"...Müharibə gözləntiləri var"

İlqar Vəlizadə: "Regiondakı bütün ölkələrin silahlı qüvvələri səfərbər olunub"


"Bütün müharibələr qəfildən başlayır. Şimali Koreya müharibəsi də belə başlaya bilər”.
Bunu Sherg.az-a son zamanlar Şimali Koreyanın ABŞ və Cənubi Koreya ilə münasibətlərinin daha da gərginləşməsinə münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib. 

O bildirib ki, ehtimallar adətən bu və ya digər şəkildə bölünür, proporsiyalar dəyişir:

"Dəqiq demək olmaz ki, müharibə başlayacaq yoxsa yox. Amma bu regionda gedən proseslər doğrudan narahatlıq doğuran məsələdir. Hazırda təkcə Şimali Koreya deyil, regiondakı bütün ölkələrin silahlı qüvvələri səfərbər olunub. Bu, Şimali Koreya sərhədinə yaxın yığılan hərbi qüvvələr - Çin, Rusiya və Yaponiyaya aiddir. Bu o deməkdir ki, müharibə gözləntiləri var. Hərbi texnikanın belə yerləşdirilməsi özü də real təhlükədir. Çünki hər hansı provokasiya baş verərsə, qarşı tərəf buna cavab verməyə məcbur olacaq. Bu da zəncirvari reaksiyaya gətirib çıxara bilər. Belə vəziyyətdə əsəblərin müharibəsi gedir. Hazırda əsəblərin müharibəsinin isə bir əlaməti odur ki, kimin səbri daha çox olacaq. Düşünmürəm ki. burada böyük müharibə başlamasına hansısa ölkə maraqlı olsun. Şimali Koreya özü belə istəməz ki, hərbi əməliyyatlar genişlənsin. Belə vəziyyət güman ki, davam edəcək. Amma yenə deyirəm hər hansı təxribat doğrudan ciddi fəsadlarla nəticələnə bilər”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Moskvada Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdən sonra jurnalistlərə açıqlama verib. Putin bildirib ki, Yaponiyanın baş naziri ilə Koreya yarımadasında yaranmış gərginliyi müzakirə ediblər.

Aysel Aslan