Komitəmizdə “anti-dopinq” komissiyası yaradılıb

Ağacan Abıyev: “Məqsədimiz odur ki, idmançılarımız təmiz olsunlar və heç bir bioloji əlavələrdən istifadə etməsinlər”



Gənclər və idman naziri Azad Rəhimov idman zallarında satılan əlavələrin insan sağlamlığına ciddi ziyan vurduğunu deyib.

O bildirib ki, yalnız peşəkar idmançılar deyil, adi insanlar idman zallarına sadəcə məşq etməyə gedirlər: "Orada da müxtəlif əlavələrdən istifadə edirlər. 

Biz onlara da baxmalıyıq, əgər o əlavələr qanunda öz əksini tapmayıbsa, biz qanuna əlavələr etməliyik ki, bu da bizim gənclərimizin gələcək sağlamlığı üçün zəruridir. 
O əlavələrin tərkibində müxtəlif proteinlər var ki, insanlar onlardan istifadə edirlər, sonra da sağlamlıqlarına ciddi ziyan dəyir. Biz istəməzdik ki, həmin zallarda məşq edən insanlara keyfiyyətsiz məhsullar satılsın”.

Nazir qeyd edib ki, son vaxtlarda bütün idman zalları insanlarla dolu olur və o zallarda xüsusi vitrinlər qoyulub bu əlavələr satılır: "Əksəriyyəti də çalışır ki, ucuz alıb baha satsın. Ucuz malın
da keyfiyyəti olmur, sağlamlığa ciddi ziyan vurur. Yəni biz sadəcə peşəkar idmançıları deyil, sadəcə məşq edən, idmanı sağlam həyat tərzi kimi qəbul edən insanları da qorumalıyıq”.

Millət vəkili Ağacan Abıyev "Şərq”ə açıqlamasında məsələnin qanunla tənzimlənməsinin tərəfdarı olduğunu söyləyib. Onun sözlərinə görə, həqiqətən də qəbul edilən əlavələr insan sağlamlığı üçün ziyanlıdır.

Deputat həmçinin bildirib ki, idmançılar bəzən yarış öncəsi əlavələr qəbul edir və nəticədə qalib gəlirlər. Lakin analizlərdə bütün əlavələr üzə çıxır, bu zaman idmançının əldə etdiyi nəticələr ləğv edilir və Olimpiya Komitəsinə müəyyən xəbərdarlıq verilir: 

"Proteinlər bioloji əlavələrdir. Olimpiadada, idmanda bunlara icazə yoxdur. Məsələn, idmançılardan biri olimpiya çempionu olur, sonra gedib onu axtarırlar, analizlərə baxanda görürlər ki, dopinq var. Həmin olimpiya medallarını mütləq geri alırlar. Bizim Olimpiya Komitəsi olaraq məqsədimiz odur ki, idmançılarımız təmiz olsunlar və heç bir bioloji əlavələrdən istifadə etməsinlər. Bu əlavələrin miqdarı o qədər çox ola bilər ki, onu dopinq kimi qəbul edib yarışdan çıxarırlar, həmin ölkəni cərimə edirlər.

Komitəmizdə "anti-dopinq” komissiyası yaradılıb. Dopinqin əleyhinə olan məsələlərə biz baxırıq. Komissiyanın yaradılmasının əsas səbəbi isə Olimpiya Oyunlarında Rusiya ilə bağlı olan problemlər oldu. Məhz buna görə Komissiyamız hər il idmançılarımızı yarışdan-yarışa ciddi olaraq yoxlayırlar”.

Yeganə Bayramova