Neft hansı həddə qədər ucuzlaşa bilər ?- İlham Şaban izah edir




"Elektron birjalarda neftin qiymətinin ən aşağı həddi 46 dollar 80 sent olub”.
Bunu Sherg.az-a neftin qiymətinin azalmasının səbəblərindən danışarkən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. 

O bildirib ki, bu hal 2016-cıı ilin noyabr ayından sonra  neftin qiymətində ən aşağı həddir:

"Son iki gündür birdən-birə neftin ucuzlaşmasını müşahidə edirik. Bundan sonra neftin qiymətinin nisbətən artacağı gözlənilir. Məsələ bundadır ki, prosesə səbəb Amerika Birləşmiş Ştatlarındakı neft quyularında baş verən hadisələrdir. Mayın 3-də, axşam ABŞ Enerji Administrasiyası Amerikada neft ehtiyatları ilə bağlı özünün həftəlik proqnozunu açıqladı. Bundan öncə, həftənin əvvəlində analitiklər hesab edirdilər ki, Amerikanın neft ehtiyatları 2,3 milyon barel azalacaq. Bu azalma isə neftin qiymətinin artımına gətirib çıxaracaq. Əgər neft ehtiyatı azalıbsa, deməli neftə tələbat artacaq. Azalma haqqında rəqəm açıqlananda məlum oldu ki, neft ehtiyatlarının azalma həcmi cəmi 930 min bareldir. Yəni faktiki olaraq proqnozlaşdırılandan 2,5 dəfə az. Bu o deməkdir ki, sonrakı günlər artıq Amerika neft idxalını azaldacaq. Amerikaya gələn idxal həcmləri digər bazarlara yönələcək və o bazarlarda rəqabət güclənəcək. Bu proses isə neftin qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq. Ona görə treyderlər (əmtəə alverçiləri) qısa müddətdə neftin qiymətini minimuma endirdilər”.

Neft bazarını canlandırmaq üçün OPEK tərəfindən verilən məlumatların kifayət qədər olmadığını diqqətə çatdıran İ.Şaban deyib ki, OPEK ölkələrinin konfransına cəmi 20 gün qalıb, ancaq vəziyyətin necə olacağı bazar iştirakçıları üçün hələ də müəmmalıdır:

"Hasilat azalacaqmı?, hansı ölkələr azalda bilər? Ortada bununla bağlı mexanizm yoxdur. 6 ay bundan öncə isə toplantılar keçirilmişdi. Aktiv müzakirələr aparılmışdı. Maraq var idi. İndi isə bu dumanlıdır. Ona görə bazara müsbət siqnallar göndərmək lazımdır ki, bazar iştirakçılarında inam yaransın. Hələ ki, o inam yoxdur. Bazar iştirakçıları vəziyyətin yaxşılaşacağını hiss etsələr, müsbət dinamika hərraclarda , satışda özünü göstərəcək”.

Qeyd edək ki, ötən gün London birjasında Brent markalı xam neftin bir barelinin qiyməti bu il ilk dəfə olaraq 50 dollardan aşağı düşüb. Hazırda Brent nefti 49 dollar 80 sentə satılır.

Aysel Aslan