Fransa Avropa İttifaqından çıxır?

Elxan Mehdiyev: "Fransa haqqında bunu demək çətindir"


Fransanın Avropa İttifaqından çıxmasını dəqiq demək mümkün deyil. Bu, sadəcə prezidentliyə namizəd Marin Le Penin seçki qabağı vədi idi". 
Bunu Sherg.az-a Fransanın Avropa İttifaqından (Aİ) çıxması ehtimallarını şərh edərkən konfliktoloq Elxan Mehdiyev deyib. 

O diqqətə çatdırıb ki, seçilmək ehtimalı daha çox görünən digər namizəd Emanuel Makron isə əksinə Avropa Birliyinə sadiq olan şəxs kimi çıxış edir:

"Düzdür, Le Penin tərəfdarları da az deyil. O daha çox ölkəni millilik üzərində qurmağı düşünür. Fransa həmişə özünü müstəqil respublika kimi göstərir. Le Pen elə düşünür ki, Aİ dövlətin suverenliyini azaldır. Xaricdən, xüsusilə, Aİ daxilindəki keçmiş sovet ölkələrindən gələn işçi qüvvələrinin qadağan edilməsindən danışır. O deyir ki, əgər bu vəziyyət davam edərsə, Fransada cinayət arta, onun milli kökü təhlükə ilə üzləşə bilər. Fransanın Avropa İttifaqından çıxması istiqamətində səslənən fikirlər bunlardır. Lakin bundan əvvəl ittifaqdan çıxan Böyük Britaniyanın səbəbləri isə daha böyükdür. Onlar Avropa Birliyinə qoşulandan bəri əhalinin təxminən 50 faizə yaxını buna qarşı çıxırdı. Sonralar ölkənin bu birliyin tərkibində olmasına narazılıq edənlər də çox idi. Son dövrdəki, Aİ-də gedən iqtisadi geriləmə, terrorların baş verməsi Britaniyadakı əleyhdarların səsini bir qədər də ucaltdı. Ona görə də, Britaniya birliyinin tərkibindən çıxdı.

Amma Fransa haqqında bunu demək çətindir. Çünki onlar ittifaqı yaradan və onun əsas aparıcı ölkələrindən olan dövlətdir. Fransa və Böyük Britaniya Avropa Birliyinin iki böyük ölkəsidir. Düşünürəm ki, başqa ölkələrdə belə tendensiya yoxdur. Avropa ölkələri arasında daha çox suverenlik üzərində çalışan ölkə Macarıstandır. Onun isə elə gücü yoxdur ki, İngiltərə kimi məsələni qoyub, Aİ-dən çıxsın. Çünki iqtisadi baxımdan bu ölkələrə inteqrasiya olunub”.

Aysel Aslan