Bəzi siqaretin qiymətində yenidən artım olub
Siqaretin qiyməti yenidən qalxıb. Mağazalarda bəzi siqaretlərin qiymətlərində 20-40 qəpik civarında artım müşahidə olunub. Satış məntəqələrindən bunu firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər. Ümumilikdə əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb. Qeyd edək ki, bazardakı bahalaşma sadəcə siqaretlə məhdudlaşmır. Şokolad, şirniyyat və digər qida məhsullarının da qiymətində hiss olunacaq dərəcədə artım var.
Siqaretin qiymətinin bahalaşmasının tütünə qarşı mübarizə tədbirlərinin tərkib hissəsi kimi dəyərləndirilməsinin yanlış olduğunu vurğulayan iqtisadçı-ekspert Cəfər İbrahimlinin sözlərinə görə, mövcud artım iqtisadi durumla əlaqədardır: "Dünya təcrübəsində siqaretdən istifadəni azaltmaq üçün müxtəlif metodlardan istifadə olunur. Qiymət artımı da həmin metodlardan biri ola bilər. Amma belə zamanlarda hökumət birbaşa qiymət artımına getmir. Ya vergiləri artırır, ya da digər inzibati yollarla qiymət artımına zəmin yaradır ki, insanlar zərərli vərdişlərdən uzaqlaşsın. Ancaq biz görürük ki, Azərbaycan hökuməti bu gün heç bir məhsulun bahalaşmasında maraqlı deyil”.
Digər məhsulların da bahalaşmasına gəldikdə isə ekspert iki devalvasiya sonrası bazarlarda qiymətlərin artacağının gözlənilən olduğunu deyib. İndiki iqtisadi şərtlər daxilində bahalaşmanın qaçılmaz olduğunu vurğulayan ekspert hesab edir ki, bunun da səbəbi Azərbaycanın idxaldan asılı ölkə olmasıdır: "Hər nə qədər məhsul Azərbaycanın daxili bazarında istehsal olunsa, xammal xaricdən gətirilir. Bu isə məhsulun maya dəyərində öz təsirini göstərir. Təbii olaraq da, sahibkarlar bazara çıxardıqları malı daha baha qiymətə satmalı olurlar”.
İqtisadçının sözlərinə görə, qiymətlərin real bazar şərtlərinə uyğunlaşması sahibkarlığın inkişafı və bizneslərinin idarə olunması üçün müsbət tendensiya hesab olunur: "İnzibati yollarla qiymətlərin tənzimlənməsi isə əksinə, sahibkarlığın inkişaf səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Dünya təcrübəsi də göstərir ki, inzibati metodlar istənilən halda biznes strukturlarına ziyan vurur. Zənnimcə, Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətlərin bir hissəsi də sərbəst buraxılmalıdır. Mənim fikrimcə, cəmiyyətdə çörəyin, siqaretin və digər ərzaq məhsullarındakı qiymət artımının hökumətin müdaxiləsi ilə aşağı salınmasına dair formalaşan rəylər doğru deyil. Azad bazar iqtisadiyyatında qiymətlərə müdaxilə yolverilməzdir. Sadəcə müvafiq addımlarla kəskin qiymət artımının qarşısını ala bilər. Onu da deyim ki, son zamanlar dövriyyədə pul kütləsinin azalması əhalinin alıcılıq qabiliyyətinin də azalmasına səbəb olub. Alıcılıq qabiliyyətinin aşağı düşməsi isə qiymətlərin kəskin artmasının qarşısını alacaq”.
Mövcud iqtisadi şərtlər fonunda 10 faizlik inflyasiyanın bir o qədər də təhlükəli olmadığını vurğulayan C.İbrahimli deyib ki, ən böyük təhlükə inflyasiya xroniki hal aldığı zaman olacaq. Əgər qarşıdan gələn iki il ərzində dövlət inflyasiyanın xroniki hal almasının qarşısını ala bilsə, Azərbaycan iqtisadiyyatı elə də böyük təhlükə ilə üzləşməyəcək.
Şəymən