""Selfie" insanlarda süni vərdişlər yaradır"

Lalə Mehralı: "Toyda qəmli-qəmli oturub, oynayanlara baxan bir qız rəfiqəsinin "selfie" çəkdiyini görəndə qəfil xoşbəxt-xoşbəxt gülür. Foto çəkiləndən sonra yenə qəminə davam edir”
"Son iki ilin sosial dəb halını alan "selfie" - özü özünü çəkmək məşğuliyyəti əslində konkret pislənilməli vərdiş deyil”.
Bunu Sherg.az-a gənclərin "selfie"nin insanlarda süni əlamətlər yaratmasından danışarkən sosioloq-jurnalist Lalə Mehralı deyib. 
O bildirib ki, həyatı sosial şəbəkələrdə "selfie" paylaşmaqdan ibarət olanların bircə gün internet problemi olanda yaşadıqları psixoloji gərginlik ifadə edilməyəcək qədər dərin olur:
"Tutaq ki səfərdəsiniz, marağınızı cəlb edən bir məkanı görəndə özünüzü o məkanda əbədiləşdirmək istəyirsiniz və özünüz özünüzü kameraya çəkirsiniz. Arxa fonu həmişə görüb xatırlamaq üçün, nə vaxtsa gəzdiyiniz yeri qocalanda fotolarda izləmək marağı, və yaxud fərqli bir istək buna səbəb ola bilər. Mən də, siz də nə vaxtsa bunu etmişik. Gəzintiyə getdiyimiz meşədə, bir dağ çayının kənarında, arxa fonda marağımıza səbəb ola biləcək bir şey olanda, o an özümüzü həmin fonda tarixə köçürmək istəyimiz yaranırsa, deməli bizim də "selfie" marağımız var. Amma bunu xəstəliyə çevirəcək qədər aludəçi deyilik. Çünki selfielərimizin arasında ən az 2-3 ay müddət olur. Amma gənclər, bəzən də kifayət qədər yaşlı insanlar tanıyıram ki, gün ərzində ən az 10 "selfie" edib, sosial şəbəkələrdə paylaşır. Yediyin yeməyi, geydiyin paltarın markasını, yataq otağının çarpayısını, hamam otağının güzgüsünü niyə minlərlə insan görməlidir? Bu gün harda kotlet yeyib, harda alma şirəsi içib, hardan dondurma alıb, hansı kinoteatrda hansı filmə baxıb - bu tip "selfie" edib durmadan sosial şəbəkələrdə paylaşmağı qeyri-etik hesab edirəm”.
L.Mehralı diqqətə çatdırıb ki, psixoloqlar "selfie" fotolarını sevənlərin adətən özünü sevənlər, ətrafını unudanlar olduğunu deyir:
""Selfie" zamanı baş verən qəza və ölüm hallarını nəzərə alsaq, bunun əslində həqiqət olduğunu anlayarıq. İnsanlar "selfie" zamanı həyatdan qopmuş vəziyyətdə olurlar. Toyda, məclisdə müşahidə etdiyimiz "selfie yarışı" isə sadəcə gülünc mənzərədir. Bir də görürsən qonşu stolda oturan gənc bir qız telefonun ekranına baxaraq gah gülür, gah kədərlənir, gah qaşını çatır, gah uzaqlara baxır, gah dodağını büzür. Gənc nəsil onun "selfie" çəkdiyini dərhal anlayacaq. Amma 60-70 yaşlı bir insan onun 1 dəqiqədə neçə cür üz ifadəsi dəyişdiyini görsə, yəqin ki, dəli hesab edəcək. İnsanlar özəl günlərində əylənmək yerinə sosial şəbəkədə paylaşacaqları fotoları çeşidləyirlər. Qəmli-qəmli oturub oynayanlara baxan bir qız rəfiqəsinin "selfie" çəkdiyini görəndə qəfil xoşbəxt-xoşbəxt gülür. Foto çəkiləndən sonra yenə qəminə davam edir”.
Ayyət Əhməd