Dikdaban ayaqqabılar səs salır

Ekspert hesab edir ki, bəzən elə nəzarətçilər özü imtahan verənlərə maneçilik törədə bilər


Abituriyentlərin ali məktəblərə qəbul imtahanlarında test tapşırıqlarının çətinliyindən, sualların çaşdırıcı olmasından gileylənməsinə çox rast gəlmişdik. Abituriyentlərin budəfəki giley-güzarı isə tamamilə fərqli və gözlənilməz oldu. Demə, nəzarətçilərin geyimi bəzi abituriyentlərin diqqətini dağıdıbmış. Çox da inandırıcı görünməsə də, təhsil ekspertləri bu kimi halların olmasını istisna etmirlər.

İmtahanlardan dərhal sonra ARB TV-nin "Günə doğru” proqramında məsələ ilə bağlı maraqlı reportaj yayımlanıb. Abituriyentlər arasında imtahan zamanı onlara mane olan, həyəcanlandıran, nəticələrə təsir edə biləcək hadisələrin olub-olmaması ilə bağlı sorğu keçirilib. Abituriyentlərin cavabları ilə tanış olun: "Nəzarətçinin "cəld olun” deməyi narahat edir”. "Nəzarətçilərin hündürdaban ayaqqabılarının səsi narahatlıq yaradır”. "İmtahan zamanı telefona zəng gəlir ki, kimdəsə "şpalqalka” var. Bu zaman hamımız qorxuruq ki, bəs birdən, həmin şəxs mən ola bilərəm”. "Müəllimlərin qısa geyinməyi. Ayaqlarına "kabulok” geyinməkləri. Tak, tak, tak səslər. Ən çox bunlar mənim fikrimi yayındırdı. 600 bal yığacaq uşaq idim, gəldim 200 bal yığdım”.

Bəzi abituriyentlər isə diqqətlərini heç nəyin dağıda bilməyəcəyini söyləyiblər: "Fikrimi heç kəs, heç nə yayındıra bilməz. Nə qədər vaxt qoyulubsa, imtahanı verib keçmək lazımdır”.
Təhsil eksperti Kamran Əsədov isə bu fikirdədir ki, imtahan zamanı nəzarətçinin üzərinə böyük məsuliyyət düşür. Nəzarətçi sakitliyi təmin etməli və abituriyentin bilik və bacarığını realizə etməsi üçün maksimum dərəcədə sakit şərait yaratmalıdır.

"Bəzən elə nəzarətçilər özü imtahan verənlərə maneçilik törədə bilər. Xüsusilə nəzarətçilərin geyim məsələlərində diqqətli olmaq lazımdır.

Əgər onlar imtahan zamanı dikdaban ayaqqabı, diqqətçəkən, fikir yayındıra biləcək libas geyinir, kosmetik vasitələrdən yersiz istifadə edirsə, bu, abituriyentlərin fikrini yayındıra bilər”.
K.Əsədov hesab edir ki, nəinki taleyüklü imtahanlarda, eyni zamanda, ümumiyyətlə, orta məktəblərdə də, ali məktəblərdə də şagird, tələbə qarşısına çıxan müəllim geyiminə, hərəkətlərinə, davranışlarına, oturuşuna-duruşuna fikir verməlidir. Müəllim təkcə bilik, savad öyrədən deyil, həm də qarşısında əyləşmiş şəxsə nümunə göstərəndir. Təbii ki, nümunə nə qədər qənaətbəxş olsa, nəticə də bir o qədər yaxşı olacaq.
İmtahan nəzarətçilərinin geyim qaydalarıyla bağlı Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə isə ARB TV-yə açıqlamasında bildirib ki, nəzarətçilərə imtahan öncəsi zəruri tövsiyələr edilir: "Geyim qaydalarında kimin necə geyinməsi nəzərdə tutulmayıb. Heç kəsə nədəsə qadağa qoyulmur. Lakin tövsiyə edilir ki, rahat ayaqqabıda gəlsinlər və gəzərkən abituriyentlərə mane olmasınlar”.
Xanlar Xanlarzadə bildirib ki, imtahanlara təyin olunan nəzarətçilərlə xüsusi seminar keçirilir ki, bu da imtahanların keyfiyyətinə yönəlmiş addımdır.
Abituriyentlərin imtahanlarda zəif nəticə göstərmələrini nəzarətçinin geyimi ilə əlaqələndirmələrinə gəlincə, ekspertlər bunu birmənalı qəbul etmir: "Bilikli, özünə arxayın abituriyent uzaqbaşı bir-iki sualda səhv edir. Bu da təbiidir. İmtahan həyəcanı, vaxtın daraldığını düşünmək, istər-istəməz abituriyentlərin tələskənliyə yol verməsi və hətta asan bir suala da səhv cavab yazmaları ilə nəticələnə bilir. Amma daha, "600 bal toplayacaqdım, fikrim yayındı, 200 topladım” bu, avantüradan başqa bir şey deyil”.

Məlahət Rzayeva