Hamı təriflədi

Amma Əliməmməd Nuriyev deyir ki, Elmira Süleymanova növbəti dəfə ombudsman seçilə bilməz



2010-cu il martın 5-də ikinci dəfə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkil (ombudsman) seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il mart ayının 5-də başa çatıb. 

Lakin yeni ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini davam etdirir. Qanuna görə, bir şəxs iki dəfədən artıq ombudsman seçilə bilməz. E.Süleymanova iki seçkini başa vurub və belə olan halda ortaya maraqlı suallar çıxır. Azərbaycanın İnsan hüquqları üzrə növbəti müvəkkili kim olacaq? Yaxud da Elmira xanımın üçüncü dəfə namizədliyi irəli sürülə bilər?

Hüquq müdafiəçisi Səadət Bənənyarlı "Şərq”ə açıqlamasında Azərbaycanda Elmira xanımı əvəz edəcək yeni bir simanın olmadığını deyib: 

"Çox güman ki, Elmira xanımın namizədliyi yenidən irəli sürüləcək və onun öz vəzifəsində qalmasını normal hesab edirəm”. Elmira xanımın ombudsman olduğu müddətdə öz səlahiyyətlərinin öhdəsindən layiqincə gəldiyini vurğulayan Səadət xanım hesab edir ki, qanunvericilik imkan verdiyi halda onun növbəti dəfə seçilməsi məqsədəuyğundur: "Bir hüquq müdafiəçisi olaraq mən indiyə qədər ombudsman olan Elmira Süleymanovanın fəaliyyətindən razıyam. Nə zaman ondan hüququ pozulan insanlarla bağlı xahiş edirdik, nə zaman bu barədə məlumatlar verirdik, dərhal maraqlanırdı, köməklik göstərirdi”.
"Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi” Liqasının sədri Sahib Məmmədov da hesab edir ki, Azərbaycanın ilk ombudsmanı olan Elmira xanım ötən bu illər ərzində öz vəzifəsini şərəflə yerinə yetirib, konstitusiya çərçivəsində ona verilən bütün səlahiyyətlərdən layiqincə istifadə edib: "Elmira xanım vətəndaş cəmiyyətinin nümayəndəsi olduğu üçün, o, fəaliyyəti müddətində QHT-lərin işinə çox böyük önəm verirdi. O, eyni zamanda BMT strukturlarında və digər beynəlxalq təşkilatlarda böyük nüfuz sahibidir. O hələlik öz işini davam etdirsə də, qanunla müəyyən olunmuş səlahiyyət müddəti bitib. Bundan sonrakı addımı isə artıq ölkə başçısı və Milli Məclis atmalıdır”.
Ombudsman Aparatı yaranan gündən Elmira xanımla əməkdaşlıq etdiyini vurğulayan S.Məmmədov aparatın ekspertlər şurasının üzvü, koordinatoru olduğunu qeyd edib: "Hesab edirəm ki, bir institut olaraq Ombudsman Aparatı öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlib. Elə təşkilatlar var ki, ombudsmanın BMT-dəki nüfuzunu aşağı salmaq istəyirlər. Xüsusən də erməni şəbəkələri bizim ombudsmanın A statusunun D ilə əvəz edilməsi üçün mübarizə aparır, hətta bunun üçün azərbaycanlılar arasında da imzatoplama kampaniyası keçirirlər”.
E.Süleymanovanın namizədliyinin yenidən irəli sürülməsinə gəldikdə isə S.Məmmədov deyib ki, Konstitusiyaya görə bir şəxs iki dəfə ombudsman ola bilər. Daha doğrusu, əvvəllər ancaq bir dəfə mümkün idi: "Ancaq Konstitusiyaya edilən dəyişikliklərdən sonra bu müddət artırıldı. Həmin qanunun bir şəxsin iki dəfədən artıq seçilməsinə icazə verib-vermədiyini müəyyənləşdirmək üçün səriştəli orqan açıqlama verməlidir. Amma öz adıma onu deyə bilərəm ki, Elmira xanımın namizədliyi yenidən elan olunsa, bu addımı alqışlayaram”.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev isə hesab edir ki, iki dəfə ombudsman seçilən Elmira Süleymanova növbəti dəfə seçilə bilməz: "Azərbaycan Respublikası haqqında Konstitusiya qanununa görə, müvəkkil 7 il müddətinə seçilir. Azərbaycanda eyni şəxs müvəkkil vəzifəsinə 2 dəfədən artıq seçilə bilməz. Səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil işinin icrasını davam etdirir. Yeni müvəkkilin seçildiyi gündən onun işi bitmiş hesab olunur. Hazırda fəaliyyətdə olan ombudsmanın fəaliyyət müddəti başa çatıb. Sadəcə, yeni müvəkkil seçilmədiyi üçün Elmira Süleymanova öz fəaliyyətini davam etdirir”.
Müvəkkilin təyinat məsələsini Prezidentin həyata keçirdiyini vurğulayan Fond rəhbəri qeyd edib ki, ombudsman Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında 3 namizəd arasından Milli Məclis tərəfindən seçilir: "Azərbaycan Respublikasının Milli Məclisinin müvəkkil seçməsi ilə bağlı qərar qəbul edilmədikdə, Prezident 15 gün müddətinə digər 3 şəxsin namizədliyini Milli Məclisə təqdim edir. Əgər bu dəfə də seçilmirsə, yenidən digər 3 şəxsin namizədliyi təsdiq edilə bilər. Azərbaycanda isə belə hal yaşanmayıb. İlk dəfə Prezidentin təqdim etdiyi namizədlər siyahısından Elmira Süleymanova seçilib”.
Hər adamın müvəkkil seçilmədiyini deyən Ə.Nuriyevin sözlərinə görə, yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqları sahəsində təcrübəyə, yüksək əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının vətəndaşı ombudsman vəzifəsinə seçilə bilər: "İkili vətəndaşlığı olan başqa dövlət qarşısında öhdəliyi olan qanunvericilik icra və məhkəmə hakimiyyət sistemində qulluq edən (yaradıcılıq fəaliyyəti istisna olmaqla) ödənişli fəaliyyətlə məşğul olan, xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs müvəkkil ola bilməz. Həmçinin, müvəkkil heç bir siyasi partiyanın da üzvü ola bilməz. Əgər sadaladığım vəzifələr varsa, müvəkkil seçildiyi təqdirdə həmin vəzifələrdən istefa verməlidir”.
Şəymən