Jurnalist həmrəyliyinə indi əvvəlki dövrlərdən daha çox ehtiyac var
Zaxarovaya təkcə media mənsubları deyil, ziyalılar, ictimaiyyət nümayəndələri, QHT-lər də etiraz etməli idi
(... əvvəli ötən sayımızda)
Son günlər Azərbaycan ictimaiyyətində ən çox müzakirə edilən məsələlərdən biri də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın jurnalistlərimizi təhqir etməsidir. Azərbaycanlı jurnalistin Dilqəm Əsgərovla bağlı sualından hiddətlənən Rusiya XİN nümayəndəsi jurnalistin sualını cavabsız qoymaqla jurnalistikanın peşə kodeksini kobudcasına pozub. Xanım Zaxarova, erməni separatizminin müdafiəsini üstləndiyindən, azərbaycanlı jurnalistə aşkar qərəzli yanaşmaqdan özünü saxlaya bilməyib.
Halbuki "diplomat” diplomatsayağı cavab da verə bilərdi. Onsuz da indiyədək biz jurnalistlər qonşu dövlətlərin ikibaşlı mövqelərini, "nə şiş yansın, nə kabab” siyasətlərini daim izləmişik. Azərbaycanın haqq davasında - Dağlıq Qarabağ münaqişəsinin çözülməsində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupundakı həmsədr ölkələrin ikili standartlardan çıxış etməsi də artıq heç kimə sirr deyil. Amma azərbaycanlı jurnalistin sualına sakit, anlayışla yanaşmaqla ən azından peşə etikasına riayət etmək olardı. Hansı ki, xanım Zaxarova hətta buna əməl etməyi də özünə rəva görmədi.
Demək ki, qeyri-peşəkarlıq təkcə jurnalistlər arasında olmur, hətta təmsil etdiyi dövlətin, ölkənin daxili və xarici siyasətini müdafiə, bəzi hallarda isə gizləməli olan rəsmi nümayəndələr, sözçülər, mətbuat xidməti rəhbərləri də qeyri-peşəkarlığa yol verməklə, özləri də istəmədən görünməyən həqiqətləri üzə çıxarmış olurlar. Mariya Zaxarova kimi.
Azərbaycanlı jurnalistin kəlbəcərli girovlar məsələsini qabartmasının məqsədi, Rusiya XİN sözçüsünün də bundan əsəbiləşməsinin səbəbi bəllidir. Azərbaycanlı jurnalist Dilqəm Əsgərovu gündəmə gətirməklə Rusiyanın tərəfsiz olmadığını oraya toplaşmış yüzlərlə media mənsubu önündə isbatlayır. Təbii ki, xanım Zaxarova da əsəb keçirir və həm rəsmi nümayəndəyə, həm də bir xanıma yaraşmayan tərzdə davranır.
Azərbaycanlı jurnalistin ermənilər tərəfindən girov götürülən, sonra isə qondarma DQR məhkəməsi tərəfindən 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq qoyan "diplomat” qadın suala tam qulaq asmadan, Azərbaycan mediasında gedən yazılar barədə təhqiredici ifadələr işlədir: "Azərbaycan mətbuatında bu barədə yazılan məqalələr sadəcə, xamlıqdır. Bu məqalələr təhlil deyil. Konstruktiv və ya qeyri-konstruktiv, fərq etməz, amma bu, xamlıqdır. Bundan sonra bizdən əlavə məlumat istəyirsiniz? Düzünü deyim ki, bu cür məqalələrdən sonra sizinlə ünsiyyət qurmaq istəmirik. KİV-lər üçün açıq qurum olsaq da, xamlıq etməyə heç kəs icazə verməyib. Odur ki, müəyyən xəbərlərlə bağlı bizə daxil olan müraciətləri biz alqışlayırıq. Sizdən xahiş edirəm, bu halı azərbaycanlı həmkarlarınıza çatdırasınız”. Daha sonra Zaxarova lap irəli gedərək, Rusiya XİN barədə yazılan məqalələrin jurnalistika etikasına sığmadığını bildirib: "Azərbaycanlı dostlarım da bu fikirdədilər. Buna görə də məndən üzr istəyiblər”.
