"Şagird ən bağışlanmaz iş də görsə, onun döyülməsi düzgün deyil"




"Bizdə hələ də müəllim-şagird münasibətlərində problemlər var”.

Bunu Sherg.az-a 2015-ci il, oktyabrın 14-də Biləsuvarın Əlimərdan Hüseynov adına Çaylı kənd orta məktəbində müəllimin şagirdi döyməsi nəticəsində şagirdin indiyə qədər həyatla ölüm-qalım çarpışmasına səbəb olmasına münasibət bildirərkən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib.

O bildirib ki, müəllimlərin çoxu hələ də uşağı subyekt kimi qəbul edə bilmir, şagirdin özü kimi bir insan olduğunu anlamır:

"Şagirdə obyekt, əşya münasibəti göstərilir. Sovet təhsil sistemində belə tendensiya mövcud idi ki, şagird dinməzdi, danışmazdı, müəllimin yanında öz fikrini söyləmək imkanı yox idi. Müəllim necə deyərdisə, şagird də o cür oturub, durardı. Ancaq zaman dəyişib. Hazırda bizdən şagirdlərlə pedaqoji əməkdaşlıq etmək tələb olunur. Həmin problemlər isə bu günə qədər müəllimlərimizin metodik davranışlarında görülür. Müəllimlərimiz şagirdlərlə öz aralarındakı münasibətləri sivil qaydada nizamlaya bilmir. Bundan irəli gəlir ki, şagirdlərə qarşı döymələr, təhqir etmələr, aşağılamalar istifadə olunur. Bununla şagirddə həmin fənnə, müəllimə, məktəbinə, hətta ailəsinə qarşı aqressiya yaranır. Həmin aqressiya varsa, sonradan bu birbaşa cəmiyyətə yönəlir. Gənclərin pis vərdişlərə, narkomaniya kimi hallara qoşulması həmin insani, humanist davranışları görməməkdən irəli gəlir. Məktəbdən başlayan bu situasiyalar uşaqları cinayət də daxil olmaqla neqativ davranışlara sövq edir. Buna görə problemlərin aradan qaldırılması, humanist yanaşma olmalıdır. Humanist yanaşma insanın insana olan sevgisi, münasibəti, qayğısıdır. Hətta şagird ən bağışlanmaz iş də görsə, müəllimin qeyri-insani davranışlarla şagirdi cəzalandırması düzgün deyil”.

Qeyd edək ki, sözügedən məktəbin bədən tərbiyəsi müəllimi Əzizov Elməddin Nürəddin oğlunun o zaman 10-cu sinif şagirdi olan Rəcəbli Əfsun İman oğlunu sinifdə vəhşicəsinə döyməsi uşağı bu günə kimi xəstəxana qapılarında qoyub.

Ayyət Əhməd