Əflatun Amaşovun doğum günü - Dostları təbrik etdi




Sabah Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun 60 yaşı tamam olur. Biz də "Şərq" ailəsi olaraq onu qələm dostları və deputat həmkarlarının yubliyarımızın ünvanına söylədikləri xoş sözlər və arzuları öyrənməklə təbrik etdik.

Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, Ə.Amaşovun ictimai fəaliyyəti də, şəxsi həyatı da göz önündədir:

"Bilirsiniz ki, Azərbaycan mətbuatının inkişaf tarixində Mətbuat Şurasının yaranması yeni mərhələdir. Azərbaycan milli mətbuatının mili mənafeyə yönlənməsi istiqamətində inzibati vasitələrin tətbiqi, media-cəmiyyət münasibətlərinin tənzimlənməsində Mətbuat Şurasının böyük rolu olub. Əflatun AmaşovMətbuat Şurasınayarandığı gündən indiyə qədər rəhbərlik edir. Düşünürəm ki, bu ictimai institutun uğur və nailiyyətlərdə onun xüsusi rolu var. Ə.Amaşov ümumiyyətlə xarakter etibarilə, olduqca ünsiyyətcil, insanlarla münasibətdə mütləq ortaq cəhət tapmağı bacaran biridir. O Milli Məclisin deputatı seçilməsi də onun ictimai nüfuzundan xəbər verir, respublika səviyyəsində fəaliyyətinin seçicilər tərəfindən qiymətləndirilməsinin sübutudur. Düşünürəm ki, Əflatun Amaşovun bu rəğbəti qazanması özü böyük nailiyyətdir. Bununla bərabər onun çox yaxşı insani keyfiyyətləri var. Azərbaycan mədəniyyətini, Azərbaycan poeziyasını dərindən bilən, Azərbaycan musiqisinə xüsusi münasibəti olan insandır. Onunla biz bir neçə ölkədə səfərlərdə olmuşuq. Ölkəmizin ictimai, mədəni akademik həyatının istənilən sahəsində onun hökmən fəaliyyəti var. O həm də öz üzərində çalışan, daima özünün səfərbər edən, idraki keyfiyyətlərini durmadan gəlişdirən insandır. Bu mənada onun keyfiyyətləri təqdir olunandır.

Əflatun Amaşov haqqında çox söz demək olar. Bütün fəaliyyətlərində o yüksək qiymətləndirilir. Mən onu 60 illik yubileyi münasibəti ilə təbrik edirəm. Ə.Amaşova bundan sonrakı həyatında uğurlar arzu edirəm”.

"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, hər zaman onunla qürur duyaq:

"Onun haqqında bütün ürək sözlərimi xüsusi yazdığım yazıda ifadə etmişəm. Əslində deyə biləcəklərimin, yazacaqlarımın sayı kifayət qədərdir. Bir dost kimi yazmışam onun haqqında. Əflatun Amaşovun Mətbuat Şurasındakı fəaliyyəti, millət vəkili kimi gördüyü işləri haqqında danışmağa ehtiyac yoxdur. Çünki bu proses hər kəsin gözü qarşısında baş verir. Biz də bunun iştirakçısıdır. Və yaxşı ki iştirakçısıyıq. Çünki biz tək bir insan kimi, dost kimi deyil, onu Mətbuat Şurasının sədri kimi, Azərbaycan mediasına layiqli rəhbərlik edən şəxs kimi, bacarıqlı, fəal millət vəkili kimi tanımışıq. Bu aspektdən Əflatun müəllimin müsbət keyfiyyətləri həddən artıq çoxdur. Mən çox nadir insanın adını çəkə bilərəm ki, Azərbaycan mətbuatı kimi zəngin, qarışıq, müxtəlif fikirlərin yer aldığı, tamamilə bir-biri ilə uzlaşmayan insanların fəaliyyət göstərdiyi, müxtəlif qütblərin olduğu sahəni, insanları bir arada tutmaq bacarığı, hər kəslə ünsiyyət qurmaq bacarığı olsun. Məncə, buna ilk növbədə səbri, təmkini, insanları tanımaq bacarığı ilə nail olub. Ə.Amaşov kifayət qədər ədalətli və obyektiv insandır. O, istedadlı və yaradıcılığı düzgün dəyərləndirməyi bacarır. İstedadlı insanlar nə qədər ona qarşı münasibətdə fərqli mövqe sərgiləsələr belə, onların haqqını heç zaman danmır və qiymətləndirir.

Ona uzun ömür can sağlığı diləyirəm. Bundan sonrakı fəaliyyətində uğurlar arzu edirəm. Həmişə dostları ilə olsun, onların əhatəsində olsun, sevilən olsun. Hər zaman onunla qürur duyaq”.


