“Bu bir daha təsdiq edir ki, DİM-in elan etdiyi bundan sonra daha hazırlıqlı və istəkli abituriyentlərin imtahanda iştirak edəcəyi ilə bağlı proqnoz özünü doğrultmadı”
Aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş 35433 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlərdən 17 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.
İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
Aprelin 30-da keçirilən qəbul imtahanlarının nəticələrini dəyərləndirən təhsil eksperti Kamran Əsədov "Şərq”ə açıqlamasında son illər ərzində ali məktəblərə sənəd verən abituriyentlər arasında ciddi şəkildə azalmalar olduğunu deyib. Ekspertin sözlərinə görə, bunun səbəbi birmənalı olaraq məzunların sayındakı azalmalarla bağlıdır. Orta məktəbdən məzun olanların heç də hamısının ali məktəblərdə təhsilini davam etdirmək istəmədiyini vurğulayan K.Əsədov əlavə edib ki, son illərin statistik göstəricilərinə görə, orta məktəb məzunlarının yalnız 70 faizi təhsilini davam etdirmək üçün ali məktəbə sənəd verir və onların da 40 faizi bu istəyinə nail olur.
"Məlum olduğu kimi bu ildən etibarən DİM ali məktəblərə qəbul imtahanını I-IV ixtisas qurupları üzrə iki dəfə aprel-may və iyul ayında keçirəcək.
Artıq 30 apreldə II və III qruplar üçün qəbul imtahanları keçirildi. İmtahanda iştirak edənlərin sayı əvvəlki illərlə müqayisədə azalmışdı. Bu, yekun nəticədə maksimum bal toplayanların sayına da təsir göstərdi. Əlbəttə ki, son 5 ilə nəzər salanda görərik ki, ən çox maksimum nəticə toplayan abituriyent sayı 2016-2017-ci tədris ilində olub”- deyə təhsil eksperti bildirib.
Cəmi 3 abituriyentin 700 bal topladığına diqqət çəkən K.Əsədov hesab edir ki, bu il imtahan verən uşaqların maksimum bal toplamasına mane olan amillərin önündə tədris proqramının başa çatmaması gedir:
"Danılmaz faktdır ki, şagirdlər qəbul imtahanında orta məktəbdə əldə etdikləri biliklər hesabına yox, dərsdən kənar repetitorların yanında əldə etdikləri biliklərlə iştirak edirlər. Belə ki, hələ orta məktəbdə tədrisin başa çatmasına 40 gündən də çox qalmasına baxmayaraq, abituriyentlərin keçmədikləri paraqraflardan test tapşırıqlarına cavab verməsi bunu təsdiq edir. Xoş olmayan nəticə odur ki, imtahanda iştirak etmək üçün 40 manat ödəmiş 800-ə yaxın abituriyent imtahana gəlməyib. Bu bir daha təsdiq edir ki, DİM-in elan etdiyi bundan sonra daha hazırlıqlı və istəkli abituriyentlərin imtahanda iştirak edəcəyi ilə bağlı proqnoz özünü doğrultmadı”.
Ekspertin fikrincə, imtahanda iştirak etməyən və ümumiyyətlə qəbul prosesinə ərizə verməyən böyük sayda abituriyent təhsillərini xarici ölkələrdə davam etdirmək üçün ölkəni tərk edəcəklər.
Şəymən