“Aşıqların şouya qatılması yaxşı hal deyil”

Elxan Məmmədli: “Televiziyalara üz tutub deyirəm, muğamı təbliğ etdiyiniz kimi, sazı da təbliğ etmək lazımdır”


Aşıq musiqisi Azərbaycan mədəniyyətinin ən qədim, folklor sahələrindən sayılır. Aşıq sənəti musiqi, poeziya, teatr, pantamima və digər mədəniyyət eləmentlərini özündə birləşdirməyə qadir sənət növüdür. Türklərin ən qədim musiqi janrları sırasında aşıq musiqisinin, sazın xüsusi yeri var.

Hətta muğam musiqisindən də daha qədim kökə malik olan aşıq musiqisini bu gün bir çox türkdilli dövlətlərdə inkişaf etdirirlər. Bəs bu gün aşıq müsiqisinə diqqət, hörmət lazımi qədərdimi? Özünə aşıq deyən saz ifaçıları onların üzərinə düşən məsuliyyəti dərk edirlərmi? Ən önməlisi hər əlinə saz alana ustad-aşıq demək nə dərəcədə doğrudur? Elə aşıq sənətinin bugünkü durumu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnistitutunun Aşıq yaradıclığı şöbəsinin rəhbəri Elxan Məmmədli ilə söhbət etmək qərarına gəldik. Aşıq musiqisi barədə Elxan Məmmədlinin deməyə sözü çox oldu, bizim də ünvanlayacaq suallarımız.

- Baxın, əvvəllər meyxana populyar deyildi. Bakıdan başqa yerlərdə hətta meyxana desəydiniz, bilən olmazdı ki, bu nə olan şeydir. Televiziya kanalları təbliğ etməklə meyxananı populyar etdilər. Artıq saz sənətinin məkanı sayılan Borçalıda, Qazaxda, Gədəbəydə, Şirvanda olan ziyafətlərdə siz meyxanaçıları görə bilərsiniz. Amma aşıqları görməsəniz, təəccüblənməyin. Toylarda aşıqlar sıxışdırılır. Meyxanaçılara daha çox yer verilir. Çox təəssüf edirəm ki, özünə aşıq deyən, sazda ifa edənlər də aşıq sənətini, sazı arzuolunmaz şəkildə təqdim edirlər. Sazı hətta ayaqlarının arasında ifa edirlər. Saz - ifa üçündür, daha belə biabırçı formada oynatmaq üçün yox. Təsəvvür edin, onlar sazı çomaq kimi fırladır. Onlar aşıq yox, daha çox sirk ifaçısına bənzəyirlər. İstənilən halda bu, saz sənətinə olan hörmətsizlikdir, bu, aşıq mədəniyyətinə olan xəyanətdir. Bəli, məclislərdə saza qarşı çox hörmətsizlik görürəm. Toyda, səs-küydə, musiqi qavrayışlarının müxtəlif olduğu bir yerdə saza diqqət göstərilməsinə inanmıram. Hərənin öz musiqi dünyası var. El məclislərində sazı təbliğ etmək çox çətin məsələdir. Ora ancaq öz azuqəsi, gün-güzəranı, ruzisi üçün saz çalan insanlar gedir. Onlara mənim yazığım gəlir. Özümüz də toylarda olur və hər şeyi gözümüzlə görürük. İçki məclisində aşığa nə maraq olacaq ki?! Aşıq orda özünü aça bilmir. Gözəl saz ifaçılarını bu xalq böyük ürək genişliyi ilə qəbul edir, çünki sənəti yaradan da, yaşadan da xalqdır. Əgər kimsə məclisində sirk ifaçısı görmək istəyirsə, bu heç də o adamın saz ifaçısı olduğuna görə məşhurluğu demək deyil. Gərək insan ilk növbədə sənətin məsuliyyətini anlasın. Bəzən bu məsuliyyəti hiss etməmək nəticədə belə səhv düşüncəyə gətirib çıxarır, həm də insanların zövqünü korlayır.

- Hər əlinə saz alanı aşıq adlandırmaq olarmı? Bu gün yerindən duran özünə ustad aşıq deyir.

- Əslində əlinə saz götürüb efirdən səslənən, ekranda görünənlərin 90 faizdən çoxunu aşıq hesab etmək mümkün deyil. Aşıqlığın şərtləri var. Hələ yaxşı saz çalmaq, sazın müşayiəti ilə oxumaq aşıq olmaq sayılmaz. Aşıq hər şeydən əvvəl ustad dərsi keçməlidir. İllərcə ustaddan dərs almalıdır. Əsl aşıq ustadsız yetişə bilməz. Ustadsız aşığı inqibatorla müqayisə etmək daha dürüst olar. Nə yazıq ki, bu "inqibator”ların sayı bu gün az deyil.

