"Uşaq acından ölürsə, bu, insanlığın ölməsi deməkdir” - Səfalət




"Dünyada insanların aclıqdan ölməsi bütövlükdə insanlığın faciəsidir”.

Bunu Sherg.az-a dünyada yaxın altı ay ərzində 20 milyon insanın aclıqdan ölməsi təhlükəsi haqqında BMT-nin proqnozuna münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, əsasən uşaqların, yaşlıların susuzluqdan, elementar qidalara malik olmadıqları üçün aclıqdan ölməsi, insanlığın üz qarasıdır:

"21-ci əsrdə belə təhlükələrin yaranması, vəziyyətin acınacaqlığı insanlıq adına qara ləkədir. Aclıq problemi yaşanan bir sıra ölkələrdə adətən vətəndaş müharibəsi və terror qruplaşmaları aktivdirlər. Bu da onlara yardımların çatdırılmasına, vaxtlı-vaxtında insanlara yetişdirilməsinə mane olan əsas faktorlardan biridir. Buna görə də məsələyə daha qlobal cəhətdən yanaşmaqda fayda var. İnsanların aclıq probleminə, susuzluğuna çarə tapmaq üçün çox sürətli yardımlar çatdırılmalıdır. Bunun üçün isə ilkin mərhələdə təqribən 10 milyard dollara yaxın vəsait tələb olunacaq. Bu, Birləşmiş Millətlər Təşkilatı kimi təşkilat üçün, dünya birliyi üçün elə böyük rəqəm deyil. Lakin həmin yardımla bərabər o ərazilərdə fundamental problemlər də həll edilməlidir ki, bir də belə problemlər yaşanmasın. Çünki həmin ölkələrin bərbad idarəetmə sistemi, terror təhlükəsi həmin aclıq situasiyasının yaranmasında mühüm rol oynayır. Çünki aclıq çəkən ölkələrin əksəriyyətində daxili münaqişələr hökm sürür. Bunun qarşısı alınmasa, gələcəkdə yenidən bu problemlərlə qarşı-qarşıya qalacaq. Ona görə də, dünya birliyi bu məsələyə kompleks yanaşmalıdır. Həmin ölkələrdə terrorun kökünü kəsməli, birdəfəlik normal idarəetmə sisteminin yaradılmasına yardımçı olmalıdır. BMT-nin belə təcrübəsi var. O, bir çox ölkələrdə öz qoşunları ilə iştirak edib, normal idarəçiliyin təmin olunmasında mühüm rol oynayıb, təhlükəsizliyi təmin edib. Cəmi bir neçə 10 il bundan öncə Livanda da eyni situasiya var idi. Livanda normal seçkilərin keçirilməsi, konstitusiyanın qəbulu, idarəçiliyin düzgün təşkil edilməsi problemləri aradan qaldırmağa xeyli yardımçı oldu. BU praktikadan bəzi ərəb-müsəlman ölkələrində, həmçinin aclıq çəkən Afrika ölkələrində də istifadə etmək lazımdır ki, aclığa son qoyulsun. Çünki 21-ci əsrdə hər hansı ölkədə bir uşaq acından ölürsə, bu, insanlığın ölməsi deməkdir”.

Qeyd edək ki, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qratsianu da Silvanın sözlərinə görə, təcili tədbirlər görülməsə, Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə yaşayan 20 milyon insan aclıqdan ölə bilər. Bunun əsas səbəbləri bölgədəki münaqişələr və quraqlıq hesab edilir.

Aysel Aslan