Zaxarova niyə digər Rusiya vətəndaşı Dilqəm Əsgərov haqqında heç bir söz demək istəmir? Hətta əksinə, buna görə Azərbaycan jurnalistlərini təhqir edir?
Səbəb aydındır: Rusiya XİN sözçüsünün qatı və pataloji erməni sevgisi. Kimsə fərd olaraq hansısa xalqa rəğbət göstərə bilər. Amma Zaxarovanın ermənipərəstliyi artıq şəxsi hüdudları aşıb və Rusiya XİN-in mövqeyi kimi görünməyə başlayıb.
Maraqlıdır, M.Zaxarovanın Dilqəm Əsgərovla bağlı suala bu cür kobud reaksiya verməsi haradan qaynaqlanır? Bəs, Azərbaycan mediasını aşağılayan rusiyalı diplomata qarşı Azərbaycan dövlətinin və ictimaiyyətinin reaksiyası qənaətbəxş oldumu?
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə "Şərq”ə açıqlamasında Rusiya XİN-in əməkdaşı Mariya Zaxarovanın azərbaycanlı jurnalistin sualını cavablandırarkən qeyri-adekvat, aqressiv münasibət nümayiş etdirməsinin onu təəccübləndirdiyini deyib.
S.Verdizadə təəssüflə qeyd edib ki, həmin tədbirdə Mariya xanım özünü Rusiya yox, Ermənistan diplomatı kimi aparıb: "Xanım Zaxarovanın bu hərəkəti diplomat etikasına ziddir. Rusiya təkcə regionun deyil, dünyanın aparıcı dövlətlərindən biridir. Bu dövləti təmsil edən diplomat tərəf tutmamalı, hissi davranmamalı, özünü soyuqqanlı aparmağı bacarmalıdır. Təəssüf ki, başda xanım Zaxarova olmaqla Rusiyanın siyasi elitasında təmsil olunan şəxslərin əksəriyyəti erməni təəssübkeşliyindən xilas ola bilmirlər. Nəticədə özlərinin vəzifə borcunu unudur, diplomata, dövlət xadiminə yaraşmayan hərəkətlərə yol verirlər. Hesab etmirəm ki, azərbaycanlı jurnalist sual verərkən qeyri-peşəkar davranıb. Həmin epizodda qeyri-peşəkar davranan biri vardısa, o da Mariya Zaxarova idi. Rusiya regionun ən böyük dövlətidir. Bu dövlət dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşının hüquqlarını qorumalıdır. Bunu ona xatırladan jurnalistə acıqlanmaq qeyri-peşəkarlıq əlamətidir”.
Azərbaycan ictimaiyyətinin haqlı olaraq, xanım Zaxarovaya sərt reaksiya verdiyini vurğulayan Mərkəz sədri deyib ki, indi jurnalist həmrəyliyinə əvvəlki dövrdən daha çox ehtiyac var: "Amma Mariya Zaxarovaya təkcə jurnalistlər, KİV-lər deyil, həm də ziyalılar, ictimaiyyət nümayəndələri, QHT-lər etiraz etməlidir. Rusiyanın hakim siyasi elitası anlamalıdır ki, hansı dövlətin vətəndaşı olmasından asılı olmayaraq, biz azərbaycanlılar həmişə öz soydaşlarımızın yanındayıq”.
"Zaxarovanın sərgilədiyi mövqe əslində xam manevr idi”. Bu sözləri isə "Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli deyib.