Son vaxtlar ustad aşıqlara fəxri adların, Prezident təqaüdlərinin verilməsi, aşıq-ozan müsabiqələrinin, saz məclislərinin keçirilməsi, musiqi məktəblərində aşıq musiqisinin tədris olunması, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənəti kafedrasının yaradılması təqdirəlayiqdir. Lakin telekanallarda aşıq yaradıcılığının zəif təbliği arzuolunmazdır. Televiziyalarda aşığı tərpənməyə qoymurlar. Bəzən də onları şouya qatırlar. Aşıqların şouya qatılması təbii ki, yaxşı hal deyil. Televiziyalara üz tutub deyirəm, muğamı təbliğ etdiyiniz kimi, sazı da təbliğ etmək lazımdır. Muğamın təbliğinə çox sevinirəm. Amma bu diqqət saza da göstərilməlidir. Aşıq sənətini dünyaya tanıtdıra bilmişik. Azərbaycan aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Arzuolunan olardı ki, özümüz də aşıq sənətimizi sevək, qoruyaq”.

Qaldı ustad aşıqlara, Azərbaycanda bu gün barmaqla sayılacaq qədər ustad aşığın adını çəkə bilərik. Bu gün Gəncədə ustad Mais var, ağzından dür tökülür. Onu ustad adlandırmaq olar. Hansı dastanı desən, sənə onu ifa etsin. Ustad elə-belə yaranmır axı. Mən kimləri görmüşəm. Dünən yerindən duranlar bu gün efirdə özlərini ustad kimi qəlmə verəndə, təbii ki, biz narahat olmalıyıq. Əvvəllər Mədəniyyət və Turizm Nazirliyi iki ildən bir gənc aşıqların müsabiqəsini keçirirdi. Mən münsif qismində iştirak etmişəm. Ordan ən yaxşılarını seçirdik. O da irəliləyiş idi. İndi artıq bu da keçirilmir.
Muğam sənəti niyə inkişaf edir? Çünki hətta sovet dönəmində də muğama diqqət var idi. Muğam sənətinin bir sistemi qurulub, bu, illərə köklənib. Asəf Zeynallı adına musiqi məktəbi fəaliyyətə başlayndan orada ustadlar dərs deyib. Xan Şuşinski kimi dahilər orda muğamı tədris ediblər. Bu gün də muğam sənətinə böyük məsluliyytlə diqqət yetirilib. Ona görə də muğam sənəti bu gün yüksək zirvədə yer ala bilib. Aşıq musiqisi isə ortalıqda qalıb. Aşığa şəhərdə əvvəllər yuxarıdan-aşağı baxardılar. Aşıq görəndə ona münasibət birmənalı dyeildi. Bu gün bir az fərq olsa da, yenə də muğam sənəti qədər inkişafı üçün addımlar atılmır.

- Bəlkə muğam ifaçıları muğamı yüksək tutmağa çalışıblar, amma bəzi aşıqların sayəsində aşıq sənətinə münasibət fərqli olub.

- Hardasa bəli. Bəzi dırnaqarası aşıqların "Əməyi” nəticəsində aşıq sənətinə hörmət istənilən səviyyədə deyil. Misal üçün, bir saz ifaçısı var - Aşıq Mübariz! O, sazı ifa etmir, az qala çapır. İradımı bildirəndə də deyirlər ki, niyə bizim çörəyimizə bais olursuz? Mən həqiqəti deyirəm, kimsə məndən inciməsin. Çayxanalarda saz çalanlar bu sənəti dəyərsiz edib. Belələrinə yanşaq deyirlər.

- Aşıq sənətinin inkişafı üçün nə etmək lazımdı?

- İlk növbədə istedadı olanları tapmaq, onlara şərait yaratmaq lazımdı. Muğam sənəti necə sistemli təşkil olunub inkişaf edirsə, aşıq sənətini də zamanla bu səviyyəyə gətirmək lazımdı. Bunun üçün gənclərə şərait yaratmaq, ali səviyyədə təhsil sistemi qurmaq, telekanallarda aşıq sənətinin inkişafı istiqamətində təbliğatı çoxaltmaq, mətbuatda bu məsələyə yer ayırmaq, istedadlı gənclərə dəstək olmaq lazımdı.

Tahirə Məmmədqızı