"O videonu “Youtube”da yaymaqla qardaşımın evini yıxdılar”




"Şahbaza yazdığımız məktubu keçən ayın 18-də aparıblar. Amma hələ ki cavab gəlməyib”.

Bu barədə Sherg.az-a Kəlbəcərə yaxınlarının qəbrini ziyarət etməyə gedərkən erməni separatçıları tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İradə Quliyeva danışıb. 

O bildirib ki, hesablamalarına görə, cavab məktubu təxmini bu günə, sabaha gələ bilər:

"Həmişə 10-15 günə məktubumuza cavab gəlirdi. Amma xeyli vaxtıdır ki, yeni məktub gətirilməyib. Görək nə vaxt gəlir. Başqa xəbər yoxdur. Oturub məktubun gəlməsini gözləyirik".

Ş.Quliyev və Dilqəm Əsgərovun girov düşməzdən əvvəl yayılan videosuna diqqət çəkən İ.Quliyevanın fikrincə, Şahbazla Dilqəmi həmin video yayılandan sonra girov götürüblər:

"Onlar ata-babalarının qəbrini ziyarətə gedib, gələndən sonra video yayıldı. Biz özümüz də bundan sonra bildik ki, Kəlbəcərə, doğma torpaqlarımıza gedib, gəlirmişlər. Ola bilər əvvəllər də qardaşım canını təhlükəyə atıb, öz doğmalarının məzarını ziyarətə gedib. Amma bu barədə tək bir kəlmə belə dilinə gətirməyib. Nə ailəsi, nə də biz bilmişik. Düşünün, kim razı olar, hansı ana, bacı göz yumar ki, övladı, qardaşı getsin, düşmənin işğal etdiyi yerlərdə canını təhlükəyə atsın? Videonu həmin vaxt kimin yaydığını bilmədik. Danışıldı ki, belə video yerləşdirilib. Onu göstərənə qədər mən də inanmadım. Həmin videonu "Youtube”da yaymaqla qardaşımın evini yıxdılar”.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-ci ilin iyulun 11-də doğma torpaqları olan Kəlbəcərdə əzizlərinin məzarlarını ziyarət edərkən girov düşüblər. Onlarla birgə Kəlbəcərə getmiş Həsən Həsənov erməni silahlıları tərəfindən qətlə yetirilib. Ermənistan hökuməti hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər.

Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” 2014-cü ilin dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm” çıxarıb.

Aysel Aslan