Sürət qatarı gəlir...

Bakı-Qazax-Bakı sərnişin qatarı ləğv edilir

Sərnişin daşımalarında iqtisadi səmərəliliyin artırılması, təsərrüfata çəkilən xərclərin azaldılması, sərnişinlərin rahatlığının təmin edilməsi və onlara göstərilən xidmət səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə sərnişin qatarlarında dəyişikliklər aparılacağı bildirilib. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, 1 dekabr 2013-cü ildən 662-661 -li Bakı-Qazax-Bakı sərnişin qatarı ləğv edilərək 98-97 -li Bakı-Ağstafa-Bakı sürət qatarının marşrutu Qazax stansiyasınadək uzadılacaq və "98-97 -li Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı” adlandırılacaq.

Qatar 10 vaqondan ibarət olacaq və sərnişin axını olarsa, qatara əlavə fakultativ vaqonlar qoşulacaq. 662-661 №-li Bakı-Qazax-Bakı sərnişin qatarı Bakıdan axırıncı dəfə 30 noyabr 2013-cü ildə, Qazaxdan geriyə isə 1 dekabr 2013-cü ildə yola düşəcək. Həmçinin 98-97 №-li Bakı-Ağstafa-Bakı sürət qatarı Bakıdan axırıncı dəfə 30 noyabr 2013-cü ildə, Ağstafadan geriyə isə 1 dekabr 2013-cü ildə yola düşəcək. 98-97 №-li Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı Bakı sərnişin stansiyasından saat 22-05-də yola düşəcək və Qazaxa saat 09.40-da çatacaq. Qatar Qazaxdan 19.05-də yola düşəcək və Bakı sərnişin stansiyasına saat 07.25-də çatacaq. Eyni zamanda 38-37 №-li Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında sərnişin sıxlığının artırılması məqsədilə Bakı-Böyük Kəsik-Bakı sahəsində bu qatar üçün xüsusi yerli tarif tətbiq ediləcək. Azərbaycanın ən böyük və ən çox hərəkət sıxlığı olan Bakı-Qazax sərnişin qatarının ləğv edilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sərnişinlər qeyd ediblər ki, hökumətin tramvay və trolleybusun ardından dəmiryol nəqliyyatını da (sərnişindaşıma sektoru üzrə) ləğv etməyə hazırlaşdığını göstərir. Çünki bu qatara bilet tapmağın həmişə müşkül olduğu bir vəziyyətdə əvvəllər 16-18 vaqonu olan qatarın vaqon sayının son vaxtlar 6-7-yə endirilməsi şübhə doğurur. Bu qatarın, (daha doğrusu, onun 2-3 vaqonunun) Bakı-Ağstafa firma qatarına birləşdirilməsinin əslində qiymətlərin artırılması demək olduğunu iddia edən istifadəçilər bu qatarda qiymətlərin 2 dəfə yüksək olduğunu vurğulayıblar. İqtisadçı-ekspert, professor Zahid Məmmədov da hesab edir ki, 662-661 №-li Bakı-Qazax-Bakı sərnişin qatarı ləğv edilərək 98-97 №-li Bakı-Ağstafa-Bakı sürət qatarının marşrutu Qazax stansiyasınadək uzadılması sərnişin daşımalarında iqtisadi səmərəliliyin artırılması ilə bağlıdır: " Yəqin ki, "Azərbaycan Dəmir Yolları” QSC belə bir qərar qəbul etməzdən hər şeyi ölçüb-biçib, bütün qaydalar hazırlanıb. Burada elə bir problem görmürəm”. "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən atılan bu addımın qiymət artımına səbəb olub-olmayacağına gəldikdə isə Z.Məmmədov bu məsələyə bir az sərt reaksiya verib. Onun sözlərinə görə, mətbuatda, sosial şəbəkələrdə müntəzəm olaraq qiymət artımından danışmaq bir növ "oğru yadına daş salmaqdır: "Bütün gün qiymət artımından yazanda təbii ki, qiymətlər artacaq. Nə qədər qiymət artımından danışmaq olar? Sanki ölkədə bir qrup adamın işi-gücü ancaq qiymət artımını gündəmə gətirməkdir. Danışa-danışa axır ki, benzinin də qiymətini artırdılar”. Z.Məmmədovun sözlərinə görə, hansısa sahədən söz düşəndə qiymət artımını vurğulamaq artıq bizdə psixoloji amilə çevrilib.