Ev şəraitində sünnət olunan uşaqları hər an təhlükə gözləyir

Adil Qeybulla: “Bunu oyuncağa döndəriblər, kim necə istəyir sünnət edir. Belə bədbəxt hadisələrin də sayı artır”
Əhməd Qəşəmoğlu: “Göstəriş verilsin, bu proses xəstəxanalarda yüksək şəkildə və ucuz, bəlkə də pulsuz həyata keçirilsin”

Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib. Hadisə rayonun Musaküçə kəndində qeydə alınıb. Valideynləri 5 yaşlı Kənan Abutalıb oğlu Hüseynovu sünnət etdirmək üçün evə Ramiz Sadıqov adlı həkim gətiriblər. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Amma uşağın sakitləşmədiyini görən həkim onun üstünə qışqırıb.

Azyaşlının babası uşağa su vermək istəsə də, həkim buna etiraz edib və hamını otaqdan çıxarıb. Daha sonra isə uşaq sünnət əməliyyatı başlamadan dünyasını dəyişib. Çıxılmaz vəziyyətə düşən Ramiz Sadıqov cəsədi götürərək qaçmaq istəyib.
Azyaşlının meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov bildirib ki, uşağı sünnət etmək üçün dəvət olunmuş Ramiz Sadıqov yaşla əlaqədər təqaüdə göndərilmiş həkimdir və hazırda xəstəxanada işləmir.
Uşağın dünyasını dəyişmə səbəbləri ilə bağlı sherg.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, rayon yeri olduğuna görə, yəqin həkim uşağı sakitləşdirmək məqsədilə navakaindən istifadə edib. Anesteziya zamanı adətən navakain və lidakain vurulduğunu diqqətə çatdıran həkimin sözlərinə görə, xəstəyə vurulan navakain 15 faiz, lidakain isə 1-2 faiz miqdarından çox olmamalıdır:
"Rayon həkimləri navakaini daha çox sınaqdan keçirib, alışıblar. Uşağın ölməsinə səbəb onda allergik reaksiyanın olması göstərilə bilər. Zənnimcə, həkim uşağın allergik reaksiyası olub-olmayacağını dəqiqləşdirməyib və nəticədə o, dünyasını dəyişib. Çünki heç bir cərrahi müdaxilə edilmədən bu hadisə baş verib. Anesteziya zamanı uşaqdan analiz götürülməli, onun allergik reaksiyasının olub-olmadığı müəyyən olunmalı idi. Ümumiyyətlə, sünnət prosesi keçirilən hər 100 hadisədən birində problem yaşanır. Yaxşı olar ki, valideynlər bu prosesi tibb məntəqələrində həyata keçirməyə daha çox diqqət etsinlər. Stasionar şəraitdə lazım olan prosedurları, problem yarandıqda müdaxilə tədbirlərini dərhal həyata keçirmək olur. Sünnət edilməsinin də müəyyən proseduru formalaşdırılmalıdır. Ümumiyyətlə isə belə hadisələrin baş verməsi mümkündür. Allergik reaksiyalar hətta vitaminlərə qarşı da ola bilər. Amma bu çox təəssüf doğuran haldır ki, heç bir cərrahi müdaxilə edilmədən, qanaxma olmadan, navakainin və ya istifadə olunan digər ağrıkəsicilərin təsiri ilə azyaşlı uşaq dünyasını dəyişsin”.
A.Qeybulla bildirib ki, bu cür halların baş verməməsi üçün müəyyən protokol olmalıdır. Sünnət hansı şəraitdə, harada, necə aparılmalıdır, bunları dəqiqləşdirmək vacibdir:
"Xəstəyə bu zaman müəyyən sınaqlar qoyulmalıdır. Analizlər dəqiq toplanmalıdır, onun allergik reaksiyalarının olub-olmamağı müəyyən edilməlidir. Prosedur qaydaları formalaşdırılmalı və hər kəs buna əməl etməlidir. Yoxsa, bunu oyuncağa döndəriblər, kim necə istəyir sünnət edir. Belə bədbəxt hadisələrin də sayı artır.
Əslində mən bir həkim kimi, uşaqların sünnət edilməsinin əleyhinəyəm. Amma bu, dini məqamlarla bağlı gəlib bizə çatdığından, məcburuq. Əvvəl bu prosesi "dəlləklər” adlanan şəxslər həyata keçirirdi. Onlar anesteziyadan istifadə etmirdilər, birbaşa kəsik aparırdılar. Bu zaman ağrı halları, fəsadlar, qanaxmalar baş verirdi, problemlər yaşanırdı. Amma indi anesteziyanın fəsadları özü də ciddi haldır. Müasir dövrdə uşaqların bədəni ağrıkəsicilər vasitəsilə keyləşdirildikdən sonra sünnət edilir. Bu keyləşdirilmənin isə respublika üzrə protokol müəyyən olunmaqla, stasionar şəraitdə həyata keçirilməsi mütləqdir. Burada qonşu ölkələrin təcrübəsi də nümunə götürülə bilər”.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, hər bir uşağın bədənində elə xüsusiyyətlər var ki, sünnət eləməyi bacaran adam da bundan xəbərsiz ola bilər. Ona görə mütləq nəzərə almaq lazımdır ki, yalnız sünnət eləməyi bacarmaq azdır, bu iş hökmən xəstəxanada olmalıdır: 

"Əvvəllər xəstəxanalarda sünnət eləmirdilər, onda evə "dəlləklər” gətirirdilər. Amma indi açıq şəkildə xəstəxanalarda bu məsələlər həyata keçirilir və buna icazə verilir. Bəzən adi diş çəkilməsi ilə də ölən insanlar var. Bəlkə xəstəxanalarda bu işlərin xərci o qədər çox olur ki, camaat evə həkim çağırır. Ortaya sual çıxır ki, əgər xəstəxanada bu iş rahat olursa, insanlar niyə rahat yerə gedib uşaqlarını sünnət etdirmirlər?”.
Sosioloq çıxış yolu olaraq qeyd edib ki, göstəriş verilsin, bu proses xəstəxanalarda yüksək şəkildə və ucuz, bəlkə də pulsuz həyata keçirilsin: "Türkiyədə yaxşı bir adət-ənənə var. Xeyriyyə təşkilatlarından biri 20-30 uşağa birdən sünnət edirlər. Hətta mən Türkiyədə Balıkesirdə belə bir şənliyin şahidi olmuşam”.

Yeganə Bayramova