Qəhrəman ailələri çətinlik görməyəcək

Təhsil alan şəhid uşaqlarına 23 yaşına qədər güzəştlər olacaq


Milli Qəhrəman adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanda dəyişiklik edilib.

Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən təqaüd Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, bu kateqoriyalardan ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, bununla bağlı birinci növbədən olan digər qohumları yoxdursa, baba və nənələrinə veriləcək.

Qeyd edək ki, bundan əvvəlki fərman yalnız Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxsin dul arvadına və 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı uşaqlarına, dul arvadı və uşaqları olmadıqda isə valideynlərinə şamil olunurdu.
Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün ayda 1300 manat məbləğində Prezident təqaüdü təsis edilib.

Ölkə başçısının atdığı addımın Milli Qəhrəman ailələri üçün böyük humanistlik olduğunu deyən millət vəkili Elman Məmmədov fərmana edilən dəyişiklikləri müsbət qiymətləndirib. Onun sözlərinə görə, fərmanda tək Milli Qəhrəman ailələri deyil, həmçinin şəhid ailələri ilə bağlı müəyyən güzəştlər nəzərdə tutulub: 

"Təhsil alan uşaqlara 23 yaşına qədər güzəştlər tətbiq olunacaq. Təbii ki, bu addım dövlət başçısının döyüşçülərimizə, milli qəhrəmanlarımıza, əlillərimizə və şəhid ailələrinə olan qayğının təzahürüdür. Bu həmişə belə olub, bu gün belədi və getdikcə daha da yükək səviyyədə təkmilləşəcək. Cənab Prezident bu güzəştlərin daha da qaneedici olması üçün addımlar atır ki, şəhid ailələrinin təminatında çətinlik olmasın”.

Yeganə Bayramova