Tramp Xomsda niyə hərbi əməliyyatlar apardı? - Gənc politoloqun izahı




7 aprel 2017-ci il tarixində ABŞ-ın Xomsda bir hərbi bazada etdiyi əməliyyat ağla ilk olaraq ABŞ-ın Suriya ilə bağlı siyasətini dəyişib - dəyişmədiyini gətirdi. Əlbəttə, bu sualın cavabı son dərəcə əhəmiyyətlidir. Ona görə ki, Suriya münaqişəsinin irəliləyişində ciddi dəyişikliklərə səbəb ola bilər. ABŞ-ın həyata keçirdiyi hərbi əməliyyatla bağlı müzakirələr münaqişənin gələcəyinə dair yeni bir prosesin başlayıb- başlamayacağını istiqamətləndirir. 

Öncə ABŞ nümayəndələrinin açıqlamalarından bu əməliyyatın Bəşər Əsəd tərəfindən həyata keçirilən kimyəvi hücuma cavab olduğu aydın oldu. Yəni məlum oldu ki, kimyəvi hücumlar olacağı təqdirdə oxşar hadisələr yenidən təkrarlana bilər. Ancaq bu, ABŞ-ın Suriya siyasətinin ən azından indiki mərhələdə kökdən dəyişdiyi mənasına gəlmir. Əksinə, açıqlamalardakı mesajlar məhdud və müvəqqəti bir vəziyyətin olduğu ehtimalını yaradır. Yaxın Şərq son dərəcə dinamik bir müddətdən keçir. Ancaq qısa zamanda ABŞ-ın Suriya siyasətində fundamental dəyişikliklər mümkün olmaya bilər. Buna bəzi səbəblər göstərmək mümkündür.

Birincisi, son dövrdə ABŞ səlahiyyətli nümayəndələrinin Səudiyyə Ərəbistanı, Misir, İordaniya və İsrail kimi ölkələrlə görüşlərindən çıxan nəticə, İrana qarşı bir ortaq cəbhə meydana gətirmək istiqamətindədir. Bu cəbhədəki ölkələrin Suriya siyasəti isə bir-birindən fərqlidir. Hətta bu ölkələrin İranla Suriyada mübarizəyə girmələri lazımsız vaxt itkisi olacağı kimi, eyni zamanda nəticə əldə edə bilməyəcəkləri bir qarşıdurma müddətinə girə bilmələri mənasına da gəlməkdədir. İkinci səbəb ABŞ-ın Suriyada və İraqda apardığı İŞİD əməliyyatlarıdır. İraqdakı əməliyyat daha çox İraq ordusuna dəstək xarakteri daşısa da Suriyada demək olar ki, PYD üzərindən davam edir. 

Üçüncüsü, Rusiya indiyə qədər Suriya məsələsində geri addım atmadı. Buradakı maraqlarını qorumaq üçün açıq bir hərbi öhdəlik götürdü. Hava əməliyyatından sonrakı açıqlamalar bu istiqamətin davam etdirəcəyini göstərir. Rus və Suriya ordusunun Suriya ərazisində iç-içə olduğu bir vaxtda Amerika təyyarələri və ya raketlərinin Suriya hədəflərini vurarkən rus əsgərlərini də öldürməsi gərginliyi daha da artıra bilər. Bu, iki dövlət- Rusiya, ABŞ arasında ciddi problemlər yarada bilər. Bu səbəbləri nəzərə alarsaq, bundan sonrası üçün ən güclü ehtimal, ABŞ -ın Suriya siyasətində köklü bir dəyişiklik etməyəcəyidir. Amma daha çox rejimin bəzi fəaliyyətlərini məhdudlaşdıran əlavə tədbirlər görə bilər. Məsələn, müxaliflərə verdiyi dəstəyi artıra bilər və ya diplomatik sahədə Əsəd rejimini çətinə salacaq cəhdlər də edə bilər. Bəs o zaman ABŞ prezidenti Donald Tramp Xomsda niyə hərbi əməliyyat həyata
keçirdi? 

Bu suala cavab olaraq üç səbəbi vurğulaya bilərik.

Birincisi, odur ki, daxili və dünya ictimaiyyətin reaksiyalarını azaltmaqdır. Obama rəhbərliyini xarici siyasətdə zəif olmaqda tənqid edən D.Trump, ABŞ-ın gücünü isbat etmək və lazım olduğunda bir cəhdlə güc tətbiq edə bildiyini göstərmək niyyətindədir. Beləcə həm Suriyadakı qeyri-insani vəziyyətə səssiz qalmadığını göstərir. Həmçinin də əzələ nümayişi edir. İkincisi, bu, daxili siyasətlə daha çox bağlıdır. Son dövrlərdə prezident Tramp və kamandasından bəzi nümayəndələrə qarşı Rusiya ilə əlaqələri olmasına dair ittihamlar irəli sürülüb.

 Hətta Rusiyanın ABŞ-dakı prezident seçkilərinə də təsir etdiyini bildirirdilər. Tramp Suriyadakı hava əməliyyatı ilə ABŞ ictimaiuyətinə lazım olduğunda Rusiya ilə də münaqişə edə biləcəyi mesajını da vermək istəmiş ola bilər. Yəni bu əməliyyatla daxildəki müzakirələrin istiqamətini dəyişdirmək üçün bir addım atıb. Üşüncüsü, son olaraq da Suriyada Əsəd rəhbərliyinə açıq bir xəbərdarlıq verir. "Məni gücsüz hesab etməyin" və "beynəlxalq ictimaiyyətdə gərginlik yaradacaq hərəkətlərdən qaçın". Beləliklə D.Tramp bənzər hadisələrin də qarşısını almağı planlaşdırmış ola bilər. Əks təqdirdə, bu ana qədər real siyasətdən bəhs edən Tramp administrasiyasının Suriyada insan hüquqlarını əsas gətirərək iri miqyaslı hərbi əməliyyatlara başlaması lazım idi.


Raya ALİYEVA