"Bəzi qüvvələr pul alıb, insanlarımızı siyasi mühacir kimi xaricə aparıb..."




"Miqrasiya və ya başqa ölkəyə getmək hər kəsin şəxsi seçimidir”.

Bu barədə Sherg.az-a ölkədə bəzi qüvvələrin insanları müəyyən vəsait müqabilində xarici ölkələrə aparıb, işlə təmin etməsi məsələsinə münasibət bildirərkən millət vəkili Fazil Mustafa deyib. 

O bildirib ki, şəxslərin öz ölkəsində müəyyən problemləri olur və bunları həll etmək çətinləşir:

"İnsan özünə yer tapa bilmir, uğur qazana bilmir, başqa ölkədə bunu reallaşdırmaq istəyir. Ona görə, bu məsələdə bir qədər fərqli yol izləmək lazımdır. Ölkədə xüsusilə, gənclərin iş tapması, öz azadlıqlarını, hüquqlarını inkişaf etdirməsi üçün münbit şəraiti gücləndirmək lazımdır. Çünki gedənlər də hansısa ölkədə uğur qazanmaq riski ilə üz-üzədir. Heç kim əlacsız qalmasa, bu riskə getməz. 

O baxımdan mən qınayıcı bir şey söyləməkdə çətinlik çəkirəm. İnsanlar gərək fərqli yanaşsınlar. Məsələn, Çində orta və ali məktəbi bitirən hər kəs dərhal işlə təmin olunur. Hazırda işsizlik səbəbindən kimsə ölkəni tərk edirsə, biz ona deyə bilmərik ki, qal, ölkədə "başını girlə”. İnsan öz həyatını qurmalıdır. Ona görə də, mən bu məsəldə kimisə qınamaq riskini öz üzərimə götürmək istəmirəm. Daha münbit şərait yaratsaq, tam fərqli vəziyyət yarana bilər”.

Ayyət Əhməd