Sosial yardım almaq üçün "AİLƏ DAĞIDIRLAR"

Nazim Bəydəmirli: "Ünvanlı sosial yardım almaq üçün "boşanmaların" olması da Azərbaycana yad deyil"


"Ünvanlı sosial yardım tətbiq ediləndən sonra ehtiyacı olan şəxslərin müəyyən olunması ilə bağlı problemlər başlayıb”.

Bunu Sherg.az-a rayonlarda bəzi cütlüklərin sosial yardım almaq üçün boşanmasına münasibət bildirərkən iqtisadçı-ekspert Nazim Bəydəmirli deyib. 

Onun sözlərinə görə, əsasən kənd və rayon yerlərində yaşayanlar sosial yardım alanlar arasında kimin varlı, kasıb olmasını yaxşı bilirlər:

"Ona görə bunun yeganə çıxış yolu ictimai nəzarətdən keçir. Məsələn, bələdiyyələr iclas təyin edib, çıxış edə bilərlər. Bununla müəyyən olunur ki, kənddə filan qədər ailəyə sosial yardım verilməsi məqsədə uyğundur. Hər kəs də həmin şəxslərə ünvanlı sosial yardım verilməsini qəbul edir. Müraciət edənlər çox ola bilər və onların arasında seçimin obyektiv aparılmasına nəzarət olunmalıdır. Millət vəkili olduğum illərdə də bununla bağlı təkliflər səsləndirib, monitorinqlər həyata keçirmişəm. Hətta rayonda qeydiyyatı olub, Bakıda yaşayanlar da ünvanlı sosial yardım alır. Çünki onun rayondakı icra hakimiyyəti strukturları ilə aralarında anlaşma çox rahat olur. Dəfələrlə belə məsələlərin şahidi olmuşam. 

Ona görə ünvanlı sosial yardım almaq üçün "boşanmaların" olması da Azərbaycana yad deyil. İctimai vəsaitlərə ictimaiyyət, vətəndaşlar nəzarət etməlidir. Elektronlaşma və s. kimi tədbirlər "gözə kül üfürmək"dən başqa bir şey deyil. Əvvəlcə, insanları ucdantutma təmin etmişdilər və buna göz yumurdular. Vəsait azaldıqca isə süni çətinliklər yaradırlar. Ancaq 2009-cu ildə konstitusiyaya edilən dəyişikliklərə görə, Azərbaycan sosial dövlətdir və vətəndaşın sosial ehtiyaclarını qarşılamalıdır. Əgər sosial ehtiyaclara görə, ölkə vətəndaşları intihar edirsə, deməli sosial siyasət yoxdur. Dövlət sosial siyasəti necə elan edibsə, konstitusiyada təsbit edibsə, zəhmət çəkib onu təmin etməlidir”.

Ayyət Əhməd