"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki, Əflatun Amaşovun vətəndaşlıq mövqeyi kifayət qədər dürüst və təmizdir:

"Əflatun müəllimi ürəkdən təbrik edirəm. Keçdiyi 60 illik ömür yolu münasibətilə ona can sağlığı, uzun ömür arzu edirəm. O Azərbaycan mətbuatında öz mövqeyi ilə seçilən, dəsti-xətti ilə öz sözünü demiş ziyalıdır. Gözəl, səmimi dostdur. Bu sahə ilə bağlı çox ləyaqətli mövqeyini ortaya qoyan insandır. Ə.Amaşov eyni zamanda parlamentdə təmsil olunur. Hesab edirəm ki, bu fəaliyyəti də uğurludur. Onun Mətbuat Şurasının sədri kimi fəaliyyətinə xüsusilə diqqət yetirmək istəyirəm. Mətbuatın peşəkarlığının formalaşmasında, özü-özünü tənzimləyən mexanizm kimi fəaliyyətində, bütövlükdə mətbuatın şəffaflaşmasında xidmətləri, diqqəti tam səmimiyyətlə ortadadır. Ona görə də Əflatun müəllimin fəaliyyəti, onun jurnalistlərə olan diqqəti, insani keyfiyyətləri haqqında çox danışmaq olar. Onun insanlara olan diqqəti bir örnəkdir. Eyni zamanda o parlamentin deputatı kimi, seçildiyi Saatlı rayonunun insanları ilə daim ünsiyyətdə olur. Buna dəfələrlə şahidi olmuşam. O regiona getdiyi dövrlərdə də seçicilərlə mütəmadi görüşür. Bu, məni sevindirir ki, parlamentimizin deputatlarının seçicilərlə davamlı ünsiyyəti müsbət diqqətəlayiq hal alıb. Əflatun müəllim mənim üçün gözəl insandır, dəyərli dostdur. O mətbuatın saflaşmasında, jurnalistikamızın yüksək səviyyədə fəaliyyətinin formalaşmasında xüsusi rol oynayır, bütün bu məsələləri həm parlamentin deputatı, həm Mətbuat Şurasının sədri, həm də bir jurnalist kimi önə çəkir. Onun vətəndaşlıq mövqeyi kifayət qədər dürüst və təmizdir.

Bir daha ürəkdən təbrik edirəm. Can sağlığı arzu edirəm. Bundan sonrakı fəaliyyətində uğurlar, Allah nə qədər ömür veribsə, sağlam, saf yaşamaq arzu edirəm. Ən böyük arzum odur ki, onun yeganə övladının gözəl ad-sanını, xoş sədalarını eşidək”.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu hər kəsə Əflatun Amaşov kimi dost arzuladığını bildirdi:

"Əflatun Amaşov dostumuz, qardaşımız, əzizimiz və yaxınımızdır. Uzun illərdir ki, biz bir-birimizi tanıyırıq. Mən bu həmkarımı, dostumu, qardaşımı çox istəyirəm. Jurnalistikada demək olar ki, ən çox sevdiyim şəxslərdən biridir. O, həm də etibarlı dostdur. Yalnız yaxşı günün deyil, həm də dar günün dostudur. Heç vaxt unutmaram ki, mən həbsdə olduğum müddətdə mənə, ailəmə, qardaşım Azər Ayxana çox yaxşılıqlar etmiş insandır. Yeni Müsavat qəzetinin mövcud olma, mən həbsdə olmağıma baxmayaraq onun yaşama amillərindən biri də Əflatun Amaşovla bağlıdır. Buna görə də ona xüsusi minnətdarlıq borcum var. Sabah onun 60 yaşı tamam olur. Rəqəmlər ciddi rəqəmlərdir, amma Əflatun yaşından gənc görünür. Bu, onun əhval ruhiyyəsinin göstəricisidir. Azərbaycan mətbuatının önəmli simalarından biri olaraq da işgüzar əhval ruhiyyədədir. Hesab edirəm ki, bir neçə ildən sonra Ə. Amaşov bədii yaradıcılığa keçib, kitablar, xatirələr yazarsa da, böyük uğur qazanacaq. Ona həyatının bundan sonrakı illərində can sağlığı, daha böyük uğurlar, uzun sağlıqlı ömür arzulayıram. Hər kəsə isə Əflatun Amaşov kimi dost arzulayıram”.

Başda Akif Aşırlı olmaqla "Şərq" qəzetinin kollektivi Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovu 60 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir. Ona həyatda insan üçün ən ümdə və şirin nemət olan uzun ömür, can sağlığı, işlərində uğurlar arzu edirik. 

Aysel Aslan