxub qaça bilər, çünki tankla tanış deyil. Yeniyetmənin hərbi hazırlığı orta məktəbdən başlamalıdır, düzgün hərəkəti, sıraya düzlənməyi, nizamlı gedişi, avtomatla davranış qaydasını uşaq məktəbdə öyrənməlidir, amma bizdə məktəbdə bir qumbara partladı deyə, hərbi dərsləri ləğv etdilər. Hətta İsraildə olduğu kimi qadınları da könüllü hərbi xidmətə cəlb etmək mümkündü. Elə xanımlar var ki, yaradılışları, fiziki görkəmləri etibarilə orduya tam uyğun gəlirlər. Üstəlik, özlərinin də istəkləri olur. Onlardan da yararlanmalıyıq. Biz, həqiqətən də, Qarabağa, itirilmiş ərazilərimizə sahib olmaq istəyiriksə, sistemli döyüş hazırlığı keçməliyik və döyüşə hazır olmalıyıq.