"Ermənistanda müdafiə naziri dəyişdikdən sonra qurumda problemlər hiss olundu”.
Bunu Sherg.az-a Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin birinci müavini, general-leytenant Enriko Apriamovun işdən çıxması ilə bağlı danışarkən ehtiyyatda olan polkovnik Şair Ramaldanov deyib.
O bildirib ki, keçmiş müdafiə naziri artıq müxalifətə keçib və Azərbaycanla bağlı müxtəlif fikirlər səsləndirib:
"Keçmiş nazirin sözlərinə görə, Ermənistan uzun müddət davam edən bu müharibədə heç nə qazana bilməyib. Böyük layihələrdən kənarda qalıb, iqtisadi cəhətdən geriləyib. Ermənistan özünün problemləri olduğundan Qarabağı təmin edə bilmir. Bu vəziyyət hazırda Ermənistan cəmiyyəti və dövləti üçün düzgün siyasət deyil. Məsələni dəyişmək və ya danışıqlara getmək lazımdır.
Bu mövqe tək Ermənistanın keçmiş müdafiə nazirinə aid deyil. Ermənistanda cəmiyyət iki yerə parçalanıb. Bunun əsas səbəbi Dağlıq Qarabağ münaqişəsi üstündə cəmlənir. Ona görə ki, Qarabağ bərbad haldadır. İnfrastruktur, yaşayış məntəqələri dağılır. Onu təmin edə bilmirlər. Maliyyə ayrılmır. Cəbhə bölgəsində, ön xətdə bəzi problemlər yaşanır. Ermənistan məcbur olur ki, Qarabağa göndərilən əsgərlərə 10 min dollar vəd etsin, onları xidmətə cəlb edə bilsin. Bu Ermənistandakı vəziyyətin ağırlığının sübutudur. Üstəlik Qarabağda hərbi xidmət keçən erməni əsgərlərin anaları da dövlətdən tələb edir ki, övladları gedib, başqa ərazilərdə deyil, Ermənistanda xidmət etsinlər. Bu əsgərlərin psixoloji durumuna da təsir göstərir”.
Ş.Ramaldanovun sözlərinə görə, Ermənistan üçün perspektiv yoxdur:
"Artıq Azərbaycan Respublikasının Prezidenti də son ismarıclarını verib. İrimiqyaslı təlimlər də Azərbaycanın hücum əməliyyatını seçdiyinin sübutudur. Müasir silahlar da Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün alınıb. Bunlar erməni müdafiə nazirliyində olan yüksək vəzifəli şəxslərin müqayisəsindən yayına bilməz.
Son günlər səslənən fikirlərdən bəlli olur ki, Rusiya da müəyyən mövqe tutub. 5 və ya 7 rayonun qaytarılması, danışıqların davam etdirilməsi istiqamətində açıqlamalar verilir. Bu da Rusiyanın müəyyən qədər məsələni sülh yolu ilə həll etmək fikrində olmasından xəbər verir.
Ümumiyyətlə, Ermənistan Müdafiə Nazirliyi bu saat pis vəziyyətdədir. Ermənistan cəmiyyətində mövcud olan ab-hava hərbidə də hiss olunur. Biz söylənən açıqlamaları bir tərəziyə qoysaq görərik ki, ermənilər özləri də artıq Azərbaycan mövqeyini üstün tuturlar. Onlar da ki,iddia edir ki, məsələni həll etmək lazımdır. Çünki bu insan itkisi ilə nəticələnən müharibəyə gətirib çıxaracaq.
Bu gün Azərbaycanın hərbi gücü, imkanları Ermənistandan qat-qat böyükdür. Beynəlxalq qurumların içərisində nüfuzu yüksəkdir. Statistik qiymətləndirməyə görə, Azərbaycan 35 pillə Ermənistandan irəlidədir. Müharibə Ermənistana itkidən başqa heç nə verməyəcək.
Sarkisyan klanı isə öz hakimiyyətinin vaxtını uzatmaq, sosial problemlərdən insanların fikrini yayındırmaq üçün Qarabağ problemindən yapışıb. Guya Azərbaycan Ermənistan sərhədlərinə yaxınlaşsa, Ermənistana hansısa təhlükə törədə bilər. Bununla insanları qorxu içərisində saxlamaq istəyirlər. Ölkə başçısı hərbçilərlə görüşündə səsləndirdiyi "Azərbaycan hərb yolu ilə məsələni həll etmək məcburiyyətində qalsa, işğalçıların daşı daş üstündə qalmayacaq” - fikirləri də müharibəyə hərtərəfli hazır olduğumuzun sübutudur.
Bizim silah-sursatımız, hərbi imkanlarımız buna imkan verir ki, qısa zamanda məsələni həll edək. Biz gözləyirik ki, onlar konstruktiv mövqe tutsun”.
Aysel Aslan