"Bakı Lift İdarəsindən dünən Sherg.az -da dərc olunan "Liftlə bağlı sherg.az-a şikayət olundu:" Hər an şaxtaya düşə bilərik" " başlıqlı məqaləyə reaksiya verilib.
Qurumun texniki şöbəsinin müdiri Əli Hənifəyev redaksiyamıza zəng edərək Xətai rayon sakinlərinin lift problemi ilə bağlı şikayətləri və ittihamlarına cavab verib. O, General Şıxlinski küçəsində yerləşən binaların 1984-cü ildən istismara verildiyini bildirib:
"Həmin binaların lift sisteminin bərpası və ya istismara yararlı olub-olmaması haqqında məsələlərə tək Lift İdarəsi nəzarət etmir:
"Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi ildə bir dəfə liftlərin təhlükəsizliyini baxış keçirib, dəqiqləşdirir və istismarına icazə verir. Əslində sakinlər düz deyir, liftlər köhnədir, bu danılmır. Amma əgər liftdə hər hansı texniki təhlükə potensialı yoxdursa, sadəcə o zaman liftin istismarına icazə verilir. Lift 2016-cı ilin oktyabr ayında sonuncu dəfə texniki baxışdan keçib. Texniki baxışdan keçirilmə isə ildə 1 dəfə aparılır. FHN bu ilin oktyabr ayına qədər hələ ki, liftin istismarına icazə verib. Ona görə də sakinlərin narahatlığına ehtiyac yoxdur. İndiyə qədər bizə bu ünvanlardan liftin dayanması, təhlükə baxımından heç bir şikayət daxil olmayıb. Bizim də həmin binanın sakinlərindən xahişimiz var. Başa düşürük, müəyyən çətinliklər var, lift və bina uzun müddətdir istismar olunur. Amma sakinlər də üzərinə düşən vəzifələri düzgün anlamır, yerinə yetirmirlər. Məsələn, dəfələrlə müşahidə etmişik ki, lift şaxtalarına zibil atılır, liftin düymələri yandırılır, kabinalar cızılır, qapılar sındırılır, həddən artıq yük yığılır. Kimsə yüksək mərtəbədə yaşayır, lift sərnişin lifti olduğu halda həddindən artıq inşaat materialları, sement, ev avadanlıqları yükləyir və bu lifti sıradan çıxarır. Yaxud, sakinlər liftlərin yerləşdiyi hissədə su çənləri qoyur. Su çəni daşır, liftin üzərinə tökülür. Liftin uzun müddət istismarı ilə əlaqədar belə problemlər də bizim işimizi çətinləşdirir. Belə neqativ hallar olmasa, sakinlər müəyyən qədər maariflənsələr, bu addımları atmasalar xidmət işləri müəyyən qədər asanlaşa bilər”.
Ə.Hənifəyev əlavə edib ki, gələcəkdə həmin liftlərin dəyişdirilməsi nəzərdə tutulub:
"Bu bizim planımızda var və yaxın illərdə həyata keçirməyi düşünürük. Biz də tərəfdarıq ki, bunlar dəyişilsin. Çünki bu zaman bizim üçün xidmət də asanlaşır”.
Aysel Aslan