Redaktorun dediyinə görə, Mariya Zaxarova həm sosial şəbəkələrdə etdiyi çıxışlarda, həm də zaman-zaman rəsmi açıqlamalarında ermənipərəst olduğunu nümayiş etdirib. Bu səbəbdən onun azərbaycanlı jurnalistin erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovla bağlı sualına verdiyi anormal cavab çox da təəccüblü görünməməlidir: "Bir qayda olaraq bu tipli qərəzli şəxslər sanballı, tutarlı suallar qarşısında aciz qalanda təhqir, lağ-lağalar etməklə özlərinin iyrənc simalarını pərdələməyə çalışırlar. Mariya Zaxarovanın sərgilədiyi mövqe sübut etdi ki, Rusiya ona sərf etməyəndə bir dövlət olaraq öz vətəndaşına sahib çıxmayacaq qədər məkrli bir dövlətdir. Söhbət ondan gedir ki, Dilqəm Əsgərov Rusiya vətəndaşıdır və o, erməni girovluğunda saxlanılır. Məsələn, Bakıda bir Rusiya vətəndaşı xuliqanlıq edəndə və qanunla, hüquq çərçivəsində həbs olunanda Rusiya səfirliyi hay-küy salır. Bəs nədən Rusiya vətəndaşı olan Dilqəm Əsgərovla bağlı bu cür - Mariyanın öz dili ilə desək, xam mövqe sərgiləyir? Burada məsələ təkcə Azərbaycan jurnalistlərinə yanaşma deyildi, bu, sadəcə Zaxarovanın düşdüyü durumdan çıxmaq üçün etdiyi xam manevr idi”.
Mətbuat Şurasının sədri hörmətli Əflatun Amaşovun açıqlamasını xatırladan E.Məmmədli, hesab edir ki, Azərbaycan mediası da Zaxarovaya kifayət qədər cavab verib:
"Köşə yazarları da Zaxarovanın əslində özünün xam bir diplomat olduğunu isbatlayan yazılar yazdılar. Daha hansı addımların atılmalı olduğuna gəlincə, yaxşı olardı ki, Xarici İşlər Nazirliyi, səfirimiz Polad Bülbüloğlu burada söhbətin sırf Dilqəm Əsgərovdan getdiyini və Zaxarovanın sərgilədiyi mövqenin özünün yanlış olduğunu Rusiyanın müvafiq strukturlarına rəsmi məktub yazaraq bildirsinlər. Amma inanmıram ki, səfir Polad Bülbüloğlu bunu etsin, çünki o, hətta Rusiyanın xoşuna gəlməyən suallar verən azərbaycanlı jurnalistləri işdən çıxartdırır, nəinki etiraz edir”.
Modern.az saytının direktoru Elşad Eyvazlı hesab edir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın azərbaycanlı jurnalisti təhqir etməsi birdən-birə ortaya çıxan məsələ deyil:
"Bir müddət öncə Rusiya xarici işlər nazirinin azərbaycanlı jurnalistə cavabı və ardından həmin jurnalistin verdiyi suala görə qınaq obyektinə çevrilməsi, işdən kənarlaşdırılması buna zəmin yaratdı. Zaxarova gördü ki, ölkəsinin, dövlətinin maraqlarından çıxış edən jurnalisti öz həmkarları "daş-qalaq” etdilər. Bundan sonra biz Zaxarovadan nə gözləməli idik? Hesab edirəm ki, biz özümüz-özümüzə qiymət verməliyik. Yoxsa bu tipli mətbuat konfranslarının birində azərbaycanlı jurnalistin fiziki təzyiqlərə məruz qalmasının da şahidi olacağıq. Bu, məsələnin birinci tərəfidir”.
E.Eyvazlı diqqətə çatdırıb ki, son vaxtlar Rusiya siyasətində azərbaycanlılara qarşı aqressiya hiss olunur: "Bunların nəzərində biz öz haqqımızı tələb etməməliyik. Bunların fikrincə, biz deməməliyik ki, Qarabağ Azərbaycanın daxili işidir, Dilqəm, Şahbaz ata-babasının qəbrini ziyarət etməyə gedərkən öz torpağında Ermənistan tərəfindən girov götürülüb. Zaxarova bu cür açıqlaması ilə bütün diplomatik, etik qaydalarını pozdu, həm təmsil etdiyi qurumun, həm də özünün tərbiyəsini bütün dünyaya nümayiş etdirdi”.
Şəymən